Siyasət

KTMT-də sədrlik Ermənistana nələr vəd edir? - “Təşəbbüs Rusiyanın əlindədir” 

Vüsalə Mikayıl
17 Sentyabr, 2021
877

Açıq mənbələrdən götürülüb

"Müharibədə məğlub olan Ermənistan hər bir tribunanı anti-Azərbaycan kontekstində təqdim etmək üçün özündə mənəvi haqq hiss edir. Sual olunur: nə üçün Ermənistan bu güvəndiyi təşkilatdan 44 gündə arzuladığı dəstəyi qazana bilmədi?"

Bunu Milli Məclisin deputatı Zahid Oruc Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri seçilməsi xəbərini "Toplum TV"-yə şərh edərkən deyib. 

Sentyabrın 16-da KTMT-nin Tacikistan paytaxtı Düşənbədə keçirilən iclasında təşkilatın yeni sədrliyi Ermənistana verilib. 

“Şübhəsiz ki, KTMT-nin kollektiv qüvvələrinin potensialı modernləşdirilməli və inkişaf etdirilməli, müasir, o cümlədən pilotsuz uçan apparatlarla təchiz edilməli və idarə etmələri təkminləşdirilməlidir”. 

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan həmin iclasdakı çıxışında səsləndirib. Gələn il KTMT-nin növbəti sammitinin də Ermənistanda keçirilməsi planlaşdırılır. 

Bəs Ermənistanın növbəti bir il müddətində təşkilata sədrlik etməsi ona nələr vəd edir? 

Milli Məclisin deputatı Zahid Oruc “Toplum TV”-yə açıqlamasında KTMT-də sədrliyin rotasiya əsasında baş verdiyini deyir. O bildirir ki, bu əlahiddə olaraq Ermənistanın regiondakı nüfuzundan və Paşinyan hökumətinin siyasi kursundan asılı deyil: “Faktiki olaraq, məlum üzvlərin əlifba qaydası ilə növbəli şəkildə sədrlik həyata keçirməsi məhz belə bir dövrdə Ermənistanın üzərinə düşür. Amma gerçəkdə Ermənistanda bunu xüsusi müsbət hadisə kimi qələmə verirlər. Səbəb başa düşüləndir. 44 günlük müharibədə məğlub olan Ermənistan hər bir tribunanı anti-Azərbaycan kontekstində təqdim etmək üçün özündə mənəvi haqq hiss edir. Sual olunur: nə üçün Ermənistan bu güvəndiyi təşkilatdan 44 gündə arzuladığı dəstəyi qazana bilmədi? Nə üçün kollektiv müdafiə baş vermədi?” 

Zahid oruc - Açıq mənbələrdən götürülüb

Siyasi- şərhçi Şahin Cəfərli “Toplum Tv”-yə açıqlamasında deyir ki, KTMT-də lider dövlət Rusiyadır. Onun sözlərinə görə, bu təşkilat əslində Rusiyanın geopolitik maraqlarının həyata keçirilməsinə yönəlib: “Ona görə də bu təşkilatda qərarların qəbulu zamanı digər dövlətlərin ciddi rolu yoxdur. Bu baxımdan Ermənistanın sədrliyi də təşkilatın siyasətində hansısa bir dəyişikliyə səbəb ola bilməz. Sədrlik formal baxımdan həmin ölkəyə müəyyən səlahiyyətlər verir”. 

Ş. Cəfərli bu səlahiyyətlər arasında təşkilatın toplantılarında gündəliyin müəyyən olunması, toplantılararası dövrdə cari fəaliyyətlərin əlaqələndirilməsini sadalayır və əsas məsələnin qərarların qəbulu olduğunu deyir. “Təşəbbüs Rusiyanın əlindədir. Bu baxımdan sədrliyin Ermənistana nəsə qazandıracağına şübhə edirəm. Ermənistan təkbaşına bu təşkilatı öz maraqları naminə istifadə edə bilməz. Təşkilatın gücünü Azərbaycana qarşı yönəldə bilməz. Ona görə mən Ermənistanın sədrliyinin bu ölkəyə nəsə qazandıracağına inanmıram”, - ekspert öz qənaətlərini bölüşür.

