Nemət Kərimli: “Bu qədər biabırçı istintaqı əsas götürüb hökm çıxarıblar”
Sosial Media
İyunun 21-də “Qarabağ məhbusları”nın daha bir neçəsinə hökm oxunub.
Səbayel Rayon Məhkəməsi AXCP sədrinin müşaviri Asif Yusifliyə 4,6 il, AXCP üzvləri Elnur Cabbarlı, Müşfiq Quliyev və Elvin Məmmədova 4 il, Seymur Əhmədzadəyə isə 3,6 il şərti cəza kəsib. Digər məhbuslara - Taleh Məmişova 4,6 il, Siyavuş Mustafayev və başqalarına isə 4 il şərti cəza verilib.
Vəkil Nemət Kərimli “Toplum TV”-yə açıqlamasında qərardan apelyasiya şikayəti verəcəklərini bildirib. “Qərar birmənalı şəkildə qanunsuz və əsassızdır. Məhkəmə istintaqı zamanı hüquqlarını müdafiə etdiyim Asif Yusifli və digər cəbhəçilər barədə ortaya hər hansı sübut qoyulmadı. Təqsirləndirilən şəxslərdən biri etiraf etdi ki, polisə təpiklə vurub. Hətta bununla bağlı da sübut təqdim olunmadı. Qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin etirafı ittiham üçün əsası ola bilməz, digər sübutlarla təsdiq olunmalıdır. Yəni bu qədər biabırçı istintaqı əsas götürüb hökm çıxarıblar. Əlbəttə, tamamilə qanunsuz və əsassızdır. Apelyasiya şikayəti verəcəyik. Bu iş üzrə həbs qətimkan tədbirinin pozulması; həbsxanada görüşlərə, telefon danışıqlarına icazə verilməməsi ilə bağlı Avropa Məhkəməsinə müraciət olunub. Sonda isə Ali Məhkəmənin qərarından Avropa Konvensiyasının 6-cı maddəsi üzrə - məhkəmə hüququnun pozulması ilə bağlı məhkəməyə müraciət olunacaq”.
Asif Yusifli qərarın siyasi motivli olduğunu bildirib:
“İstər cəbhəçilərin, istərsə də digərlərinin heç bir günahı yoxdur. İstintaqda irəli sürülən ittihamlar məhkəmə zamanı sübut olunmadı. Bizə prokurorluğun quraşdırdığı saxta ittihamlar əsasında cəza verildi. Şübhəsiz ki, bunu qanunsuz hesab edirik. Azərbaycandakı məhkəmə instansiyalarını keçəndən sonra Avropa İnsan Haqqları Məhkəməsinə müraciət edəcəyik. Təkcə cəzanın ləğvi deyil, həm də bizə vurulmuş maddi və mənəvi ziyanın, o cümlədən 4 aylıq həbs müddətinin, 17 aydan artıq ev dustaqlığının, aylarla, illərlə məhkəmələrdə sürünməyimizin də kompensasiya olunması üçün axıra kimi mübarizə aparacağıq”.
Ötən ilin 15 iyulunda Tovuz rayonunda Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişədən sonra Bakıda təqribən 30 min nəfərin iştirakı ilə "Qarabağ yürüşü" keçirilib. Yürüş zamanı bir qrup şəxs parlament binasına daxil olub və qarışıqlıq yaradıb. Hadisə ilə əlaqədar cinayət işi açılıb, onlarla şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər arasında 15 nəfər AXCP fəalı da var. AXCP bu ittihamların saxta olduğunu, üzvlərinin siyasi sifarişlə məsuliyyətə cəlb edildiyini bəyan edib. Partiyadan bildirilib ki, təqsirləndirilən cəbhəçilərdən bir neçəsi o yürüşdə ümumiyyətlə iştirak etməyiblər.
Hüquq müdafiəçiləri də həbslərin siyasi motivli olduğunu düşünürlər.
Toplum Tv
Reuters
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”