Siyasət

Naxçıvanın aşırı deputat dozası (YENİLƏNİB) 

Vüsalə Mikayıl
29 İyun, 2022
568

Yeni seçici siyahısı Muxtar Respublikanın Mili Məclisdə deputatlarının sayını azaltmağı tələb edir.

Mərkəzi Seçki Komissiyası(MSK) mayın 27-də daimi seçici siyahısını açıqlayıb. Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçici siyahısına 6 milyon 401 min 955 seçici daxil edilib. Bu, 2020-ci ildə keçirilən son seçkilərdəki seçici sayından 1 milyon 72 min 495 nəfər çoxdur.

SEÇİCİ ARTSA DA, DEPUTAT ARTMIR

MSK-dan “Turan”a deyilib ki, seçici siyahıları icra hakimiyyəti orqanları, bələdiyyə başçıları və hərbi hissə komandirlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında yerli komissiyalarda tərtib olunduqdan sonra onlara verilib.

Seçicilərin sayı artsa da, bu, məsələn, deputatların sayına təsir etmir, çünki onların sayı konstitusiya ilə müəyyənləşir.

 “Dairə seçki komissiyalarının sayı Azərbaycan Konstitusiyası ilə müəyyən olunur. Onlar 125-dir. Onu artırmaq mümkün deyil. Biz məntəqə seçki komissiyalarının sayını artırmışıq, onlarının da sayı 800-dən yuxarıdır. Hazırda onun üzərində iş gedir. Aydınlaşdırırıq ki, hansı ərazidə, nə qədər seçici ilə seçki məntəqələri yaradılacaq”.

MSK katibi Mikayıl Rəhimov Toplum TV-yə belə deyir.

HƏR DEPUTATA AZI 46000 SEÇİCİ

 Amma qanunvericiliyə görə, seçicilərin demoqrafik göstəriciləri hansı bölgədən neçə deputat seçilməsi istiqamətində də dəyişiklik tələb edir.

Seçki Məcəlləsinin 29-cu maddəsi hər dairə üzrə seçicilərin sayının aşağı həddini müəyyən edir. Bu ondan ötrüdür ki, hər deputatın təmsil etdiyi seçici sayı təqribən bir-birinə bənzər olsun.

Seçki Məcəlləsində göstərilir ki, seçicilərin orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir. Seçki dairələri seçicilərin orta təmsilçilik norması əsasında yaradılır.

Seçicilərin sayının kəskin artmasından əvvəl hər deputat təqribən 42600 seçicini təmsil etməli idi. Bu orta təmsilçilik normasından qanuna görə, maksimum 10 faiz sapma icazəlidir ki, bu da hər dairədə minimum 38000 seçici olmasını zəruri edirdi. İndi seçicilərin sayı nə az, nə çox, düz bir milyon artıb.

Son daimi seçici sayımından sonra ölkədə 6 milyon 401 min 955 nəfər var. Hazırda seçici təmsilçiliyi 51,216-ya bərabərdir. Qanunda icazə verilən on faizlik sapmanı da nəzərə alsaq, hər dairədə minimum 46 min seçici olması nəzərdə tutulur. Bu, bəzi seçki dairələrinin digərləri ilə birləşməsini zəruri edir.

NAXÇIVANIN AŞIRI DEPUTAT DOZASI

Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Şahin Əsədli isə seçki dairəsi üzrə seçicilərin sayının orta təmsilçilik normasına uyğunlaşdırılması istiqamətində işlər görülə biləcəyini deyir:

“Seçki dairələrində seçici sayı adətən 40 min ətrafında olur. Artımdan sonra bu say 50, 60, 70 mindir. Bu göstəricilər aralıq göstəricilərdir. Seçki Məcəlləsində bununla bağlı konkret tələb var. Seçki dairəsi üzrə seçicilərin sayının orta təmsilçilik normasına uyğunlaşdırılması istiqamətində hazırda işlər görülür”.

Şahin Əsədli hansı dairələrin ləğv ediləcəyini, hansının parçalanacağını açıqlamır. Rəqəmlərə nəzər saldıqda bu dəyişikliklərin ən çox Naxçıvandakı təmsilçiliyə təsir göstərməli olduğu bəllidir. Naxçıvanda seçici paylaşımı belədir:

1 saylı Şərur-Sədərək seçki dairəsi- 38093

2 saylı Şərur seçki dairəsi 43824

3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi 41701

4 saylı Naxçıvan seçki dairəsi 44560

5 saylı Şahbuz-Babək seçki dairəsi 27571

6 saylı Culfa-Babək 34353

7 saylı Ordubad Culfa seçki dairəsi 34592

Göründüyü kimi, Naxçıvanda yerləşən ən azı iki dairə elə indiyə kimi də təmsilçilik norması ilə bağlı qanunun tələblərini pozurdu.

Bir milyondan artıq seçici əlavə olunduqdan sonra isə Naxçıvanda təmsilçilik normasına uyğun gələn bircə dairə də qalmır.

Naxçıvan Muxtar Respublikasında 264694 seçici var ki, bu da təmsilçilik norması prinsipi gözlənilərsə, Naxçıvandan cəmi beş deputatın seçilməsinə imkan verəcək. İndi isə Naxçıvanı Milli Məclisdə 7 deputat təmsil edir.

SAYI ÇOX, DEPUTATI AZ OLANLAR

Seçicilərin sayı təmsilçilik normasını az qala iki dəfə aşan dairələr də var. Məsələn 10 saylı Binəqədi üçüncü seçki dairəsində indi 83260 seçici qeydiyyatdadır. Binəqədinin üç dairəsində qeydiyyatda olan seçicilərin sayı 197647-dir ki, bu da binəqədililəri parlamentdə təmsil edənlərin sayını bir nəfər artırmağı tələb edir.

Sabunçuluların da təmsilçilik hüququ pozulub. Sabunçu rayonundakı üç seçki dairəsində 213399 seçici qeydiyyatdadır. Parlamentdə haqları çatan deputat kürsüsünün sayı əslində ən azı dörd olmalıdır.

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI: LAZIMDIR, AMMA BİLMİRİK

Mikayıl Rəhimovun sözlərinə görə, dairələrin sayının dəyişdirilməsi ilə bağlı məsələ gündəmdə deyil.

Ş.Əsədli isə deyir ki, hazırda 125 seçici dairəsində təmsilçilik normasına riayət olunması üçün intensiv işlər aparılır. Amma haqqında konkret bəhs etdiyi dəyişikliklər yenə də dairələrin hüdudları ilə yox, məntəqələrin kompozisiyası ilə bağlıdır:

“Seçki məntəqələri üzrə seçicilərin ən az və ən çox say həddi var. Seçki Məcəlləsində hər məntəqə üzrə maksimim 1500 seçici nəzərdə tutulur. Bu həddə riayət olunmaqla seçki məntəqələrinin yenidən yaradılması istiqamətində iş aparılır. Yeni yaradılan seçki məntəqələrinin sayı və bu istiqamətdə aparılan işlərin nəticəsi barədə ictimaiyyətə açıqlama veriləcək”.

SEÇİCİLƏRİN SAYI YENƏ KƏM GƏLİR

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ölkədə 18 yaşından yuxarı əhalinin sayı 7 milyon 200 mini ötüb. Bu o deməkdir ki, MSK siyahısında seçicilərin sayı həqiqi səsvermə hüququ olanların sayından təqribən 800 min nəfər kəmdir. Deməli, seçici siyahılarında hələ bundan sonra da dəqiqləşmələr davam edə bilər.

İndiyə qədərki dəqiqləşmələrin nəticəsində Naxçıvanı Milli Məclisdə təmsil edən deputatların sayı azalacaqmı, Sabunçu və Binəqədi əhalisinin parlamentdə sözünü deyəcək millət vəkillərinin sayı artacaqmı? Qanun tələb edir. Mərkəzi Seçki Komissiyası isə hələ bilmir.

 

 

 

 

 

 

 

 

 

 

Siyasət

İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin

16 Avqust 2022

Sosial mediadan skrinşot

İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün, avqustun 16-da "tvitter"də britaniyalı yazıçı Salman Rüşdinin bıçaqlanmasıyla bağlı video müraciət yayıb.  Corc Dik müraciətində deyib:  "İranın Azərbaycandakı səfiri yaxınlarda məni ölümlə təhdid etdi. O, "tvitter"də yazdı ki, mən qırmızı xətti keçmişəm, ona görə də İran xalqı məni dəfn edəcək. İndi siz Salman Rüşdinin bıçaqlandığını eşidərkən mənim nə düşündüyümü təsəvvür edə bilərsiniz. Çünki İran həm də demişdi ki, o, [Salman Rüşdi] qırmızı xətti keçib və onu da ölümlə hədələmişdi. Və terrorçu onu günün günorta çağl öldürməyə cəhd etdi. Ona görə də indi siz mənim müəyyən qədər şəxsi hisslərimi təsəvvür edə bilərsiniz.  https://toplum.tv/siyaset/iranin-azerbaycandaki-sefiri-israilli-hemkarini-tehdid-etdi Həftələr...
Siyasət

Qarabağ Azadlıq Təşkilatı adını dəyişir, partiyaya çevrilir

16 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Qarabağ Azadlıq Təşkilatı adını dəyişib Azad Vətən Partiyasına çevriləcək.  Bunu təşkilatın sədri Akif Nağı avqustun 16-da APA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, qanunvericilik təşkilatın yenidən təşkilinə icazə verir. Bununla əlaqədar Təşkilat Komitəsi yaradılıb, sabah qurultay keçiriləcək. Qurultayda Qarabağ Azadlıq Təşkilatının Azad Vətən Partiyasına çevrilməsi barədə qərar qəbul ediləcək. Partiya sədrliyinə namizəd Akif Nağıdır. "Qarabağ Azadlıq Təşkilatı" - 1993-cü ildə yaradılıb.  Təşkilatın ilk adı Qarabağ Azadlıq Hərəkatı olub, 2000- ci il yanvarın 28-də keçirilən qurultayda adın indiki forması - Qarabağ Azadlıq Təşkilatı qəbul olunub. 

Seçilmiş Videolar

Toplum TV loqo