Açıq mənbələrdən götürülüb
“Media sahibliyi məsələsi uzun illərdir ki, ciddi problem kimi ortalıqdadır, azad rəqabət mühiti, reklam bazarı və şəffaflıq yoxdur. Hökumət də bundan istifadə edib medianı fərqli adlar altında nəzarətində saxlayır”.
Bunu “Toplum TV”-yə media hüququ üzrə ekspert Xalid Ağaliyev Əhməd İsmayılovun fikirlərini şərh edərkən deyib.
Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov aprelin 9-da jurnalistlərə deyib ki, Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanır.
O, layihənin Prezidentin "Ьedia sahəsində islahatların dərinləşdirilməsi haqqında" 12 yanvar tarixli fərmanının ikinci hissəsinə uyğun olaraq hazırlandığını bildirib.
Əhməd İsmayılov qeyd edib ki, layihə hazırda işçi qrupda müzakirə olunur: “Media subyektləri tərəfindən verilmiş rəy və təkliflərin həmin layihədə nəzərdə tutulması prosesi davam etməkdədir. Bu proses qısa bir zamanda yekunlaşandan sonra qanun layihəsinin son variantı təqdim olunacaq".
Hüquqşünas X.Ağaliyev hesab edir ki, “Yeni qanun qəbul edilsə, media mühiti düzələcək” kimi qənaətlər yanlışdır: “Bizim medianın problemləri qanunun mətninin kasıblığından, ordakı hansısa çatışmazlıqlardan qaynaqlanmır. Daha çox hazırkı qanunun, eləcə də medianı, jurnalistikanı tənzimləyən qanunların işləməməsindən qaynaqlanır".
O deyir ki, media haqqında qanun 1999-cu ildə Azərbaycan Avropa Şurasına qəbul olunan zaman beynəlxalq standartlara uyğun hazıranıb: "Həmin qanun son 15 ildə dəfələrlə mürtəce dəyişikliklərə məruz qaldı, amma buna rəğmən, elə bir hüquqi problem, dilemma görmürəm ki, yeni qanun layihəsi onu tənzimləsin. Yəni problem qanunvericiliklə bağlı deyil. Düzdür, deyirlər ki, sosial media ilə bağlı çatışmazlıqlar var, bunu əsaslandırmağa da çalışırlar. Amma hökumət məhdudlaşdırmalara xidmət edən bütün dəyişiklikləri edib. Hazırkı qanun bir qəzet əməkdaşının fəaliyyətini necə tənzimləyirsə, sayt əməkdaşının, blogerin fəaliyyətini də eyni cür tənzimləyir. Ona görə də yeni qanunun hazırlanması üçün hansısa təxirəsalınmaz zərurətin olduğunu düşünmürəm”.
Hüquqşünas eyni zamanda medianın tənzimlənməsi ilə bağlı qlobal müstəvidə yeni müzakirə trendlərinin olduğunu ifadə edib. O, vurğulayıb ki, bunlar daha çox qlobal sosial media platformaları, nifrət çıxışları ilə bağlıdır: “Bu mövzular da media qanunvericiliyini dəyişdirməyi zəruri etmir. Onları düzənləyən başqa qanunlar var, qanunvericiliyin yaxşılaşdırılmasının hədəfi başqa mövzular olmalıdır. 20 ildir ki, Azərbaycan böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğv edilməsi ilə bağlı öhdəliyi icra etmir. Hansı ki bu məsələ medianın azadlığını təsirləndirir, jurnalistləri özünüsenzuraya sövq edir. Yəni inkişaf etmiş ölkələrdə belədir, amma bizdə media sahəsində şəffaflıq yoxdur, hökumət də bundan istifadə edir, uzun illərdir ki, medianı fərqli adlar altında nəzarətində saxlayır. Gündəm bu və bu kimi media azadlığına bilavasitə təsir göstərən digər mövzular olmalıdır”.
Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev isə deyir ki, media ilə bağlı qanunvericilikdə çatışmayan məqamlar var: “Bunların böyük əksəriyyəti son 10 ildə “KİV haqqında” Qanuna edilən əlavə və dəyişikliklərlə bağlıdır. Çünki 2000-ci illin ilk onilliyində bizim qanunlar kifayət qədər liberal idi, sonrakı dəyişikliklər isə onların keyfiyyətini aşağı saldı. İlk növbədə bir sıra anlayışlara dəqiqlik gətirmək lazımdır, çünki qanunda o ifadələr ya düzgün əks olunmayıb, ya da ümumiyyətlə yer verilməyib. Digər problemli məqam bizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti haqqında bir neçə qanunun olması və onların bir-birilə ziddiyyət kəsb etməsidir. Məsələn “KİV haqqında” Qanun bir tərəfdə, “Televiziya və radio yayımı haqqında" Qanun digər tərəfdədir. Fikrimcə, bu nəzərə alınacaq. Üçüncüsü, medanın iqtisadi fəaliyyətinin müstəqilliyinin təmin olunması ilə bağlıdır. Burada bəzi məqamlar qanuna salınmalıdır, çünki medianın fəaliyyətinə şərait yaradacaq başlıca şərt budur. Son məsələ isə bir sıra məhdudiyyətlərlə bağlıdır ki, onların qanunda öz əksini tapması önəmlidir. Bu, jurnalistlərin xüsusilə informasiya əldə etmək sahəsində fəaliyyətinin xeyrinə olar. Təbii ki, bunların hansının nə dərəcədə nəzərə alınacağını indidən söyləmək mümkün deyil, çünki hələ ortada sənəd yoxdur. Məsələ yekunlaşmağa doğru getsə də, təcrübə göstərir ki, ən ciddi qərarlar elə son mərhələdə qəbul olunur”.
Rəsmi səhifə
Rəsmi səhifə
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir