Siyasət

“Mütəllibovu devirib hakimiyyəti ələ keçirdilər, “bəylik” 1 il çəkdi”

Vüsalə Mikayıl
15 May, 2022
431

musavat.com

"Deyirdim ki, Mütəllibov getsə, Heydər Əliyev gələcək, sizin də ananızı ağladacaq, mənim də"

15 may (1992-ci il) hadisələrindən 30 il ötür. 

Hər dəfə sözügedən olaylar ətrafında müzakirələr aparılanda fikirlər əsasən iki istiqamətdə haçalanır: bir qrup hadisələri inqilab, digərləri isə dövlət çevrilişi kimi qiymətləndirir.

Xocalı faciəsini 15 may hadisələrinin başlanğıcı saymaq olar. Ozamankı  prezident Ayaz Mütəllibov məhz bu hadisələrin qarşısını ala bilməməkdə günahlandırılırdı. 

A. Mütəllibov martın 6-da istefa verdikdən sonra prezident seçkiləri təyin olunmuşdu. 

Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya A.Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyini əsas gətirir və Ali Sovet də qərarını ləğv edir. 

Mayın 14-də yenidən vəzifəsinə qayıdan Mütəllibov ertəsi gün parlamentə olan yürüş nəticəsində yenidən istefa sənədini imzalayır. 

“Hakimiyyət xalqın kütləvi  yürüşündən qorxub geri çəkildi”

Hadisələrdən sonra prezident səlahiyyətlərini müvəqqəti icra edən və Azərbaycan Xalq Cəbhəsi rəhbərlərindən olan İsa Qəmbər deyir ki, hadisələrə "xalq inqilabı" deyənlərin sayı çox idi: "Onlar müstəqillik, digərləri isə rusiyapərəst və Moskvanın müstəmləkə siyasətinin tərəfdarları idi.  Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etsə də, hakimiyyətdə  Rusiyanın canişinləri əyləşmişdilər. 20 Yanvar hadisələrindən sonra Moskva Azərbaycan hakimiyyət dairələrindən dörd nəfəri dəvət edib görüşlər keçirmişdi". 

"Ayaz Mütəllibov o şəxsdir ki, Rusiya hakimiyyəti həmin dörd nəfər içərisindən onu seçərək Moskvanın canişi təyin etmişdi. Bundan sonra bizlər - Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi və xalq hərəkatının aparıcı qüvvələri dəfələrlə ona müraciət edərək özünü müstəqil ölkənin rəhbəri kimi aparmasını demişdik. Belə olsa, ona tam dəstək olacağımızı da ifadə etmişdik. Təəssüf ki, bu mümkün olmadı. Ayaz Mütəllibovun zəif, iradəsiz fəaliyyəti nəticəsində ermənilər Rusiyanın köməyi ilə Xocalı faciəsini törətdilər. Sonra o, xalqın tələbi ilə martın 6-da istefa verdi və parlament yeni prezident seçkisi təyin etdi”. 

İsa Qəmbər və Əbülfəz Elçibəy
Foto: sosial media

İ.Qəmbərin sözlərinə görə, həm özü, həm də Əbülfəz Elçibəy həmin vaxt seçkinin uyğun olmadığını ifadə edib: "Düşünürdük ki, proses başlasa, ölkədə yeni problemlər yaranacaq, ermənilərin yeni işğallar üçün əlavə imkanları olacaq. Dedim ki, birləşib erməni işğalı qarşısında güclərimizi toparlamalı, işğaldakı torpaqlarımızı azad eməliyik. Həmçinin seçkidən çəkinmədiyimizi də deyirdim. Bilirdim ki, seçki baş tutsa, Azərbaycan Xalq Cəbhəsinin namizədi qalib gələcək". 

İsa Qəmbər deyir ki, onun və Elçibəyin bu təklifi qəbul olunmayıb: "Təəssüf ki, hakimiyyət, parlamentdəki əksəriyyət bizim yanaşmanı qəbul etmədi. Seçki təyin etdilər. Sonrakı mərhələdə hər kəs Elçibəyin qələbəsinin qaçınılmaz olduğunu gördü. Sonra Moskvanın sifarişi ilə Azərbaycana qarşı təxribatlar gücləndi, Şuşa və Laçın işğal edildi. Əminəm ki, Rusiyanın göstərişilə Ayaz Mütəllibovun yenidən hakimiyyətə qayıtması planı hərəkətə keçirildi. 14 mayda parlamentdə qeyri-qanuni qərarlar qəbul edildi. Ayaz Mütəllibov yenidən prezident elan edildi”.
 
"Ayaz Mütəllibovun bu şəkildə qayıtması çevriliş idi. Xalq Cəbhəsinin rəhbərliyi də vəziyyəti təhlil etdikdən sonra bunu Konstitusiya çevrilişi kimi dəyərləndirdi. Konstitusiyanı və dövlətin gələcəyini müdafiə etmək üçün dinc xalq yürüşü təyin etdik. 15 mayda yüz minlərlə azərbaycanlı parlament binasına doğru  yürüş etdi. Bəzən orada bir neçə zirehli  texnika, silahlı əsgər olduğunu deyirlər. Açığı texnikalar təmirdən yarımçıq çıxarılmış  sınıq-salxaq maşınlar idi və ciddi hərbi qüvvə deyildi. Sadəcə, hakimiyyət xalqın kütləvi  yürüşündən qorxub geri çəkildi. Baxmayaraq ki, Moskvanın nəzarətində olan hərbi qüvvələri parlament binası  və qarşısında olan “Moskva” mehmanxanasının damında yerləşdirmişdilər. Nümayişçilərin üzərinə dəhşətli güllə yağışı yağdırdılar. Xalq geri çəkilmədi, parlament və bütün strukturlar xalqın və Xalq Cəbhəsinin nəzarətinə keçdi", - İsa Qəmbər belə deyir. 

“Seçkisiz hakimiyyət mənimsənilsəydi, onda bu, çevriliş olardı”

Ə.Elçibəyin müşaviri, hazırda isə deputat Fazil Mustafa bu mövzuya hələ də obyektiv deyil, siyasi prizmadan yanaşıldığı düşünür. 

Fazil Mustafa
Mənbə: sosial media

O, may hadisələrini konstitusiyanın müdafiəsi hərəkatı adlandırır: “Çünki artıq seçkilərin təyin olunduğu bir vaxtda Ayaz Mütəllibov tərəfindən hakimiyyətin zəbt olunması prosesi başlamışdı. Buna cavab olaraq Xalq Cəbhəsi yürüş etdi. Bunun əsaslandırılması yazdığım bəyanatda da vurğulanmışdı. Fikrimcə, bu konstitusiyanın zəruri bərpa prosesi idi. Çünki hakimiyyətin bu cür zəbt olunması daha sonra başqa ziddiyyətə yol açacaqdı. Yenidən hakimiyyət uğrunda mübarizəni gərginləşdirə bilərdi. Bu baxımdan sözügedən hadisələrlə bağlı hansısa spekulyasiyaya yol vermək olmaz. Bütövlükdə, konstitusiya bərpa olundu, demokratik seçkilər keçirildi. Qalib Əbülfəz Elçibəy oldu. Məntiqi yekun budur. Əgər hadisələrdən sonra seçkisiz hakimiyyət mənimsənilsəydi, onda bu, çevriliş olardı. Amma növbəti hadisələr konstitusion məcrada davam etdi”. 

F. Mustafa deyir ki, indi də məsələyə bu konteksdən qiymət verilməlidir: "Bu daha obyektiv tarixi qiymətləndirmə olacaq, insanlar məsələyə tarixi hadisə kimi yanaşacaq. Əks halda, bu məsələdə bir rəyə gəlmək mümkün olmayacaq". 

“Mütəllibov barış axtarırdı”

Politoloq Zərdüşt Əlizadə isə 15 may hadisələrini dövlət çevrilişi sayır. 

Onun sözlərinə görə, Mütəllibov həmin vaxt barış axtarırdı: "SSRİ dağılırdı, Azərbaycan müstəqil oldu. Müstəqil Azərbaycana kimin ağalıq edəcəyi  aydın idi. Qarabağlı Vəzirovu (red - 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuş Əbdürrəhman Vəzirov) Xalq Cəbhəsi, başda naxçıvanlı Əbülfəz Əliyev olmaqla onun dəstəsi aşırmışdı. Ondan sonra hakimiyyətə şirvanlı Ayaz Mütəllibov gəlmişdi. Naxçıvan-Ermənistan klanı buna heç cür imkan verə bilməzdi. Bilirdilər ki, müstəqil Azərbaycanın rəhbərliyi neftə, büdcəyə sahib olacaq. Bunları mütləq ələ keçirmək lazım idi. Mütəllibov barış axtarırdı. Xalq Cəbhəsinə parlamenti verdi, koalisyon hökumət təklif edirdi. Xalq Cəbhəsinin proqramında olan bütün islahatları həyata keçirməyə hazır olduğunu deyirdi. Söyləyirdi ki, prezidentə daxili, xarici, təhlükəsizlik və müdafiə nazirlikləri tabe olsun, qalanlarını Xalq Cəbhəsinə verməyə hazıram. Xalq Cəbhəsi: “Yox, sən  getməlisən”, - dedi". 

“Mütəllibovu devirib hakimiyəti ələ keçirdilər, “bəylik” 1 il çəkdi”

Əlizadə hesab edir ki, Mütəllibova hakimiyyətdə qalmağa imkan verilsəydi, indi Azərbaycanın mənzərəsi tamam başqa olardı: “Mən onlara deyirdim ki, Mütəllibov getsə, Heydər Əliyev gələcək. Mənim də, sizin də ananızı ağladacaq. Demokratiya, barış və sövdələşmə olmayacaq. Pənah, İsa mənə: “Biz olmalıyıq”, - deyirdilər. Beləliklə, Mütəllibovu devirib hakimiyyəti ələ keçirdilər, “bəylik” 1 il çəkdi. Sonra Heydər Əliyev gəlib Azərbaycanın ağası oldu. Dediyim kimi, mütləq hakim oldu, neft, büdcə, vəzifələr onların əlindədi. Artıq 93-cü ildən hakimiyyətdədirlər. Savadsız, cahil, tamahkar Xalq Cəbhəsinin liderləri sadə məsələləri görə bilmirdilər, deyilənə də qulaq asmırdılar, heç anlamırdılar da".

Zərdüşt Əlizadə
Foto: Meydan TV

"Bu hadisə dövlət çevrilişi idi. Əvəzində xalq Qarabağı, azadlığı, elmi, sənayeni, təhsilini itirdi, klan hər şeyə nail oldu. Mütəllibov hakimiyyətdə illərlə qalmaq istəmirdi. Hakimiyyətdə kimlər gəldi? Xuliqan İsgəndər Həmidov və nə qədər sayda bivec, savadsız adamlar. Eyni zamanda, beynəlxalq və daxili siyasətdən xəbəri olmayan Əbülfəz Əliyev”, - deyə Zərdüşt Əlizadə bildirib.

“Məxməri inqilab təcrübəsi idi”

İ.Qəmbər isə deyir ki, hadisələri dövlət çevrilişi adlandırmaq "əbləhlik"dir. Onun sözlərinə görə, bu, postsovet məkanında ilk dinc "məxməri inqilab" idi: “Tarixdə də belə qalacaq. Hadisənin əhəmiyyəti bununla bitmir. Bununla Azərbaycan xalqı həm də öz müstəqilliyinə və torpaqlarına sahib çıxmaq iradəsini ortaya qoydu. Məhz həmin hadisədən sonra Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsinin qarşısıalınmaz olduğunu hər kəs başa düşdü. Sonrakı bir il ərzində Azərbaycanda milli demokratik hakimiyyət mövcud oldu. Hesab edirəm ki, bu hakimiyyət də öz əhəmiyyətinə görə Azərbaycanın şərəf  tarixinə 1918-1920-ci illərdə mövcud olmuş Müsavat hökumətinə bərabər hakimiyyət kimi yazılıb”.

Siyasət

Kəlbəcər istiqamətində atəşkəs yenə pozulub

6 İyul 2022

Rəsmi səhifə

İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə iyulun 6-da Müdafiə Nazirliyindən məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub", - deyə məlumatda qeyd olunub. 
Siyasət

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Humanitar yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib. Buraya ərzaq məhsulları, məişət və tibbi sərfiyyat malları, həmçinin saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər aiddir. Ümumi çəkisi 50 ton miqdarında olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt ŞİH-ə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub. “Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb", - bunu huanitar yardımın hava limanından göndərilməsində iştirak edən Ukraynanın...

Seçilmiş Videolar

Toplum TV loqo