Z.Oruc da bu təşkilatın əsas xəttini Rusiyanın müəyyən etdiyin deyir: “Rusiya regionda da, sülhyaradıcı qüvvə kimi Ermənistan və Azərbaycan arasında yerləşməklə də bundan sonrakı proseslərin yenə də Kremldə müəyyənləşəcəyindən xəbər verir. Paşinyan həmin təşkilatda həlledici dövlətin səsi deyil”. 

KTMT 1992-ci ildə hərbi ittifaq kimi yaradılıb. 1994-cü ildə Azərbaycan bu ittifaqa qoşulsa da, 1999-cu ildən təşkilatdan ayrılıb. Belarus, Tacikistan, Türkmənistan, Ermənistan, Qazaxıstan və Rusiya hazırda ittifaqın üzvüdür. KTMT-nin nizamnaməsində göstərilir ki, bütün üzv ölkələr güc tətbiq etməkdən çəkinməlidirlər. Müddəalar arasında üzv ölkələrin hər hansı başqa hərbi ittifaqa və ya ölkə qruplarına qoşulmamaq qadağası da var. Eyni zamanda üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu təşkilata üzv olan digər ölkələrə qarşı da aqressiya kimi qəbul edilir.

Zahid Oruc söyləyir ki, Ermənistan 44 günlük müharibədə üzv dövlətlərdən arzuladığı dəstəyi ala bilmədi: “Paşinyanın bu gün Tacikistanda bəyan etdiyi “bu cür təşkilatlar vahid baxış və strategiya hazırlamalıdırlar, mövqelər baş verməlidir” - məsələsinin açılımı bu anlama gəlir. Həqiqətən də onlar istəyərdilər ki, Belarus əsgəri gəlib Azərbaycan əleyhinə səngərdə yer alsın, o cümlədən digər ölkələrin əsgərləri. Məsələnin digər önəmli tərəfi isə ondan ibarətdir ki, təşkilatın kursunu, doktrinasını, hərbi cəhətdən gücünü müəyyən edən, əsgər sayına və strateji silahlara görə dominant olan Rusiya da Ermənistanın tərəfində döyüşmədi. Bu mənada Ermənistanın rəhbərlərinin mövqeyi başadüşüləndir”. 

Deputat Azərbaycanın həmin qurumda yer almasa da, üzv dövlətlərlə yüksək münasibətlərə sahib olduğundan danışır və Ermənistanın sədrliyinin nominal xarakterli olduğunu bildirir. “Həmin qurumda Paşinyanın candərdi bəyanatlar verməsi əsasızdır. Guya KTMT üzvləri onların səngərində oturub bundan sonra Ermənistanın taleyi və avantüralarına görə canını verməlidir?  Mənə elə gəlir ki, tacik anası, belarus atası, qazax valideyni övladlarının belə döyüşlərə qatılmasına yox deyəcək”.

Şahin Cəfərli - Sosial Media

Ş.Cəfərli Paşinyanın nitqində “pilotsuz uçan apparatlar”a və ümümilikdə müdafiə məsələsinə diqqət çəkməsini isə belə izah edir: “Müasir hərbi texnologiyalarla təchizat hazırda bütün dövlətlərin, o cümlədən Rusiyanın hərbi müzakirə siyasətində əsas yer tutur. Rusiyanın özü də zərbə dronlarına qarşı hələlik texnoloji həll yolu tapa bilməyib. Ermənistanın da 44 günlük müharibədə dronlar qarşısında necə aciz vəziyyətə düşdüyü bəllidir. Əslində, Paşinyan burada müasir tendensiyalardan bəhs edib. Onun çıxışını KTMT-nin siyasətinə ciddi təsir edəcək və o siyasəti müəyyən edəcək çıxış kimi qiymətləndirmək lazım deyil”. 

Azərbaycan hansı addımları atmalıdır?

Z. Oruc Azərbaycanın alternativ siyasi, hərbi güc mərkəzləri ilə ən yaxşı münasibətləri qurmaqda davam etdiyini bildirir: “Əsas olan Ermənistanın hərəkətlərini izləməklə bərabər əsas dominatlığı, birinciliyi xarici siyasətdə də bizim əldə saxlamağımızdır. Ermənistan ikinci planda nəsə görməyə cəhd edəcək. Azərbaycanın xarici siyasət quruluşu düzgündür, hətta bunu ən skeptik qüvvələr və daxildə hakimiyyətin seçiminə razı olmayan müxalif dairələr də etiraf edirlər”.   

O, Azərbaycanın KTMT-dən fərqli mövqe seçməyində məqsədin, əslində, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı olduğunu da vurğulayır. “Azərbaycan vətəndaşlarının köçkünlüyünə, humanitar fəlakətinə səbəb olan bir dövlətlə eyni masa arxasında əyləşmək qeyri-mümkündür. 44 günlük müharibədən sonra ermənilərin işğal altında olan torpaqlarımıza nələr “bəxş” etdiyini bilirik və arqumentlərimiz daha da qüvvətli səslənir”, - o əlavə edir. 

Şahin Cəfərlinin fikrincə isə Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərə daha çox önəm verməlidir: “İstər KTMT, istərsə də Avrasiya İttifaqı Birliyi ilə bağlı hansısa problemi olarsa, bunu Rusiya ilə ikitərəfli əsasda həll etmək optimal çıxış yoludur, nəinki bu təşkilatların qarşısında məsələ qaldırmaq. İkitərfli münasibətlərin böhrana daxil olmasına yol verməmək lazımdır”. 

O, bunun Qarabağdakı hadisələrə də birbaşa təsiri ola biləcəyini deyir və əks təqdirdə, Rusiyanın Qarabağda Azərbaycanın maraqlarına qarşı müxtəlif təxribatlar törətmək imkanlarına malik olduğunu bildirir. Ekspert son həftələrdə Rusiyanın Qarabağda baş verən provakativ addımlarını buna misal göstərir.

Siyasət

Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytardı

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycan beş erməni hərbçini Ermənistana qaytarıb. "Novosti Armeniya" xəbər verir ki, Bakıdan qalxan və göyərtəsində erməni hərbçilər olan təyyarə Yerevana enib. Ermənistana qaytarılan hərbçilərin kimliyi də açıqlanıb: ▪️Ambardanyan Mels Karapetoviç ▪️Karapetyan Rafik Robertoviç ▪️Manukyan Jora Vanoeviç ▪️Manukyan Ovsep Robertoviç ▪️Soqomonyan Sedrak Samveloviç
Siyasət

Cinsi zorakılığa qarşı tək adamlıq aksiya keçirildi

19 Oktyabr 2021

Sosial Media

Gender fəalı Gülnarə Mehdiyeva bu gün Bakıda, Prezident Administrasiya yaxınlığında təkbaşına aksiya keçirib. Fəal “Azyaşlını zorlayan niyə azaddır?” şüarı yazılan plakat qaldıraraq rəsmi qurumlardan yetkinlik yaşına çatmayan Sənay Yağmurun (Qəhrəmanlı) təcavüzü ilə bağlı əməli fəaliyyət tələb edib.  G. Mehdiyeva "Feysbuk"un canlı yayımında bildirib ki, ölkə rəhbərliyi Sənay Yağmurun məsələsinə müdaxilə etməli və təqsirkarın cəzalandırılmasını təmin etməlidir, əks halda bu, cinayətkarı himayə etmək demək olacaq. “Həmin insan nə qədər ki, azadlıqdadır, biz hamımız təhlükədəyik”, - deyə fəal vurğulayıb.  Polis əməkdaşları plakatı fəalın əlindən alaraq, onu naməlum istiqamətə aparıblar. DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, Mehdiyeva saxlanılmayıb. Bölgədən uzaqlaşdırılaraq sərbəst buraxılıb. Ötən...
Seçilmiş Videolar