Siyasət

“Media haqqında” yeni qanunun təsdiqindən sonra... – “İnformasiya cəmiyyəti qurban verilə bilər”

Məzahir Abdurahmanov
11 Fevral, 2022
395

Rəsmi səhifə

"Zaman keçdikcə insanların azad informasiyaya tələbatı artacaq. Yeni texnologiyalar ortaya çıxacaq. Bunları nəzərə alsaq, bu qanunun işləməsində heç bir perspektiv görmürəm"

"Turan" İnformasiya Agentliyinin direktoru  Mehman Əliyev fevralın 8-də Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Media Haqqında" qanun layihəsini "Toplum TV"-yə şərh edərkən belə deyib.

Sənədin bir bəndində qeyd olunur ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) ləğv edilir, əvəzində Audiovizual Şura yaradılır.

Audiovizual Şuranın yaradılması mətbuatda nələri dəyişəcək?

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli hesab edir ki, bu qərar mətbuatda hansısa dəyişikliklərə gətirib çıxarmayacaq: "Şuranın indiki halda statusu daha da daralıb. MTRŞ ayrıca qanunla tənzimlənirdi. İstər Şuranın fəaliyyəti, istər müstəqilliyi aspektindən tam olmasa da, qanunvericilikdə müəyyən şərtlər var idi. Çünki 2002-ci ildə Azərbaycan Avropa Şurasına yeni girmişdi. Və onun kollegial qurum kimi formalaşması üçün öhdəliklər götürmüşdü. İndiki halda isə Audiovizual Şura ayrıca bir qurum kimi yox, mövcud qanunvericiliyin içərisində Prezident tərəfindən yaradılacaq, təyin ediləcək bir qurum mahiyyəti daşıyır. Onun struktur baxımından müstəqilliyinə dair heç bir müddəa yoxdur".

Ələsgər Məmmədli - Sosial Media

Müstəqil jurnlaist Alya Yaqublu zənn edir ki, şuralar arasında heç bir fərq yoxdur: "İş prinsipi dəyişmədikdən sonra, adı dəyişməyin heç bir mənası yoxdur. Bir qurum olaraq iş prinsipi, mahiyyət dəyişmirsə, qarşıya qoyulan məqsədlər hakimiyyətin tərifi, təbliği, olmayan uğurların insanlara təqdim edilməsi olacaqsa, dünyanın ən gözəl səslənən adı qoyulsa belə, heç nə dəyişməyəcək".

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç yanvarın 25-də Azərbaycan Prezidentinə yazdığı məktubda “Media haqqında” qanun layihəsini yenidən baxılması üçün Parlamentə geri qaytarmağa çağırmışdı.

Venesiya Komissiyasının saytında verilən məlumata görə, fevralın 2-də Venesiya Komissiyasına Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin sədri Piero Fassinonun sorğusu daxil olub. O, Azərbaycanda Milli Məclisin qəbul etdiyi “Media haqqında” yeni qanun layihəısi ilə bağlı Avropa Şurasının Venesiya Komissiyasının rəyini istəyib.

Bu barədə oxşar çağırışlar edən AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyir ki, Prezident İlham Əliyevin bu qanunu təsdiqləməsi onu təəccübləndirməyib:

“Çünki həmişə beynəlxalq ictimaiyyət və ya təşkilatlar hansısa addımları atmamağa çağıranda, Azərbaycan əksini edir. İnsan haqları komissarı, AŞPA-nın iki məruzəçisi cənab prezidenti bu qanunu təsdiqləməməyə çağırdı. Amma nəticədə yenə də qanun təsdiqləndi. Mən ümid edirdim ki, o təsdiqləməyəcək, amma nəticə mənim üçün surpriz olmadı”.

ABŞ-ın Azərbaycandakı səfirliyi də hökuməti "Media haqqında" yeni qanunu ATƏT standartlarına və öz beynəlxalq öhdəliklərinə uyğun şəkildə tətbiq etməyə çağırıb.

"Biz media haqqında yeni qanunun müstəqil jurnalistlərin, KİV sahəsində ekspertlərin və beynəlxalq təşkilatların, o cümlədən ATƏT və Avropa Şurasının fikri nəzərə alınmadan qəbul edilməsindən və imzalanmasından narahatıq. Prezident Əliyevin imzaladığı qanunu tədqiq etməyə davam edirik və səbrsizliklə bu və digər ekspertlərin bu qanunu təhlil etməsini gözləyirik", - deyə ABŞ səfirliyinin fevralın 10-da “Turan” agentliyinə verdiyi açıqlamada bildirilib.

ABŞ Səfirliyi ilə yanaşı Norveç Helsinki Komitəsi də qanun layihəsindən narazı olduğunu bildirib.

Azərbaycanda sözügedən qanun layihəsinin təsdiq olunmasından sonra Avropa qurumlarında Azərbaycanın öhdəlikləri ilə bağlı hansısa məsələ qaldırıla, sanksiyalar gündəmə gələ bilərmi?

"Avropa həmişəki kimi susacaq"

Alya Yaqublu söyləyir ki, Avropa bir çox hallarda bu məsələlərlə bağlı heç bir addım atmır: "İlham Əliyevin Azərbaycanda idarəçiliyi dövründə insan haqlarının pozulması ilə bağlı çoxsaylı qusurların olmasına baxmayaraq, Azərbaycana heç bir sanksiya tətbiq edilməyib. Bu səbəblərə görə heç bir sanksiya olmayıbsa, "Media Haqqında" qanun qəbul edilməsinə görə də olmayacaq".

Alya Yaqublu - Sosial Media

Ələsgər Məmmədli bildirir ki, sanksiya olmasa belə, Azərbaycan basqı altında olacaq: "Avropa Şurası, Venesiya Komissiyası qanunla bağlı müəyyən rəy hazırlamağa çalışırdı. Amma buna baxmayaraq, çox təcili sürətdə qərar təsdiq edildi və qüvvəyə mindi. Azərbaycana qarşı bununla bağlı sanksiya olmayacaq. Burda sanksiyalıq heç bir məsələ yoxdur. Amma sistemli şəkildə Azərbaycanın Avropa standartlarına nisbətən zidd qanunvericilik formalaşdırması istər-istəməz onun imicinə mənfi təsir edəcək və hökumət sistemli basqı altında olacaq".

M.Əliyevin fikrincə isə, Avropanın hansı tədbirlər görəcəyi məchuldur: "Təcrübə onu göstərir ki, Avropa qurumları, ölkələri adətən öz siyasi maraqları nöqteyi baxımından hərəkət edirlər. Məsələn, sabah Azərbaycan hakimiyyəti onlarla işbirliyi edərsə, müəyyən maraqlar əsas götürülərsə, o zaman informasiya cəmiyyəti qurban verilə bilər".

Mehman Əliyev - BBC

"Qanunun tətbiqi Azərbaycanı daha da geri atacaq"

Ə.Məmmədli qeyd edir ki, qanunun tətbiqi müstəqil medianın işini çətinləşdirəcək: "Qanun bu və ya digər formada mövcuddursa, demək ki, tətbiq olunacaq. Bu qanunun tətbiqi istər müstəqil fəaliyyət göstərən media, istərsə "frilans" fəaliyyət göstərən  jurnalistlərə mənfi təsir göstərəcək. Çünki daha öncə özünü tənzimləmə sistemi altında olan medianın çox hissəsi artıq tamamilə dövlət tənzimləməsi altına düşür. Bu da həm informasiya toplayan zaman, həm informasiyanı yayan zaman, həm jurnalistlərin hərəkət etməsi zamanı məhdudiyyətlərə səbəb olacaq".

Alya Yaqublu bildirib ki, qanun müzakirə olunarkən etiraz edənlər az oldu: "Əvvəllər də dediyim kimi, müstəqil jurnalistikanın fatihəsini oxuyan bir qanun qəbul edilib. İ.Əliyev də təsdiqlədi ki, bu qanun onun istəyi və tapşırığı əsasında yazılıb. Bu qanun müzakirə edildiyi vaxtda yetərincə diqqət olmadı. Media ekspertləri, bəzi media quruluşlarının nümayəndələri etiraz etdilər. Hətta hökumətlə danışıqlarda iştirak etdilər. Hökumətin nüməyəndələri dəyişikliklərin olacağını vəd etsələr də, heç nə də dəyişmədən qərar qəbul olundu".

"Media cəmiyyətinə 25 illik basqı onu göstərir ki, təzyiqlər heç bir nəticə vermir. Zaman keçdikcə müasir texnologiyalar ortaya çıxır, maraqlar və tələblər dəyişir, ona görə də bu qanunun işləməsi çətindir", - deyə M.Əliyev fikirlərinə yekun vurub.

Siyasət

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Humanitar yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib. Buraya ərzaq məhsulları, məişət və tibbi sərfiyyat malları, həmçinin saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər aiddir. Ümumi çəkisi 50 ton miqdarında olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt ŞİH-ə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub. “Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb", - bunu huanitar yardımın hava limanından göndərilməsində iştirak edən Ukraynanın...
Siyasət

İlham Əliyev Baydenə: Sülh sazişinin imzalanmasına töhfə verə bilərsiniz

4 İyul 2022

"president.az"

"Otuz ildir ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Biz ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk". Bu fikirlər Prezident İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Cozef Baydenə ünvanlandığı təbrik məktubunda yer alıb. Məlumatı Azərbaycan Prezidentinin rəsmi saytı - "president.az" yayıb.  Məktubda ikitərəfli əməkdaşlığın uğurla davam etdiyi vurğulanır: "Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli müstəvidə uğurla davam edir. Beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri davam edən birgə fəaliyyətimiz məmnunluq doğurur. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı...

Seçilmiş Videolar

Toplum TV loqo