Jurnalist gecə ikən məhkəməlik oldu - "Prokurorluğun şəxsi məhkəməyə aparmaq səlahiyyəti yoxdur"
Sosial Media
Hərbi jurnalist Səxavət Məmməd Azərbaycan Ordusunun vəziyyəti barədə yazdığı məqalələrə görə 500 manat cərimə edilib.
Bu barədə o, dekabrın 20-də “Toplum TV”-yə açıqlamasında məlumat verib.
Jurnalistin dediyinə görə, dekabrın 18-də "Yenicag.az" saytında gedən son yazılarla bağlı Baş Prokurorluğa dəvət edilib.
“İzahatımı aldılar, daha sonra söhbət etdik. Orada da bildirdim ki, orduda baş verənlərlə bağlı yazdıqlarım uzun müddətli araşdırmanın nəticəsidir. Ardından məhkəməyə aparıldım. Gecə ikən məhkəmə keçirildi, 500 manat cərimə olundum. Məhkəmədə hakim vəkil istəyib-istəmədiyimi soruşdu, o vaxt kimisə narahat etmək istəmədim, özüm-özümü müdafiə etdim. Hakim yazıda rüşvətə toxunmağımla bağlı suallar verdi. Faktiki olaraq yazıda kimin kimə rüşvət verməsini yazmamışdım”.
Jurnalist Səxavət Məmməd zaman-zaman Azərbaycan Ordusunun problemlərini işıqlandırmasıyla, hərbi mövzularda verdiyi açıqlamalarla tanınır.
O bildirib ki, əvvəllər də hərbi mövzularda yazdığı məqalələrinə görə müxtəlif təzyiqlərlə üzləşib:
“Ordu generalı Nəcməddin Sadıqovun dövründə bir yazıma görə məhkəməyə verilmişdim. Məhkəmə ilkin qərarında iddiaçı tərəfin xeyrinə nəticə çıxarsa da, Appelyasiya Məhkəməsi sonda xeyrimə qərar qəbul etmiş, bununla da məsələ yekunlaşmışdı. Açığı, bu dəfə məhkəmə salonunda şikayətçi və ittihamçı tərəf yox idi”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi – informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə, yol verilməsinə görə məsuliyyət yaradır. Eyni zamanda qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilirlər.
Hüquqşünas Səməd Rəhimli baş verənlərin informasiya azadlığına əngəl yaratdığını söyləyir və bildirir ki, bu nümunədə ittihamçı tərəf çox güman, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.
“Çox güman ki, burada şikayət edən tərəf Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Prokurorluq haqqında qanuna görə, prokurorluq qanunu pozduğu təqdirdə jurnalisti çağırıb, ona xəbərdarlıq etməliydi. Bununla belə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də qanun pozuntusu iddiası ilə məhkəməyə protokol göndərmək səlahiyyətinə sahibdir. Normalda nazirlik protokolu tərtib etdikdən sonra məhkəməyə göndərməli, şəxsin məhkəməyə gəlməsi könüllü əsaslarla olmalıdır. Şəxs özü gəlmədiyi halda, polisin müşayəti ilə zorla məhkəməyə gətirilə bilər. Yəni Prokurorluğun şəxsi məhkəməyə aparmaq səlahiyyəti yoxdur”.
Hüquqşünasın sözlərinə görə, normalda inzibati xəta haqqında araşdırmanın müddəti 15 gündür.
“Görünür ki, məhkəmə bir gün ərzində işə baxıb, nəticə çıxarıb. Amma reallıqda ittihamın qiymətləndirilməsi bir gündən çox çəkməliydi”.
S.Rəhimli deyir ki, burada qüsurlu olan məqamlardan biri də şikayətçi olan tərəfin (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi-red) məhkəmədə iştirak etməməsidir:
“İnzibati Xətallar Məcəlləsinə görə, iddiaçı tərəf məhkəmə salonuna gəlməyə də bilər. Yəni məhkəmə ittiham olunana protokol haqqında məlumat verir və fikrini soruşur.
Avropa Məhkəməsi Azərbaycanda İnzibati Xətalar Xəcəlləsində bu cür qaydaların nəzərdə tutulmasının problemli olduğunu qeyd edir. Yəni, normalda iddiaçı tərəf də məhkəmədə iştirak etməldir. Amma qarşı tərəf sadəcə protokolu göndərir, məhkəmə də buna uyğun qərar çıxarır”.
Media eksperti Ələsgər Məmmədli də məsələyə münasibət bildirib.
Ekspertin sözlərinə görə, Səxavət Məmmədin araşdırma yazısına görə Prokurorluğa çağırılması və sonra məhkəməyə aparılıb İnzibati Xətalar Məcəlləsinin 388-1- ci maddəsi ilə cazalandırılması ifadə azadlığını zorlamaqdır.
“Yeni Media Qanunu layihəsini tərifləyənlər nəzərə alın ki, bu 388-ci maddə təriflədiyiniz Layihənin 15-ci maddəsinə məhz jurnalistləri cəzalandırmaq üçün "bəh-bəhlə" yerləşdirilib. (15.1.7. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına). Media Qanunu layihəsi qəbul olunmadan Prokurorluq artıq bunu əlində bayraq edib, heç bir məhkəmə araşdırması aparmadan, jurnalisti cəzalandırmaq üçün məhkəməyə zəruri "göstərişini" verib və dərhal yazının analizi aparılmadan, onun hansı hüquqa zidd olduğu, hansı sirri yaydığı müəyyən olunmadan cəza kəsilib. Budur, Yeni Media Qanunun ilk tətbiqi - qüvvəyə minməmiş, imzalanmamış. Əsərinizlə fəxr edin!”.
Jurnalist Səxavət Məmməd vəkillərlə, jurnalistlərlə məsləhətləşib növbəti addımlarını buna uyğun atacağını söyləyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
mfa.gov.az
Açıq mənbələrdən götürülüb