Siyasət

MTN işi: Deyirdilər ki, pulu verməsən, səni biabır edəcəyik

7 İyun, 2022
1134

Açıq mənbələrdən götürülüb

“Qaralovla Usubov Şıxəliyevin dəstəsinin vətəndaşları girov götürmələrinə şərait yaradır, bunlar da pul və mal alınandan sonra işi məhkəməyə göndərirdilər. Həmin zaman Qaralovla Usubov həbs qətimkan tədbirinin dəyişdirilməsində də bilavasitə iştirak edirdilər”.

İyunun 7-də “MTN işi” üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş kimi ifadə verən Zaur Əliyev belə deyib.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin, istintaq idarəsinin rəis müavini, birinci şöbənin rəisi Yasin Məmmədovun, istintaq idarəsinin ikinci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərovun və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi 8 aydır davam edir.

Məhkəmə iclasına sədrlik edən Elbəy Allahverdiyev media nümayəndələrini məhkəmə salonuna buraxmır. Təqsirləndirilən şəxslərin vəkilləri də mediaya danışmır. Bu səbəbdən  media nümayəndələri yalnız zərərçəkmiş və şahidlərdən məlumatlar toplamalı olur.

Təqsirləndirilənlərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digərləri həbslə əlaqəsi olmayan qətimkan tədbiri altındadır. Zərərçəkmişlər onların da həbsdə saxlanmasını tələb edirlər.

Mövlam Şıxəliyev - Açıq mənbələrdən götürülüb

Zaur Əliyev 2000-ci illərin əvvəlinədək müstəntiq işləyib. İşdən çıxdıqdan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

İstintaq orqanı onu da Mövlam Şıxəliyevgil tərəfindən MTN İstintaq Təcridxanasında “girovluqda” saxlanılan sahibkarlardan hesab edib və zərərçəkmiş kimi tanıyıb. Zaur Əliyev hesab edir ki, bu cinayətlər təkcə MTN divarları arasında baş verənlərlə bitmir, məsələnin bir ucu gedib Baş Prokurorluğun keçmiş rəhbərliyinə çıxır.

O, bugünkü məhkəmədə deyib: “Mən uzun illər bu cinayətkarların həbs olunacaqları, mühakimə ediləcəyi günü gözləmişəm. Bu qovluqda dörd cilddən ibarət cinayət işi var. Zakir Qaralovun rəhbərliyi altında Ağır Cinayətlərə dair İstintaq İdarəsində “MTN işi” üzrə istintaq qəsdən 6 ilə yaxın süründürüldü. Məqsəd cinayət təqibi üzrə cəlbetmə müddətinin qəsdən ötürülməsi idi, yəni sonra desinlər ki, bu iş üzrə cəlbetmə müddəti çoxdan bitib. Zakir Qaralov və Rüstəm Usubov bu mütəşəkkil cinayətkar dəstəni himayə edib. Çünki bunların birbaşa iştirakı ilə vətəndaşlar girov götürülürdü.

Qaralovla Usubov iş üzrə hər bir zərərçəkən  vətəndaşın qanunsuz həbsindən 2 dəfə pul alırdılar. Bu, necə baş verirdi? Şıxəliyev və başının dəstəsi gələcək qurbanı müəyyən edib qanunsuz olaraq əvvəlcədən uydurulmuş ittihamla həbs edir, faktiki girov götürürdülər. MTN zindanına salıb pul vermək üçün təhdid edirdilər”.

Zaur Əliyev ondan pulu tələb edənin Şıxəliyevin müavini Təhsin Ağayev olduğunu və onun xəstəlik adı ilə istintaqdan, məhkəmədən yayındığını iddia edib.

“Yaxşı bilirdilər ki, qorxağın biridir, dindirsəydilər, çox işləri açıb tökəcəkdi. MTN-nin girovluğunda olanda məndən 200 min manat tələb etdi. Dedim ki, heç bir cinayətim yoxdur, pul da vermirəm. Barəmdə cinayət işi başlandı, qanunsuz həbs olundum”.

Zaur Əliyevin sözlərinə görə, Təhsin Ağayev pul söhbətlərini onun MTN-də müstəntiq işləyən qohumu vasitəsilə aparıb: “Həmin qohumum vasitəsilə ailəmlə əlaqə yaratdı, həyat yoldaşım və qaynım pulu Mövlama çatdırdı. Qaralovla Usubov Şıxəliyevin dəstəsinin vətəndaşları girov götürməsinə şərait yaradır, bunlar da pul və mal alınandan sonra işi məhkəməyə göndərirdilər. Həmin zaman Qaralovla Usubov həbs qətimkan tədbirinin dəyişdirilməsində də bilavasitə iştirak edirdilər. Həbs adı ilə girov götürülmüş, mən də daxil olmaqla Azərbaycan vətəndaşlarından alınan pulun bölgüsündə Qaralovla Usubovun xüsusi payı olub”.  

Bir müddət əvvəl başqa zərərçəkmişlər Əfsəl Həsənəliyev, Elman Əhmədov da məhkəmə ifadəsində bildirmişdilər ki, MTN-də saxlanılarkən onlara da tələb olunan pulun içində “Zakir Qaralovla Rüstəm Usubovun payı var” deyiblər. Hətta Elman Əhmədovun söylədiyinə görə, ondan alınan pulu elə yanında bölüşdürərkən Baş Prokurorluğun nümayəndəsiylə MTN işçisi arasında mübahisə düşüb.

Zaur Əliyev bu işə görə məhkəmədə dindirilmiş daha bir neçə zərərçəkmişin ifadələrini yada salıb. Həmin ifadələrdə də onlardan alınmış pulun bir hissəsinin Baş Prokurorluğa göndərildiyi qeyd edilib.

Zaur Əliyev deyib ki, MTN-də saxlanılarkən hətta şantaj da olunub: “Bu adamlar məni şantaj etmək üçün hansısa televiziyadan çəkiliş qrupu çağırmışdılar. Deyirdilər ki, pulu verməsən, səni çəkdirib biabır edəcəyik. Halım pisləşdi, məni çəkmədilər, çəkiliş mənsiz aparıldı. Sonradan bildim ki, Əhməd Mirzəyevlə sürücüsü Arifi bir necə televiziya kanalında qaçaqmalçı kimi göstəriblər”.

Zaur Əliyevin iddiasına görə, ailəsindən 100 min dollar tələb olunub və ona bildiriblər ki, Eldar Mahmudov 100 min dollardan aşağı məbləğə yaxın durmur. O, yaxınlarından 100 min dollar alındıqdan sonra barəsindəki həbs qətimkan tədbirinin ləğv edildiyini və azadlığa buraxıldığını söyləyib.

“Azadlığa buraxılandan sonra öyrəndim ki, bunlar əslində, iş adamı Əhməd Mirzəyevi tutmaq istəyiblər. Sonra məni də onun yanında görüb gözünə qatıblar. Ondan azad etmək üçün 378 min manat aldılar”. 

Məhkəmə iclası iyunun 8-də davam edəcək.

Keçmiş baş prokuror Zakir Qaralov və onun müavini Rüstəm Usubov məhkəmədə barələrində səsləndirilən ittihamlara münasibət bildirməyiblər.

İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaq Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib alması, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edildiyini bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo