Siyasət

Nensi Pelosinin Ermənistan səfəri: Demokratiyaya dəstək, yoxsa seçki öncəsi kampaniya?

Samirə Əli
19 Sentyabr, 2022
909

Açıq mənbələrdən götürülüb

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycanda müzakirə mövzusudur. Amerikalı spiker Ermənistana sentyabrın 17-də gəlib. İki günlük səfər zamanı ABŞ nümayəndə heyətində N. Pelosi ilə yanaşı, Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsinin sədri Frank Palone və Nümayəndələr Palatasının üzvləri Anna Eşu və Ceki Speyer də təmsil olunublar.

"Ermənistan bizim üçün vacib ölkədir və biz Konqres adından Azərbaycanın Ermənistana ölümcül hücumlarını qətiyyətlə pisləyirik", - deyə Nensi Pelosi Ermənistan parlamentinin spikeri ilə görüşün yekunlarına dair brifinqdə deyib. O bildirib ki, ABŞ Ermənistanın suverenliyini dəstəkləyir.

“Bu səfər 200-dən çox insanın həlak olduğu sərhəd toqquşmalarına səbəb olan Azərbaycanın Ermənistan ərazisinə qanunsuz və ölümcül hücumlarından sonra xüsusi əhəmiyyət kəsb edir.

ABŞ Konqresi adından Azərbaycanın Ermənistan ərazisinə ölümcül hücumlarını qətiyyətlə pisləyirik.

ABŞ hücumun Azərbaycan tərəfindən həyata keçirildiyini təsdiqləyib və Konqres Azərbaycanın təcavüzünü pisləyən qətnamə layihəsi hazırlayıb

Azərbaycanın “Artsax”ın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrə qarşı vandalizmi bizim diqqətimizdədir”, - deyə o çıxışında bildirib.

Bəs ABŞ Nümayəndələr Palatası spikerinin bu çıxışı hazırkı sülh danışıqları fonunda Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir edə bilər?

“Regional sülhü baltalayan səfər”

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi, siyasi şərhçi Araz Aslanlı “Toplum Tv”-yə açıqlamasında deyir ki, bir çox xarici dövlətlər Azərbaycanla Ermənistan arasında gərginliyin başladığı ilk dövrdən münaqişəni daha da dərinləşdirən mövqe ortaya qoyublar:

“Yəni bizim mütərəqqi, demokratik hesab etdiyimiz bir çox dövlətlər konkret məqamda elə açıqlamalar verə, elə qərarlar qəbul edə bilərdilər ki, münaqişə bu qədər dərinləşməzdi.  O dövlətlərsə Azərbaycan və Ermənistan cəmiyyətlərində digər tərəfə qarşı aqressivliyi təşviq edəcək addımlar atıblar.

44 günlük müharibədən sonra da bənzər yanaşmalar görürük. Bu baxımdan Pelosinin  mövqeyi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına deyil,iki cəmiyyətdə qarşılıqlı mənfi duyğuların artmasına xidmət edir”, - deyə siyasi şərhçi əlavə edib.

https://toplum.tv/siyaset/kreml-pelosinin-ermenistan-seferine-serh-verdi

A.Aslanlının sözlərinə görə, spikerin səfəri Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə səbəb olmaz, amma bu, hazırda davam edən sülh danışıqları prosesini də “baltalayır”.

 

Araz Aslanlı - Açıq mənbələrdən götürülüb

“Hamıya aydındır ki, ermənilərin soyqırım iddiaları Ermənistanla Türkiyə arasındakı münasibətlərin gərginləşməsinə səbəb olub.  Dünən Pelosinin uydurma soyqırım abidəsinin qarşısında ağlaması epizodu ermənilərlə qonşu ölkələr arasındakı gərginliyi  artıran duyğuları alovlandırdı. Bu gözyaşları münasibətlərin yaxşılaşması üçün olan  töhvələri sıfıra endirdi. Bu həmçinin Ermənistanla Türkiyə arasındakı münasibətlərin yaxşılaşmasına, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına imkan verməyəcək.

Başqa prizmadan baxsaq, görərik ki, Rusiya Cənubi Qafqazda illərdir, Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllinə imkan verməyib. Bəlkə Qərb sülh üçün daha çox çalışa bilərdi deyə zənn edirdik. ABŞ, Avropa dövlətləri Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması üçün daha effektiv mövqe tuta bilərdilər. Amma görürük ki, Qərb də tərəfsiz deyil. O, ya beynəlxalq hüquqa uyğun davranmalı, ya da ədaləti gözləməsə belə, balansı qorumalı idi.  Hazırda Azərbaycanla Ermənistan arasında müəyyən doğruları və yanlışları ilə birgə bir proses gedir. Pelosinin təktərəfli səfəri, açıqlamaları və davranışları isə sülhü baltalayan addımlar idi”, - deyə Aslanlı qeyd edib.

Ermənistana dəstək, yoxsa seçki öncəsi kampaniya?

Milli Məclisin deputatı Asim Mollazadə “Toplum Tv”yə verdiyi açıqlamada Pelosinin səfərini onun ABŞ Konqresinə seçkilər qabağı apardığı kampaniya ilə əlaqələndirib:

“Noyabrda Konqresə seçkilər olacaq və bu seçkilər zamanı belə gözləntilər var ki, Demokratlar Partiyası bir çox yerləri itirəcək. Pelosi də bu səfəri edərkən erməni diasporunun və onun maliyyə dəstəyini qazanmaq istəyini nəzərə alıb. Bu səfər ancaq onun şəxsi və siyasi maraqları ilə bağlıdır. Səfər nəinki Azərbaycana qarşıdır, hətta Amerika Birləşmiş Ştatlarının dövlət maraqlarına da qarşıdır”.

Ermənistan Rusiya və ABŞ arasında qala bilərmi?

N.Pelosinin səfərindən əvvəl ilk dəfə ən yüksək səviyyəli erməni rəsmilərinin dilindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ünvanın tənqidlər səslənib.

Ermənistanın Azərbaycanla hərbi münaqişəyə müdaxilə etmək çağırışına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının reaksiyası rəsmi Yerevanın kəskin tənqidinə səbəb olub və “sönük reaksiya” kimi qiymətləndirilib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanla Rusiya arasında dostluq və qarşılıqlı yardım haqqında sazişin olduğunu, erməni tərəfinin Moskvadan daha nəzərəçarpacaq hərəkətlər gözlədiyini xatırladıb. Simonyan əlavə edib ki, təkcə  bəyanatlar kifayət etmir.

Əvvəllər Ermənistanda KTMT əleyhinə tənqidlər daha çox media müstəvisində qalırdısa, Simonyan parlamentin spiker kimi bu ənənəni pozub.

https://toplum.tv/siyaset/blinken-sulh-muqavilesi-ucun-ilham-eliyeve-zeng-etdi

Deputat Asim Mollazadə düşünür ki, Ermənistan tərəfinin Rusiyaya qarşı çıxması ilk dəfə deyil:

“Gördüyünüz kimi, xanım Pelosinin səfərindən öncə Yerevanın Zvartnots hava limanında Rusiya Prezidenti Vladimir Putinin fotosu olan plakatı çıxarmışdılar. Bu gün Ermənistan rəhbərliyi hər bir istiqamətdə vurnuxur. Rusiyanın zəifləməsi nəticəsində özlərinə yeni bir qüvvə tapmaq istəyirlər. Bu, ilk dəfə deyil. Dəfələrlə imperiya zəifləyən zamanlarda onlar qarşı tərəfə cumublar. Bu gün Ermənistan tərəfi Ukrayna ilə Rusiya arasındakı münaqişənin sonunu gözləyir ki, hansı tərəfə getmək lazım olduğunu müəyyənləşdirsin”, - deputat bildirib.

Asim Mollazadə - Açıq mənbələrdən götürülüb

Siyasi şərhçi Araz Aslanlıya görə isə, Ermənistanın Rusiyadan bir anda qopması və ABŞ-a yaxınlaşması real görünmür.

“Məsələn, Ukrayna üçün bu imkanlar var. Amma Gürcüstan nümunəsində də biz gördük ki, siyasi hakimiyyət, ictimai rəy çox fərqli olsa belə, bu, praktikada nəticə vermədi. Ermənistan üçün də belə olacaq”.

Azərbaycan Xarici İşlər Nazirliyi Nensi Pelosi-nin Yerevandakı məlum açıqlamaları ilə bağlı sentyabrın 19-da bəyanat yayıb. XİN spikerin çıxışını "əsassız, ədalətsiz və qəbuledilməz" adlandırıb. Qurumdan bildirilib ki, bu səfər Ermənistanla Azərbaycan arasında hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo