Siyasət

Media haqqında yeni qanun layihəsindən narazılıq – “Layihədə xeyli mürtəce məqamlar var”

Vüsalə Mikayıl
10 Dekabr, 2021
1439

Açıq mənbələrdən götürülüb

“Əslində, qanun jurnalistlərin fəaliyyətini daha da rahatlaşdırmalı, səlahiyyətlər verməlidir. Bəli, qanun jurnalistə məsuliyyət də tanımalıdır. Amma o həm də  bizim fəaliyyət istiqamətlərimizi açmalıdır. Layihədə xeyli mürtəce məqamlar var. Hazırlayanlar da bilirlər ki, bu tip anti-demokratik yanaşmalar cəmiyyətdə haqlı olaraq müzakirələrə səbəb olacaq. Ona görə səkkiz ay gizli müzakirələr aparıblar”.

Bu fikirləri “Toplum TV”-yə jurnalist Seymur Kazımov Milli Məclisdə müzakirəsi aparılan “Media haqqında” yeni qanun layihəsini şərh edərkən deyib.

Bu gün, dekabrın 10-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitəsinin birgə iclasında “Media haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, Agentliyin digər rəsmi şəxsləri, media orqanlarının rəhbərləri, deputatlar və jurnalistlər iştirak edib.

Amma bir sıra media ekspertləri, jurnalistlər qanun layihəsinin öncədən ictimaiyyətə açıqlanmamasına etiraz bildiriblər.

Bunu da oxu: Azərbaycanlılarla ermənilər birgə yaşaya bilərmi? – Dövlət proqramı hazırlanır

Seymur Kazımov deyir ki, yeni qanun layihəsi geniş ictimaiyyətin müzakirəsinə təqdim edilməli idi, amma təəssüflər olsun ki, bu baş vermədi: “Əslində, Medianın İnkişafı Agentliyi layihənin müzakirəsini keçirib. Müxtəlif redaksiyalara gedərək müzakirələr aparıb. Amma bu belə olmalı deyildi. Media haqqında qanun bütün cəmiyyəti əhatə etdiyinə görə cəmiyyətin müxtəlif təbəqələri bu müzakirədə iştirak etməli idi. Media və media hüququ üzrə ekspertlərin fikirləri öyrənilməli idi”.

Seymur Kazımov 

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə “Facebook” hesabında belə yazır: “Qanun layihəsini əlimizdə çıraq 8 aydır axtarırıq, tapa bilmirik. Prezidentin yanvar 2021-ci ildə imzaladığı sənədə əsasən, Layihə 2 ay içərisində hazırlanmalı idi. Aprel ayından bəri MEDİA Agentliyi layihədən, onun "üstünlüklərindən" danışır, təbliğat aparır. Amma layihəni ortaya çıxarmır. Bir sözlə, layihə dövlət sirrindən daha qorunaqlı şəkildə mühafizə edilir”.

Ekspert məsələnin ən problematik tərəfi kimi Milli Məclisin özünün qəbul etdiyi qanunları pozmaqla MEDİA agentliyi ilə yarışa girdiyini qeyd edir:

“Agentlik Media haqqında qanunu layihəsini razılaşdırmağa göndərdiyi andan öz internet səhifəsində, Milli Məclis isə layihə daxil olub gündəliyə salındığı andan meclis.gov.az saytına yerləşdirilməli idi”.

Ələsgər Məmmədli - Açıq mənbələrdən götürülüb

Ekspertin vurğuladığı informasiya əldə etmək haqqında Qanunun 29 və 30-cu maddələrinin tələbləri isə aşağıdakılardır:

  • 29.1. Dövlət orqanları malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır;
  • 29.1.10. normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan;
  • 30.1. Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar İnternet informasiya ehtiyatlarında açıqlanmalıdır.

Qanun layihəsinin bu gün yayılmış mətninə əsasən jurnalistə aşağıdakı kimi tərif verilir:

  • 1.1.4. jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir.

S. Kazımov sual edir: “Məsələn, orada jurnalistə verilən bir tərif də var. Bunu niyə qanun halına salıblar? Jurnalistin mütləq əmək müqaviləsi olmalıdır? Yəni, bunlar doğru olmayan, antidemokratik, mürtəce yanaşmalardır. Bu nə deməkdir? Sabah müsahibimə zəng vuranda məndən əmək müqaviləsinin olub-olmadığınımı soruşacaq? Belə çıxır ki, qanun müsahibə bu hüququ verir”.

Bunu da oxu: 28 May Respublika Günü - tarixi günün adını dəyişdirməyə ehtiyac varmı?

Media eksperti Zeynal Məmmədli hesab edir ki, neçə vaxtdır bu söhbət getsə də, media orqanları da bunun müzakirəsini yetərincə aparmayıblar. “Bizim media orqanları qanun layihəsində nəyi görmək istədikləri ilə bağlı cəmiyyəti məlumatlandırdımı? Biz topu parlamentə tərəf atırıq, amma hələ bir özümüzdən danışaq. Media yetərincə bu məsələni müzakirəyə çıxardımı? Biz yetərincə cəhd göstərdikmi? Basqını, ictimai rəyi yaratdıqmı?”

Zeynal Məmmədli - Açıq mənbələrdən götürülüb

“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli qanun layihəsinin ictimai müzakirəsinin da hansısa faydasının olmayacağı qənaətindədir. O, bir çox məsələlərlə bağlı belə hallar baş verdiyini və ictimaiyyətin tənqidi və  iradının nəzərə alınmadığını deyir: “Burada “İctimaiyyətdən çəkinib qanunu müzakirəyə çıxarmayıblar” - demək yalnış olar. Yox, çünki bunlar ictimai maraqları ümumiyyətlə, nəzərə almırlar. “Ağanəzərəm, belə gəzərəm” prinsipi ilə hərəkət edirlər. Ənənəvi siyasət davam edir. Onsuzda medianı məhv ediblər, olmayan media haqqında qanun nəyisə dəyişəcək?Media siyasəti dəyişməlidir, qanun yox”. 

Rövşən Hacıbəyli 

R.Hacıbəyli düşünür ki, yeni qanun layihəsinin qəbul olunması üçün zərurət daha mürtəce əlavə və dəyişikliklər edilməsi üçün yaranıb.

Yazıçı-jurnalist, “Qaynarinfo.az” saytının baş redaktoru Zahir Əzəmət 9 dekabrda Media Agentliyində keçirilən iclasda müzakirələrin aparılacağı barədə məlumat verildiyini  deyir: “Bildirildi ki, müzakirələr gedəcək və Medianın İnkişafı Agentliyi fikirləri toplayıb işçi komissiyası və deputatlarla müzakirə edəcəklər. Amma layihəni incələməyə nə qədər vaxtımız qalıb, onu zaman göstərəcək”.

Zahir Əzəmət - Açıq mənbələrdən götürülüb

Z.Əzəmət də ictimai müzakirələrin aparılması qənaətindədir. O, həm də beynəlxalq ekspertizadan rəy alınmalı olduğunu bildirir: “Hədəf söz azadlığı ilə bağlı beynəlxalq indekslərdə vəziyyətimiz yaxşılaşmasına hesablanmalıdır. Bunun da yolu daxili müzakirələrdən və beynəlxalq ekspertizalardan rəy almaqdan keçir”.

Xatırlatma

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu ilin yanvar ayının 12-də media sahəsində islahatların dərinləşdirilməsi haqqında  fərman imzalayıb. Fərmana görə, “Media haqqında” qanun 2 ay ərzində hazırlanıb prezidentə təqdim edilməli idi.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranın izahat tələbinə cavab verib

31 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə İran XİN-in mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavab verib. Toplum Tv xəbər verir ki, bu barədə martın 31-də Azərbaycan XİN-dən məlumat verilib.  Ayxan Hacızadə Kənaniyə nazir Ceyhun Bayramovun İsraildə səfərdə ikən səsləndirdiyi fikirlərə diqqətlə qulaq asmağı tövsiyə edib. Onun sözlərinə görə, Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Buna görə də o, İran XİN-i tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndirib. https://toplum.tv/siyaset/piran-azerbaycandan-izahat-teleb-edirp "Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib. Bunun əksinə, son zamanlar İran ərazisindən...
Siyasət

İran Azərbaycandan izahat tələb edir

Toplum TV
31 Mart 2023

Rəsmi səhifə

Tehran İsrailin Azərbaycan ərazisindən İrana hücum hazırladığını bildirir və Bakıdan izahat tələb edir.  Toplum TV "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə martın 31-də İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kənani gündəlik brifinq zamanı  danışıb.  Kənani açıqlamasında deyib ki, İran "sionist rejimin Azərbaycan Respublikası ərazisindən İrana qarşı sui-qəsd hazırlamasına biganə qala bilməz" və o, Azərbaycan hökumətindən İsraillə əldə olunan razılaşmalarla bağlı izahat tələb edib. XİN sözçüsü xüsusilə İsrailin xarici işlər naziri Eli Koenin azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında işlətdiyi "Azərbaycan və İsrail İranın təhdidini bölüşür" ifadəsinə aydınlıq gətirilməsini tələb edib.  "Bu, sionist rejimin Azərbaycan Respublikası...

Seçilmiş Videolar

Toplum TV loqo