Siyasət

Lavrov Bakıya niyə gəlib?

Aytac Məmmədli
11 May, 2021
239

Sosial media

"Lavrovun dərdi Ermənistanda baş tutacaq seçkilərdə Rusiyanın mənafeyini təmin etməkdir".

Hüquqşünas Rəşid Hacılı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya ikigünlük səfərini "Toplum TV"-yə şərh edərkən belə deyir.

R. Hacılının dediyinə görə, Lavrovun səfərinin əsas mövzusu Azərbaycan-Ermənistan münasibətləri, hədəfi isə Rusiyanın regionda çəkisini qoruyub saxlamaqdır.

Rəşid Hacılı- Sosial media

"Hazırda Yerevanda ağır siyasi proseslər gedir, seçkilər yaxınlaşır. Rusiya da maksimum dərəcədə çalışır ki, seçkilərdə mənafeyini qorusun. İstəyir ki, öz əlaltısı olan Robert Köçəryanın dəstəsi güclü müxalifətə çevrilsin, bununla da hakimiyyətə gələcək qüvvə Rusiyanın yolundan sapmasın. Yəni Lavrovun əsas dərdi budur. Azərbaycan isə İrəvanın daxili siyasi prosesində əsas mövzudur - ordakı siyasi çəkişmələrdə 44 günlük savaş, Qarabağ mövzusu, Azərbaycan və Türkiyə ilə gələcək münasibətlər, o cümlədən də Qarabağdakı erməni əsilli əhalinin taleyi, erməni hərbçilərinin geri qaytarılması və sairə müzakirə olunur".

R.Hacılının qənaətincə, Lavrov Azərbaycana məhz Ermənistandakı mövzuları davam etdirmək üçün gəlib və Yerevanda Rusiyanın nüfuzunun güclənməsi üçün zəruri olan məsələlər barədə danışıb: "Nazir Rusiya tərəfdarlarını ehtizaza gətirə bilmək üçün nələrdən danışmalı idi? Təbii ki, Dağlıq Qarabağın gələcək statusu, Minsk qrupu və Azərbaycanda saxlanan erməni hərbçilərdən. Amma bunları edə bilmədi".

Hüquqşünas deyir ki, danışıqlar əslində Lavrov hələ Bakıya gəlməmişdən əvvəl başlayıb: "İlham Əliyev bir gün əvvəl Naxçıvanda olarkən suallara sərt cavablar verməklə, Rusiya xarici işlər nazirini bu məsələlər barədə danışmaqdan çəkindirmişdi, demişdi ki, Azərbaycanda Dağlıq Qarabağ adlı münaqişə yoxdur, kim statusdan danışırsa, buyursun, öz ölkəsindən danışsın, orada ermənilərə hansı status istəyir versin, bizim işimizə qarışmasın, Azərbaycan ərazisində status olmayacaq. Bu həm Rusiyaya, həm də Minsk qrupu həmsədrləri olan digər ölkələrə sərt mesaj idi. Təsadüfi deyil ki, Lavrov da o barədə heç nə danışmadı. Əliyev görüşdə "Azərbaycanda hərbi əsir yoxdur" deməklə Lavrovu bu məsələ haqqında danışmaqdan çəkindirdi".

R. Hacılının sözlərinə görə, savaşdan sonra kommunikasıyaların açılmasında aktiv görünən Rusiya indi Ermənistanda daxili siyasi çəkişmələrin neqativ təsirindən çəkinərək bu məsələ barədə dolaşıq, yayğın fikirlər səsləndirir: "Lavrov yalnız sual verildiyinə görə bir-iki konkret məsələyə toxundu, məsələn, Zəngəzur dəhlizi və ya ümumiyyətlə kommunikasiyaların açılması məsələsi. Amma o həm Yerevanda, həm də Bakıda suala birbaşa cavab vermədi və dedi ki, bu, tərəflərin razılığı ilə həllini tapmalıdır. Halbuki 10 Noyabr Bəyannaməsində tərəflərin bu barədə iradəsi açıq ifadə olunub. Eləcə də minalanmış sahələrin xəritəsinin verilməsi ilə bağlı suala cavab vermədi”.

Azər Qasımlı: “Rusiya hər şey edəcək ki, Dağlıq Qarabağ Azərbaycana, azərbaycanlılar da Dağlıq Qarabağa qayıtmasın”

Azər Qasımlı - Sosial media

Siyasi şərhçi Azər Qasımlı deyir ki, regiona nəzarəti əlində saxlamaq Rusiyanın dəyişməyən siyasətidir.

Onun sözlərinə görə, 10 noyabr sazişində əks olunan bir çox məsələ öz həllini tapmayıb - kommunikasiyalar tam olaraq açılmayıb, Dağlıq Qarabağın statusu məsələsi həll olunmayıb, Ermənistan əsirlərin qaytarılmasını tələb edir və s.

“Rusiya bu məsələləri çözməyə çalışır. Öncəliklə status məsələsinin həll olunmaması üçün hər şeyi edir. Naxçıvana gedən dəmiryolu Rusiya Təhlükəsizlik Xidmətinin nəzarətində olacaq deyə, kommunikasiya problemini də həll etməyə çalışır. Eləcə də əsirlərin qaytarılması üçün Azərbaycana təzyiqlər edir”,- siyasi şərhçi belə deyir.

A.Qasımlı Lavrovun səfəri nəticəsində əlahiddə dəyişiklik olmayacağı qənaətindədir: “Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi yenə də həll olunmamış qalacaq. Necə ki, Qarabağ məsələsi 30 il donduruldu, Dağlıq Qarabağ problemi də uzun illər sürəcək”.

Nahid Cəfərov: “Rusiya Ermənistanın maraqlarına uyğun davranır”

Nahid Cəfərov - Açıq mənbələrdən götürülüb

Siyasi şərhçi Nahid Cəfərov isə hesab edir ki, Rusiya indiki durumda ölkələr arasında balansı qorumağa çalışır.

Onun dediyinə görə, Ermənistan müharibədə məğlub tərəf olduğu üçün Rusiya daha çox bu dövlətin maraqlarından çıxış edir.

“Lavrovun səfərinin məqsədi əsasən kommmunikasiya xətlərinin çəkilməsilə bağlı yaranan problemləri aradan qaldırmaqdır. Rusiya çalışır ki, Ermənistana birbaşa getmək üçün Gürcüstandan keçməsin, çünki bu dövlətə güvənmir. Amma Azərbaycanla vəziyyət yaxşıdı, problem yaransa, bu tərəf boşluğu doldura bilər. Rusiyadan Ermənistana gedən qaz xəttində də təmir başlayıb deyə, Azərbaycan vasitəçi rolunu oynayır. Bütün bunlar Azərbaycanın yox, Ermənistanın maraqlarına daha çox uyğundur. Bununla da Rusiya balansı qorumağa çalışır. Çünki Ermənistan müharibədə Azərbaycandan daha çox itki verib”,- N.Cəfərov qeyd edir.

Prezident İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Qafqazda müharibə sonrası yaranmış yeni vəziyyət, region münasibətləri, Rusiyadan idxal edilən koronavirus vaksini və s. məsələlər müzakirə olunub.
 

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar