Siyasət

Kremlin təşəbbüsü ilə Soçi görüşü - Əliyev və Paşinyan razılığa gələ biləcəkmi?

24 Noyabr, 2021
1140

Rəsmi səhifə

“Noyabrın 26-da Soçidə keçiriləcək görüş Ermənistanın postmüharibə dövründəki təxribatlarının iflasa uğradığının və məğlub ölkənin çıxılmaz duruma düşdüyünün etirafı kimi də qəbul oluna bilər”.

Bunu siyasi ekspert Elçin Mirzəbəyli noyabrın 26-da Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinin iştirakıyla Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında  baş tutacaq görüşü “Toplum TV”-yə şərh edərkən deyib.

Kremlin noyabrın 23-də yaydığı xəbərə görə, Soçidəki görüş əsnasında tərəflər 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanan üçtərəfli sazişlərin həyata keçirilməsini müzakirə edəcək, regionda əmin-amanlığın möhkəmlənməsi və dinc həyatın axarına düşməsi üçün atılacaq addımları müəyyən  edəcəklər. Xüsusi diqqət isə ticari-iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı və bərpası məsələsinə yönələcək.

Qeyd olunub ki, Vladimir Putin Soçidə İlham Əliyev və Nikol Paşinyanla da ayrı-ayrılıqda görüşlər keçirəcək.

“Sərhəd və “Zəngəzur dəhlizi” ilə bağlı müzakirələr aparılacaq”

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, Soçidə baş tutacaq görüşün nəticələri barədə indidən nəsə demək çətindir:

“Görüşdə sərhəd və “Zəngəzur dəhlizi” ilə bağlı müzakirələrin aparılacağını ehtimal etmək olar. Çünki bu mövzular gündəmdədir. İki ölkə arasında sülh sazişinin imzalanacağına isə inanmıram.  Çünki sülh sazişinin imzalanması üçün təminat mövzusu da müzakirə edilməlidir. Buna nail olmaq bir qədər vaxt alacaq. Amma liderlərin qarşılıqlı şəkildə iki ölkənin ərazi bütövlüyünü tanıması nəticə hesab oluna bilər”.

Tofiq Zülfüqarov - BBC

E.Mirzəbəyli isə söyləyir ki, noyabrın 26-da baş tutacaq görüş ötən il “Ermənistanın imzaladığı kapitulyasiya aktı”nın davamıdır.

Onun sözlərinə görə, bu görüş məğlub Ermənistanın qalib Azərbaycanın irəli sürdüyü şərtlərə uyğun davranmağa məcbur olması, müharibə sonrası yaranmış reallıqların qəbul edilməsi mənasına gəlir:

“Kapitulyasiya aktının imzalanmasından keçən zaman kəsiyində, xüsusilə də son bir neçə ay ərzində bölgədə sülhün, əminamanlığın təmin edilməsində maraqlı olmayan dairələrin, həmçinin onların siyasi sifarişlərini icra edən erməni diaosporunun və lobbisinin atdığı bütün addımlar iflasa uğrayıb. Eyni zamanda həm Ermənistanın Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə həmsərhəd ərazilərində, həm də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində rəsmi Yerevanın həyata keçirdiyi və stimullaşdırdığı təxribatatların qarşısı alınıb”.

Elçin Mirzəbəyli - Açıq mənbələrdən götürülüb

Rusiyanın təşəbbüsüylə Azərbaycan və Ermənistan liderlərinin görüşünün noyabrın 9-da baş tutması gözlənilirdi. Amma bu, Ermənistan tərəfinin istəyilə noyabrın 26-na qədər təxirə salınıb. Baş nazir Nikol Paşinyan dünən, noyabrın 23-də verdiyi açıqlamada bildirib ki, noyabrın 9-u erməni xalqı üçün həddindən artıq ağır gün olduğunu görə, əgər əlahiddə qərarlar verilməyəcəksə, görüşün bir qədər sonraya təxirə salınmasını istəyib.

Bununla belə, Paşinyan qarşıdan gələn görüşlər barədə “dərhal nəticələr” gözləməmək barədə də çağırış edib:

“Mən hansısa konkret görüşdən, istər müsbət olsun, istərsə də mənfi, böyük gözləntilərə qapılmağı, sürətli həllər gözləməyi düzgün saymıram. Regionumuzda gərginlik var, biz isə onu aradan qaldırmaq üçün danışıqlar aparmalıyıq”.

Bunu da oxu: Paşinyan Moskvaya nə məqsədlə getmişdi? – Mətbuata açıqlanmayan detallar

Noyabrın 22-dən etibarən Ermənistanda, əsasən paytaxt Yerevanda etiraz aksiyaları keçirilir. Təşkilatçıların sözlərinə görə, aksiyaların keçirilməsində məqsəd sərhədlərin Ermənistanın maraqlarına uyğun gəlməyən demarkasiyası və delimitasiyasının qarşısını almaqdır. Etirazçılar Ermənistan və Azərbaycan arasında imzalanması ehtimal edilən sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edirlər.

Paşinyan isə noyabrın 23-də keçirdiyi mətbuat konfransın növbəti dəfə "Ermənistan ərazisindən hansısa dəhlizin keçməyəcəyini" bəyan edib. O, etiraz aksiyalarına münasibət bildirərkən deyib ki, əgər Ermənistan rəhbərliyi ölkənin maraqlarına uyğun gəlməyən qərarlar qəbul etsəydi, Azərbaycanla sərhəddə toqquşmalar baş verməzdi:

“Azərbaycan açıq-aşkar Ermənistana qarşı ərazi iddiaları irəli sürür. “Zəngəzur dəhlizi” və ya “Şərqi Zəngəzur” nə deməkdir? Bu terminləri kim uydurub? Bunların mənası nədir və dəhliz məntiqi nə deməkdir? Biz əvvəllər də bəyan etmişik, indi də bəyan edirik ki, məsələləri dəhliz məntiqində müzakirə etməmişik, etmirik və etməyəcəyik”.

İki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasından danışarkən isə, Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birlərinin ərazi bütövlüyünü 1991-ci ildə, SSRİ süqut edərkən, Müstəqil Dövlətlər Birliyinin formalaşması prosesində tanıyıblar. Bununla belə, o, Dağlıq Qarabağ və regional kommunikasiyaların açılmasının müxtəlif müzakirə metodları tələb edən ayrı-ayrı məsələlər olduğunu qeyd edib.

“Məgər "Artsax" (Dağlıq Qarabağ ərazi vahidinin ermənicə adı– red) ərazi məsələsidir? Bizim fikrimizcə, bu, ərazi məsələsi deyil. Artsax məsələsi hüquqi məsələsidir, onun ərazi ilə heç bir əlaqəsi yoxdur”.

“Putin Brüsseldə razılaşdırılacaq qərarların qarşısını almağa çalışacaq”

İlham Əliyev və Nikol Paşinyanın Avropadakı görüşü dekabrın 15-də gözlənilir. Tərəflər Avropa Şurasının rəhbəri Şarl Mişellə telefon danışığından sonra Brüsseldə Avropa Birliyinin Şərq Tərəfdaşlığı zirvəsi çərçivəsində görüşün keçirilməsi barədə razılığa gəliblər.

Bunu da oxu: “Zəngəzur dəhlizi”nin təməli qoyuldu – Bəs dəhlizin həqiqətən açılması ehtimalı varmı?

Paşinyan dünənki açıqlamasında bildirib ki, Brüssel görüşünün gündəliyində humanitar məsələlər, eləcə də Azərbaycanda saxlanılan erməni hərbçilərin qaytarılması məsələsi olacaq:

“Bizim ümumi vəziyyətdən doğan rəyimiz bundan ibarətdir ki, Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar daha sıx olmalıdır. Bu, müxtəlif situasiyaları həll etmək, həll yolları tapmaq və böhranlardan yayınmaq mümkün olsun deyə zəruridir”.

Soçidə və Brüsseldə keçiriləcək görüşlərlə bağlı danışarkən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi deyir ki, Rusiya prezidenti hansısa sənədin məhz onun təşəbbüsü ilə imzalanmasını və qərarların qəbul olunmasını istəyir: “Məsələ burasındadır ki, noyabrın 9-da nəzərdə tutulan Moskva görüşü baş tutmayıb və bundan sonra hər iki tərəf Brüsseldə görüşməyə razılıq verib. Putin bunu özünün beynəlxalq imici üçün zərbə hesab edir. Düşünür ki, heç olmasa Brüssel görüşündən əvvəl Azərbaycan və Ermənistan prezidentləri ilə şəkil paylaşmalıdır. Sosial şəbəkə dili ilə desək, qoy qıraqdan görsünlər ki, Putin onları başına toplayıb nəyisə müzakirə edir. Və Putin Brüsseldə razılaşdırılacaq qərarların qarşısını almağa çalışacaq”.

Seymur Həzi - Sosial Media

S.Həzi Brüssel görüşündən danışarkən isə, burada yeni qərarların elan edilə biləcəyini qeyd edib.

“Brüsssel Azərbaycan və Ermənistan arasında vəsitəçi olmadan münasibətlərin qurulmasına nail olarsa, bu çox ciddi uğur olacaq”, - deyə o vurğulayıb.  

Xatırlatma

II Qarabağ müharibəsi yekunlaşandan sonra Azərbaycan rəhbərliyi iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması, dövlət sərhədlərin müəyyən olunması və "Zəngəzur dəhlizi"nin açılmalı olduğu barədə bəyanatlar verir.

Ermənistan rəhbərliyi isə 10 Noyabr sazişində hər hansı "Zəngəzur dəhlizi"nin nəzərdə tutulmadığını bəyan edir

"Zəngəzur dəhlizi" ilə bağlı mübahisələr fonunda Azərbaycan və Ermənistan sərhədində vəziyyət tez-tez gərginləşir.

Bu il noyabrın 16-da iki ölkə sərhədində 44 günlük müharibədən sonra ən qanlı toqquşma baş verib. Nəticədə Azərbaycanın 7 hərbçisi həlak olub, 10-u yaralanıb. Ermənistan tərəfi isə 6 hərbçisinin həlak olduğunu, onlarla hərbçisinin Azərbaycan tərəfə əsir düşdüyünü bəyan edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo