“Lüksemburqa uduzmaq ayıb deyil, amma məğlubiyyətlər sistematikdirsə, bu, artıq faciədir”
Rəsmi səhifə
Rəşad Ergün: “Azərbaycanda yarıhəvəskar futbolçulara o qədər pul verirlər ki, əksəriyyəti Biləcəridən o tərəfə çıxmaq istəmir”
Dünya Çempionatının seçmə oyunları mərhələsində Lüksemburqla səfər matçında Azərbaycanın futbol üzrə yığma komandası tarixi ərzində ikinci dəfə ardıcıl 3 məğlubiyyət alıb. 7-ci dəfə mundialın seçmə mərhələsinə qatılan millimiz sentyabrın 1-də Luksemburqa 2-1 hesabı ilə məğlub olmaqla 5-ci dəfə startda qələbəyə həsrət qalıb.
“Toplum TV” məsələ ilə əlaqədar “Komanda.az” saytının baş redaktoru, idman şərhçisi Rəşad Ergünlə müzakirə aparıb.
Müsahibəni təqdim edirik.
- Azərbaycan futbol yığması niyə uğur qazana bilmir? Kim günahkardır - AFFA, baş məşqçi, yoxsa futbolçular?
- Təkcə AFFA-nı, baş məşqçini, futbolçuları da günahlandırmaq olmaz. Məsələ burasındadır ki, ölkədə baş verən bir çox şeylərin, sistemin futbola da ciddi şəkildə təsiri var. Rəqabətsizlik, korrupsiya, rüşvət, oğurluq halları, AFFA-da saxta seçkilər və sair. Bir misal deyim. Vaxtı ilə Premyer Liqada "İnter" və "Simurq" adlı klublar var idi. Onların prezidentləri indi bilirsiz hardadır? Həbsxanada. Korrupsiya, oğurluq və hansısa maddələrlə həbs olunublar. Ölkədə futbol adına yeganə uğurlu klub, şirkət, nə bilim, təşkilat "Qarabağ"dır ki, ona da kimlər rəhbərlik edir, bilirsiz. Vəssalam, qalan bütün klublar, futbol federasiyaları eyni gündədir.
- Lüksemburqa məğlubiyyəti biabırçılıq hesab edənlər var, amma Lüksemburqun heyətində Belçika, Fransa, Ukrayna və s. Avropa ölkələrinin birinci liqalarında oynayan futbolçular var. Onlara uduzmağı özümüzə həqiqətən utanc hesab etməliyikmi?
- Məsələ burasındadır ki, Lüksemburqun futbolçuları Avropa klublarında karyera qurmamışdan əvvəl Azərbaycanda futbol da var idi, futbolçu da. Amma onlar inkişaf etdi, biz yerimizdə saydıq. Bizim insanlar hələ də Lüksemburqun futbol adına "cırtdan" statusunda olduğunu düşünüb, buna görə davranırlar. Futbolda uduzmaq, hətta Lüksemburqa uduzmaq da ayıb deyil, amma bu məğlubiyyətlər sistematikdirsə, bu, artıq faciədir.
- "Qarabağ"ın timsalında görürük ki, klub səviyyəsində uğurlar qazana bilirik. Bəs nə üçün yığma səviyyəsində bu uğur təkrarlanmır?
- "Qarabağ"la suala artıq bayaq cavab verdim. Konkretləşdirsək, məncə, məsələ, elə rəhbərlikdədir. Nə qədər ağır olsa da, qəbul etməliyik - azərbaycanlıların idarəçi olduğu hər yerdə korrupsiya, oğurluq, fırıldaq var.
- Azərbaycanda yerli futbolçuların yetişməsi üçün kifayət qədər infrastruktur varmı? Uşaq futbolunun gələcəyi varmı? Görülən işləri nə dərəcədə qənaətbəxş hesab etmək olar?
- Uşaq futbolunun uğurlu olması üçün uşaq məşqçisinə normal məvacib verilməlidir. Bizdə bu varmı? Xeyr. Hələ mən onu demirəm ki, bizdəki uşaq məşqçiləri futbolu, xüsusən də, müasir futbolun tələblərini bilirlər, yoxsa yox. Uşaq məşqçiləri Niderland, Belçika, İngiltərə, Portuqaliya kimi ölkələrə göndərilməlidir ki, öyrənsinlər. İnfrastruktura gəlincə, hazırda ən yaxşı infrasrtuktur Qəbələdədir. Elə ona görə də, ordan az-çox futbolçu yetişir. Sizə bir məsələni deyim. Vaxtı ilə böyük bazaya sahib, Bakı-Sumqayıt yolunun yaxınlığında "Bakı" adlı klub var idi. Uşaq futboluna da diqqət göstərirdilər. Sonra o klub dağıldı, bazası, məşq meydançaları yerlə bir edildi, üzərində yaşayış kompleksi tikirlər. Futbola bu cür yanaşmanın olduğu ölkədə nədən danışa bilərik?
- Azərbaycan yığmasının heyətində "milliləşdirilmiş" əcnəbi futbolçular var. Sizcə, onların milliyə cəlb olunmasına ehtiyac varıydımı? Önlar öz oyunları ilə yığmaya nə dərəcədə töhfə verə bilirlər?
- Milli komandaya bu günə qədər cəlb olunmuş braziliyalılar, ruslar, ukraynalılar, afrikalılar, xorvatlara rəğmən, biabırçı oyunla, rüsvayçı nəticələrlə uduzmağa davam ediriksə, deməli, heç bir xeyirləri yoxdur və lazımsızdırlar.
- Hazırda Ermənistan yığması öz qrupunda 3 oyundan 3 qələbə ilə liderdir. Bundan əvvəl də Ermənistan yığma səviyyəsində müəyyən uğurlar ələ edə bilib. Ermənistan yığmasının yığma səviyyəsində yüksək nəticələr göstərməsinin səbəbi nədir? Onlarda bizdə olmayan nə var?
- Kim nə deyir desin, ermənilər peşəkarlıq baxımından bizdən daha üstündürlər. Hələ bizdə futbolda olan pulun bəlkə də, yarısı onlarda yoxdur. Yeri gəlmişkən, bizim evimizi yıxan şeylərdən biri də puldur. Azərbaycanda yarıhəvəskar futbolçulara o qədər pul verirlər ki, əksəriyyəti Biləcəridən o tərəfə çıxmaq istəmir. Bəli, ermənilərdə bizdə olmayan futbolçular var. Bizim futbolçulardan daha ağıllı, daha peşəkar olan, uğurlu karyera qurmaq üçün Avropaya can atan futbolçular. Bizdə isə onlarda olmayan Rövnəq Abdullayev, Elxan Məmmədov kimi illərdir kreslodan bərk-bərk yapışıb qalan yarıtmaz idarəçilər var.
- Azarkeşlər nə vaxt yığmadan müəyyən nəticələr gözləyə bilərlər?
- Azarkeşlər ölkədə futbola münasibət dəyişməyincə, milli komandadan uğur gözləməməlidirlər. Biz o azarkeşlərdən danışırıq ki, onlara milli komandanın uduzduğu oyunlarda "istefa" şüarı qışqırmaq qadağan edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Avropa İttifaqı Azərbaycanda qəbul edilən siyasi partiyalar haqqında yeni qanunu tənqid edib