“Müdafiə Nazirliyi bir günə necə müəyyənləşdirdi ki, orduda korrupsiya yoxdur?”
AzərTac
“Azərbaycan ordusu haqqında deyilənlər həqiqətin çox az hissəsidir”
Hərbi ekspert Telman Əbilov sosial mediada hərbi qulluqçu Fərid İsmayılovun Azərbaycan Ordusu ilə bağlı səsləndirdiyi fikirlərə belə münasibət bildirib.
"Xidmət etdiyim hərbi hissə Silahlı Qüvvələrin Nizamnaməsi ilə yox, meşə qanunları ilə idarə olunur",- fevralın 30-da jurnalist Fərid İsmayılov xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıqlar barədə belə yazıb.
“Bir generator, içməli su, qida problemi aylardır həll olunmur. Rəhbərlik rahat kreslolarda, əsgər isə zülm içində yaşayır. Başları rüşvət, korrupsiyaya qarışıb. Pul almadıqları əsgərlər postlarda, pul verməyən əsgərlər ac-susuz, problemlərlə düşmənlə üz-üzə dayanır. 3 gün bundan öncə kartof oğrusunu hərbi polis özü tutur, amma posta 1 kq kartofu hərbi hissə rəhbərliyi günlərlə göndərmir”, - deyə jurnalist qeyd edib.
Onun dediyinə görə, bu barədə nə qədər şikayət etsə də, problemlər həll olunmur: “Təsəvvür edin, çavuş heyəti öz maaşından əsgərlər üçün qida alıb gətirir ki, xəstəlik yaranmasın. Hərbi hissə rəhbərliyi də gəlib utanmaz-utanmaz əsgərə ağıl öyrədir. Odun göndərmir, ona görə də əsgər, çavuş heyəti minalanmış ərazidən odun toplayır. Bölmə komandiri yuxarı komandanlığa problemləri, onların həll yollarını çatdırır, fayda isə yoxdur!”
Müdafiə Nazirliyi belə addımları pisləyir, səsləndirilən fikri yolverilməz sayır
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin sözçüsü Anar Eyvazov “Toplum TV”yə açıqlamasında deyib ki, hərbi qulluqçunun səsləndirdiyi fikirlər yalan və əsassızdır.
Onun sözlərinə görə, belə qeyri-adekvat çıxışlar ordunun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir:
“Hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar”.
Hərbi ekspert Telman Əbilov orduda ciddi problemlər olduğunu, baş verənlərin gizlədildiyini söyləyir:
“Müdafiə Nazirliyi deyilənləri araşdırmaq əvəzinə bir gün içində bəyanat verir ki, bizdə belə hal yoxdur. İddia olunanları yoxlamaq üçün ən az bir-iki həftə vaxt lazımdır. Nazirlik bir neçə saat içində qanunsuzluğun, rüşvətin, korrupsiyanın olmadığını necə müəyyənləşdirdi?”
Öz təcrübəsini misal çəkən hərbi ekspert 1990-cı illərin əvvəllərində hərbi xidmət keçdiyini söyləyir və bildirir ki, o illərdə rüşvət indikindən az idi:
“1994-cü ildə müharibə bitdi, atəşkəs imzalandı. Bundan sonra sanki rüşvətxorluq rəhbərlik səviyyəsində həyata keçirilməyə başladı. Vəzifəyə gələnlərin əksəriyyəti rüşvətə bulaşdığından onlar təbii olaraq verdikləri pulları çıxarmaq üçün ordunu soyurdular. Nəticədə belə mənzərə yarandı”.
Telman Əbilov deyir ki, Müdafiə Nazirliyindəki təyinatlar bilik və bacarığa əsasən həyata keçirilməyəcəksə, problemlər həmişə mövcud olacaq.
Toplum Tv
Reuters
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”