Siyasət

Legitimliyi olmayan Rusiya sülhməramlıları – rəsmi Moskva hansı təsirlərə məruz qala bilər?

Vüsalə Mikayıl
7 Sentyabr, 2021
1082

Açıq mənbələrdən götürülüb

İkinci Qarabağ müharibəsi artıq bir ilə yaxındır bitsə də, münaqişə bölgəsinə yerləşdirilən Rusiya sülhməramlılarının mandatı ilə bağlı hüquqi mexanizmlər hələ də müəyyənləşdirilməyib. Bugünlərdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə açıqlamasında deyib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə "müəyyən müzakirələr hələ davam edir".

Bəzi siyasi şərhçilər bu durumda sülhməramlı kontingentin legitimliyinin sual altına düşdüyünü bildirirlər. 

Beynəlxalq hüquq nə deyir?

Siyasi şərhçi Anar Məmmədli deyir ki, missiyanın mandatına aydınlıq gəlməsə, rəsmi Moskva gələcəkdə BMT-nin sülhyaratma missiyaları üzrə qaydalara, habelə ATƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülhyaratma prinsiplərinə dair tövsiyələrinə əməl etməməkdə ittiham edilə bilər. 

“Rusiya sülhyaratma missiyası mövqeyində iştirak edirsə, üzərinə götürdüyü prinsiplər BMT-nin prinsiplərinə uyğun olmalıdır. BMT-nin isə sülhyaratma missiyaları ilə bağlı konkret kriteriyaları var. Bu kriteriyalardan biri də yerləşdiyi ərazidə sülhyaratma missiyasının həmin ölkənin milli qanunvericiliyinə, onun suverenlik haqlarına hörmət bəsləməsi məsələsidir”. 

Anar Məmmədli

A.Məmmədlinin sözlərinə görə, ATƏT maraqlı tərəflərin, xüsusilə də Minsk qrupu üzvlərinin gələcəkdə sülhyaratma missiyasında iştirakının qəbuledilməz olduğunu dəfələrlə səsləndirib: “Bununla bağlı dəfələrlə belə tövsiyyələr səslənib. Amma zaman keçdikçə münaqişənin həlli yolunda sülhyaratma yönündə ciddi əməli fəaliyyət olmazsa, o zaman Rusiya sülhməramlı kontingentinin mövcudluğu məsələsi müzakirəyə çıxarıla bilər. Bu baxımdan, gələcəkdə sözügedən məsələdən Rusiyaya qarşı siyasi təzyiq kimi istifadəsi mümkündür”.

“Azərbaycanın hüququ var, amma praktikada...”

Siyasi şərhçi Şahin Cəfərli isə Rusiya sülhməramlılarının mandatı ilə bağlı məsələ həll olunmasa belə Azərbaycanın beynəlxalq müstəvidə rəsmi Moskvaya qarşı iddia qaldıracağını güman etmir.
 
“Açıq deyək, bu, çətin məsələdir. İlk növbədə, bu, o halda ola bilər ki, Azərbaycan dövləti açıq-aşkar həmin beynəlxalq qurumlarda Rusiya əleyhinə məsələ qaldırsın. Məsələn, Azərbaycan  sülhməramlıların çoxmillətli kontingentlə əvəzlənməsi ilə bağlı məsələ qaldıra bilər. Bu isə Rusiyanın maraqlarına qarşı məsələ qaldırmaq anlamına gəlir. Azərbaycanın hüququ var, amma bunu praktikada həyat keçirmək çətindir, hətta mən deyərdim ki, qeyri-mümkündür. Rəsmi Bakı belə bir addım atsa, onda Rusiya ilə gərginlik yaranacaq”. 

Ş.Cəfərli belə gərginliyin Azərbaycana yaxşı heç nə vəd etmədiyini düşünür. Onun fikrincə, bu vəziyyətdə Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı ssenariləri işə salmasına bəhanə yaranacaq. Politoloq rəsmi Bakının Moskva ilə münasibətləri pisləşdirməmək və qarşı tərəfə bəhanə verməmək üçün belə addım atmayacağı qənaətindədir: “İlham Əliyev Rusiyanı çox yaxşı tanıyan siyasətçidir. Rusiyanın postsovet məkanındakı sülhməramlı əməliyyatlar taktikası da hamıya məlumdur. Gərginliyin yaranmaması üçün Əliyev bunları nəzərə alacaq”.

Şahin Cəfərli - Sosial Media

Şahin Cəfərli Rusiyanın bu konfliktdə neytral olmadığını,  münaqişə tərəflərindən birinin müttəfiqi və bölgədə çox ciddi maraqları olan ölkə olduğunu və bu amillərin ona təkbaşına sülhməramlı missiya həyata keçirməyə imkan vermədiyini vurğulayır. 

“Rusiya sülhməramlılarının nəyi edəcəkləri və edə bilməyəcəkləri ilə bağlı hüquqi çərçivə olmadığından faktiki olaraq istədiklərini edirlər. Bu fəaliyyət əslində qanunsuzdur və heç bir hüquqi təmələ söykənmir. Amma reallıq belədir ki, bəyanata əsasən münaqişə bölgəsinə gəliblər və orada nəzarət etdikləri ərazi yaradıblar, həmin əraziyə də Azərbaycan dövlət orqanları daxil ola bilmir”, - siyasi şərhçi bildirir.

“Hələlik buna zərurət yoxdur”

Deputat Fazil Mustafa hesab edir ki, Azərbaycan beynəlxalq qurumların rus sülhməramlıları haqqında nə deyəcəyini düşünməkdənsə, birbaşa Rusiya ilə məsələləri müzakirə edib həll etməlidir və bu, Azərbaycanın maraqlarına daha çox uyğundur.

“Bu müstəvidə məsələni qaldırsaq, bizim dəstəyimiz artacaq? Yox. Avropa Şurasında da, ATƏT-də də ermənipərəst mövqe kifayət qədər güclüdür və 30 ildə onların ortaya qoyduğu yanaşma da bəllidir. Təbii ki, Rusiyanın Ermənistana dəstək verməsi faktdır. Biz bu məsələni mürəkkəbləşdirib beynəlxalq təşkilatlar səviyyəsində hansısa bir problemə çevirməməliyik. Biz elə etməliyik ki, Rusiya ilə sona qədər bu problemin həlli istiqamətində anlaşmaya varaq”.

Fazil Mustafa - Sosial Media

Deputatın qənaətincə, Azərbaycanın  atacağı tədbirlər barədə ətraflı düşünməlidir: “Rusiya sülhməramlılarının müvəqqəti statusu var və bu statusa yönəlik davranışlarımızı hüquqi cəhətdən möhkəmlətməliyik. Əgər hansısa bir statusdan kənara çıxırsa, onda Azərbaycan bəlli bir hüquqi addımlar atmağa başlamalıdır. Amma hələlik buna zərurət yoxdur”. 

Rusiya sülhməramlılarının legitimlik məsələsinə toxunan deputat bunun bəyanatda nəzərdə tutulduğunu, amma ayrıca bir sənədin imzalanmasının yenə də Azərbaycanla Rusiya arasında mümkün olacağını deyir: “Hələlik elə bir konfliktli situasiya yoxdur ki, bu sənədin qəbulundan imtina olunsun”. 

Azərbaycanın şərtləri nələrdir? 

Bölgədə statusu bəlli olmayan kontingentin yerləşdirilməsi ilə bağlı narahatlıq doğuran məqamlardan biri də atəşkəsin pozulması ehtimalının yüksək olması ilə bağlıdır. Bu durumda Bakı Moskva ilə sülhməramlıların mandatı ilə bağlı sənədi imzalamağa tələsməlidirmi?

Siyasi şərhçi Anar Məmmədli hesab edir ki, ilkin mərhələdə bölgənin hərbsizləşdirilməsinə nail olunmalıdır.

Şahin Cəfərli isə sülhməramlıların mandatı ilə bağlı sənədin imzalanmamasını rəsmi Bakının Moskvanın təklif etdiyi şərtlərlə razılaşmaması ilə izah edir.  O, erməni mənbələrində Azərbaycanın  sənədi imzalamaq üçün 3 əsas şərt irəli sürdüyü barədə yayılan məlumatlardan danışır: “İlk şərt Qarabağdakı bütün erməni silahlı dəstələrinin münaqişə zonasından çıxarılmasıdır. İkinci şərt kimi Laçın dəhlizi üzrə Azərbaycanın suverenlik hüquqlarının bərpası, ordakı gediş-gəlişə Azərbaycanın nəzarət etməsi göstərilir. Üçüncüsü, Xankəndində yerli idarəçilərin Azərbaycan dövlətinin razılığı ilə təyin olunmasıdır. Bütün bu şərtlər həm Laçın koridorunda, həm də hazırda sülhməramlıların nəzarətində olan Qarabağ ərazilərində Azərbaycan dövlətinin suverenliyinin bərpasına yönəlib. Əks halda Azərbaycan yəqin ki, həmin sənədə imza atmayacaq. Bununla da bölgədə olan sülhməramlıların fəaliyyətinin faktiki olaraq hüquqi təməli olmayacaq”. 

Fazil Mustafa isə şərtlər irəli sürülən zaman Azərbaycanın milli maraqlarının qorunması istiqamətində addımlar atmağa davam edəcəyini güman edir: “Konkret şərtlər arasında Rusiya kontingentinin sırf sülhməramlı kimi fəaliyyət göstərməsi və tərəfsizliyini qoruması anlayışı hakim olmalıdır. Rusiya sülhməramlıları beynəlxalq missiyanın qəbul etdiyi formada, tipik sülhməramlı kontingent deyil. Real vəziyyətə görə qəbul olunmuş sülhməramlı statusudur və Azərbaycan da bunu qəbul edib.  Ona görə biz bunu dəqiqləşdirmək üçün yeni müzakirələr aparıb konkret uyğun sənədin qəbul olunmasına çalışacağıq”. 

Azərbaycanla Ermənistan arasında ötən il sentyabrın 27-də başlanan müharibə 10 Noyabr bəyanatının imzalanması ilə başa çatıb. Üçtərəfli bəyanata görə, münaqişə bölgəsinə Rusiya sülhməramlıları yerləşdirilib.

Siyasət

Rusiya sülhməramlılarının komandanı yenə dəyişdi

25 Sentyabr 2021

APA

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir. APA-nın məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib. Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.
Siyasət

Həbsdəki sabiq məmurların xaricdəki vəsaitləri geri qaytarıla bilərmi?

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

"Burada milyonlarla məbləğdən söhbət gedir. Bunlar müsadirə olunmalı və dövlətə qaytarılmalıdır”.  Bu fikirləri “Toplum Tv”-yə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi məsələsini şərh edərkən deyib. Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev sentyabrın 24-də mətbuata açıqlamasında bildirib ki, məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görülür. Vüqar Əliyevin sözlərinə görə, bu hallarla bağlı artıq xarici dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib. Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, qanunla nəzərdə tutulmuş...
Seçilmiş Videolar