Siyasət

Məmurlar niyə az cəza çəkir?

11 İyun, 2022
2292

“Güclülər qanunu yırtıb keçir, zəiflər isə hörümçək torunda qalaraq sonadək cəzalarını çəkirlər”.

Azərbaycanda hansı cinayətin cəzası nə qədərdir? Cinayət Məcəlləsində konkret təsnifat verilsə də, məhkəmə praktikasına nəzər salanda mənzərə qarışıq görünür. Xüsusilə də əgər məhbus keçmiş məmurdursa.

Yarımçıq həbs

İyunun 8-də Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov barəsində Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb. Nəticədə ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittiham ləğv olunub və cəzası 3 ay azaldılaraq 5 il 9 aya endirilib. Bu ilin əvvəlindəsə onun cəzası 1 il 3 ay azaldılmışdı.

Qoca Səmədov həbs olunandan sonra onun azı 1,5 milyon manatlıq əmlakı müsadirə olunub, işlədiyi icra hakimiyyəti və DOST mərkəzi isə ona qarşı 1,6 milyon manatdan çox yeyintiyə görə mülki iddia qaldırıb.

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun həbs müddəti də bu ilin aprelində yarıya endirilib.

Sultanova qarşı 6 milyon manatlıq mənimsəmə ittihamı verilmiş, o da ittihamı qəbul etmişdi. İlkin hökmü 11 il olan Zakir Sultanov cəmi 5 il 6 ay həbs həyatı yaşamış olacaq. Əlbəttə, bu dövr bitənədək ya sağlamlıq, ya da nümunəvi davranış səbəbilə erkən azadlıq imkanı qazana, yaxud əfv fərmanı ilə azadlığa da çıxa bilər.

Quldurluqdan azadlığa

Ləğv olunan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (hazırda Dövlət Təhlükəsizlik Xidməti) keçmiş idarə rəisi Akif Çovdarov kimi. Çovdarov həbsdə cəmi beş  il qaldıqdan sonra 2020-ci ildə əfv fərmanı ilə azadlığa çıxıb. Məhkəmə isə onu aşağıdakı maddələr üzrə təqsirli bilib, 12 il həbs cəzası kəsmişdi.

145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda),

179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə),

181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə),

182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ),

228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə),

302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma),

311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə),

313 (Vəzifə saxtakarlığı),

 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda).

Akif Çovdarov - Açıq mənbələrdən götürülüb

Milli Təhlükəsizlik Nazirliyi ilə təqribən eyni vaxtda həbs olunan ləğv edilmiş Rabitə Nazirliyinin (hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) sabiq əməkdaşlarının da demək olar ki hamısı artıq azadlıqdadır. Onların da milyonlarla manatı mənimsədiyi, vəzifə cinayətləri törətdiyi, insanların şəxsi həyatına müdaxilə etmələri ilə bağlı cinayətləri məhkəmə qərarı ilə təsdiqlənmişdi.

AXCP fəalının “kalendar” cəzası

Həbs müddətinin azaldılması şansından yararlana bilməyənlərdən biri isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Məhərrəmli idi. Məhkəmə onu qanunsuz pul dövriyyəsində təqsirli bilmiş və dörd il həbs cəzası kəsmişdi. İttihama əsasən, məbləğ 420 min manat olub. AXCP fəalı isə bu iddianın yalan olduğunu bildirib. Aqil Məhərrəmli ona kəsilən dörd il həbs cəzasını günə-gün barmaqlıqlar arxasında keçirib. Həbsxanada buna “kalendar cəza” deyilir. Həbsdə olduğu zaman cəzasının azaldılması üçün etdiyi müraciətlər də təmin olunmayıb.

Bunu da oxu: Günəş enerjisi ilə biznes quran məmur ailəsi

Hüquqşünaslar isə təhlükəli cinayətləri məhkəmədə təsdiqlənmiş məmurların cəza müddətinin azaldılmasını ədalət balansının pozulması kimi qiymətləndirir.

“Əgər sən oğrusansa, külli miqdarda dövlət əmlakını mənimsəmisənsə, dövlətə, cəmiyyətə ziyan vurmusansa, cinayətinin sübuta yetirilməsinə baxmayaraq, qısa müddətdə cəzandan azad ola bilərsən. Əgər sən Azərbaycan hakimiyyətini qanun pozuntularına görə ittiham etmisənsə və qanunsuz olaraq həbs olunmusansa, cəzanı sonunadək çəkməyə məcbursan”.

Hüquqşünas Yalçın İmanovun fikrincə, ağır cinayət törətmiş məmurların cəzalarının yüngülləşdirilməsi ilə ölkə başçısının korrupsionerlərin ağır cəzalandırılacağı barədə bəyanatları da ziddiyət təşkil edir. 

Yalçın İmanov - Açıq mənbələrdən götürülüb

“Son illər ərzində bir çox yüksəkvəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər. Nəyə görə? Törətdikləri cinayətlərə görə, əməllərə görə”, - bu sözləri prezident İlham Əliyev 2021-ci ilin sentyabrında deyib.

Dövlət başçısı bildirib ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz: “Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq». Prezident deyib ki, vəzifə cinayəti törədən məmurlar nəinki «özlərini biabır edirlər, bizim iqtidarımıza da ləkə vururlar. Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir”.

“Güclülər qanunu yırtıb keçir, zəiflər torda qalır”

Yalçın İmanov isə təcrübəyə əsaslanaraq deyir ki, bir çox hallarda ədalət mühakiməsi bəzi məmurlardan yan keçə bilir:

“Ölkədə ədalət mühakiməsi şəxslərə, onların keçmiş xidmətinə, mövcud hakimiyyətə münasibətinə görə dəyişir. Əsas indikator şəxslərin hakim xəttə münasibətilə müəyyən olunur”.

O, məşhur Roma hüququndan bir prinsipi xatırladır: “Güclülər qanunu yırtıb keçir, zəiflər isə hörümçək torunda qalaraq sonadək cəzalarını çəkirlər”.

Bunu da oxu: Azərbaycanda azad, yoxsa məmur sahibkarlığı? - “Ölkədə iri biznesə xüsusi nəzarət var”

Yalçın İmanovun sözlərinə görə, siyasi məhbuslar təhlükəlilik dərəcəsinə görə daha yüngül cinayətlərlə məhkum olunsalar da, onların ərizələri təmin edilmir.

“Bunun üçün də absurd, ağlasığmaz əsaslandırmalar edilir. Məsələn, guya onlar cəzaçəkmə müəssisəsində əmək intizamına riayət etmir, islaholunma prosesinə uymur, yataq yerini dəyişmir, idman oyunlarına maraq göstərmir və s. Siyasi məhbusların çoxu ya cəzalarını sonadək çəkirlər, ya da yerli və beynəlxalq təşkilatların, cəmiyyətin çoxsaylı müraciətlərindən sonra əfv və ya amnistiya ilə azadlığa çıxırlar”.

Hüquqşünasın qənaətincə, bu, Azərbaycanda ədalət mühakiməsinin sifariş əsasında icra olunduğunun göstəricisidir.

Deputat: “Aydınlaşdırmağa çalışacağıq”

Milli Məclisin İnsan haqları komitəsinin sədri, hakimiyyətyönlü deputat Zahid Oruc isə söyləyir ki, əgər həqiqətən də media məmurların cəza müddətinin davamlı şəkildə azaldıldığını müşahidə edirsə və bunun faktoloji bazası varsa, sözügedən məsələni diqqətdə saxlaya və məhkəmə hakimiyyətini sorğulaya bilər.

“Prezident dəfələrlə icra hakimlərinin yol verdikləri qanunsuz fəaliyyətləri pisləyib. Bunun sahibkar fəaliyyətinə, ümumi ictimai ab-havaya, idarəçilik sisteminin cəmiyyət və xalq qarşısında daşıdığı ideallara zərbə vurduğunu söyləyib. Əgər doğrudan da, belə bir tendensiya varsa, biz Milli Məclis olaraq da bunu aydınlaşdırmağa çalışacağıq”, - deputat deyib.

Zahid Oruc - Açıq mənbələrdən götürülüb

Zahid Oruc da prezidentin vəzifə cinayəti törədən məmurlarla bağlı xəbərdarlığına istinad edir. Qeyd edək ki, vəzifə cinayətləri ilə “iqtidara ləkə vuran” keçmiş məmurların bəzilərinin az cəza çəkməsinin bir səbəbkarı da elə prezidentin özüdür. 

Yeri gəlmişkən, dövlət başçısının mayın 27-də imzaladığı əfv sərəncamı ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin dörd zabiti də azadlığa buraxılıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo