Siyasət

Orduda qeyri-döyüş şəraitində ölənlərin sayı niyə artır: “Ordu üzərində vətəndaş nəzarəti yoxdur”

Vüsalə Mikayıl
31 Mart, 2022
287

Müharibədən sonra Azərbaycan ordusunda qeyri-döyüş şəraitində 85 nəfər həyatını itirib. Bu, 2022-ci ilin 31 yanvarına qədər olan statistikadır.

Təkcə 2022-ci ilin yanvarında  Azərbaycan müdafiə və təhlükəsizlik sektorunun ümumi itkiləri 11 nəfər olub. Onlardan 1 nəfəri erməni gülləsi, 3 nəfər qeyri-nizamnamə hadisələri, 2 nəfər naməlum səbəbdən, 3 nəfər xəstəlik səbəbindən, 1 nəfər isə bədbəxt hadisə nəticəsində həlak olub.

2022-ci ilin ilk ayında 1 hərbi qulluqçu intihar edib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun yanvarın 31-nə olan araşdırmasına görə, Azərbaycan hərbi sektoru müharibədən sonra 110 hərbi qulluqçu itirib.

Ümumilikdə müharibədən sonrakı ötən dövrdə 15 nəfər Ermənistan tərəfinin açdığı atəşdən, 14 nəfər təyyarə qəzasından, 12 nəfər avtoqəzadan, 12 nəfər bədbəxt hadisədən həlak olub.

Həmçinin 10 nəfər mina partlayışından, 10 nəfər müxtəlif xəstəliklərdən, 9 nəfər naməlum səbəbdən, 9 nəfər müharibədə aldığı xəsarətlərdən, 5 nəfər qeyri-nizamnamə hadisəsindən, 2 nəfər əməliyyat tədbirində həyatını itirib. 12 nəfərsə intihar edib. Ümumilikdə, 85 nəfər qeyri-döyüş şəraitində həyatını itirib.

Hərbi ekspert Ramil Məmmədli deyir ki, statistikada  narahatedici əsas məqam qeyri-döyüş şəraitində ölən hərbçilərin daha çox olmasıdır: “Ordu da canlı orqanizm kimidir. Mülki həyatda baş verən hadisələrin eyni forması həm də orduda baş verir. Bu baxımdan Silahlı Qüvvələrdə baş verən ölüm hallarını orduda nizamnamədən kənar hal kimi təqdim etmək düzgün olmaz, çünki bu orduda nizam-intizam olmaması anlamına gələ bilər. Əslində, belə deyil”.

Ramil Məmmədli - Açıq mənbələrdən götürülüb

Ekspert bildirir ki, mülki həyatda məsuliyətsiz şəxs hərbidə də nizam-intizamsız olur: “Düzdür, orduda qayda-qanun olduqca möhkəm olmalıdır. Silahlı qüvvələrin sayı və qeyri-döyüş şəraitində həlak olanların sayını müqayisə etsək, məsələn, 100 nəfərin qeyri-döyüş şəraitində həlak olması heç də orduda nizam-intizamın aşağı olması demək deyil. Azərbaycan ordusunda kifayət qədər qayda-qanun var, əsgərlərin hüquqlarının qorunması yüksək səviyyədə icra olunur”. 

“Nəzarət mexanizmləri olmalıdır”

Hərbi ekspert Ruslan İmamquliyev torpaqların işğaldan azad olunmasından sonra ərazidə yerləşmək, mövcud şəraitə uyğunlaşmaq kimi məsələlərinin olduğunu diqqətə çatdırır: “Bu prosesdə canlı minalar dediyimiz terroristlərin, həm də minalanmış sahələrin olması bizim təxribatlara məruz qalcağımızı gözlənilən edirdi. Təhlükəsizilik qaydalarına daha çox əməl edilib-edilməməsi ədliyyə orqanlarının baxması gərəkən məsələdir. Amma təbii ki, döyüş şəraitində bu cür halların baş verməməsi üçün də lazımi istiqamətlərdə nəzarət mexanizmləri olmalıdır”.

Ruslan İmamquliyev - Açıq mənbələrdən götürülüb

R.İmamquliyev nəzarət mexanizmləri deyərkən hərbi qulluqçuların döyüş şəraitində maksimum təhlükəsizliyin təmin olunduğu mövqelərdə xidmət aparmasını, təhlükəli ərazilərdə ola biləcək təxribatların qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsini, ərazi haqqında maksimum kəşfiyyat məlumatlarının toplanmasını nəzərdə tutur.

Ekspertə görə,  işğaldan azad olunmuş ərazilərə nəzarət artıq Azərbaycan tərəfində olduğu üçün kəşfiyyat məlumatlarını toplamaq labüddür. Belə olan halda  təxribat qruplarının fəaliyyət sahələri və marşrutları əvvəlcədən təyin edilməli, risklər qiymətlənmdirilməlidir.

2020-ci ildəki 44 günlük müharibədən sonrakı dövrdə (2020-ci il, noyabrın 10-dan dekabrın 31-dək):

- ümumilikdə 15 hərbi qulluqçu həlak olub. 3 nəfər Ermənistan tərəfinin açdığı atəşdən, 7 nəfər mina partlayışından, 5 nəfər müharibə dövründə aldıqları xəsarətlərdən həlak olub. Ölənlərin 10 nəfəri əsgər (həmçinin MAXHQ), 4 nəfəri zabit, 1 nəfəri isə gizir hərbi rütbəsində olub. 2020-ci ilin müvafiq dövründə 2 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb.

2021-ci ildə isə ümumilikdə 84 hərbi qulluqçu həlak olub. Onlardan 11 nəfəri döyüş , 73 nəfər isə qeyri-döyüş itkiləridir.

Müharibədən öncəki 2019-cu ildə Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 47 hərbi qulluqçu həyatını itirib.  Onlardan 9 nəfəri döyüş, 38 nəfəri isə qeyri-döyüş itkisi olub.

Rəqəmlər göstərir ki, 2019-cu ildən bu yana 123 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib. Müharibədən sonra isə 12 nəfər intihar edib.

“İntiharların səbəbi ya “dedovşina”, ya da nizamnamədən kənar hallar ola bilər”

Hərbi ekspert Azad İsazadə deyir ki, ölümlərlə bağlı hesabatlar açıqlanmadığından səbəbləri dəqiq demək çətindir. Ekspert hər bir döyüşdən kənar ölüm və ya xəsarət barədə minumum araşdırma aparıldıqdan sonra istintaq işi açılmalı olduğunu deyir.

“Bir çox ölkələrdə ordu üzərində nəzarət var. Parlament, yerli hakimiyyət, valideynlər və s. bu nəzarəti həyata keçirir. Təəssüf ki, bizdə ordu üzərində vətəndaş nəzarəti formalaşmayıb. Ona görə də ölümlərin nədən baş verməsi üzərində biz ancaq versiyalar irəli sürə bilərik. Konkret cavab yoxdur. İstintaq işi açılırsa da, onlar haqqında heç bir hesabat təqdim edilmir. Nadir hallarda hansısa məlumat verilir. Vətəndaş nəzarəti o demək deyil ki, hamı gedib orduya nəzarət etməlidir. Hərbi sirr daşımayan şəraiti araşdırmaq üçün konkret vətəndaş strukturları olmalıdır”, - deyə o bildirib. 

Azad İsazadə - Sputnik 

Ekspert deyir ki, əgər orduda intihar hadisəsi varsa, ilk olaraq “dedovşina” nəzərə alınmalıdır. Çünki intiharların səbəbi ya “dedovşina”, ya da nizamnamədən kənar hallar ola bilər.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu göndərilsə də, cavab almaq mümkün olmayıb.

Siyasət

DİN: Böyük Britaniya səfirliyinin yanlış məlumat yayması qəbuledilməzdir

17 May 2022

Toplum Tv

Daxili İşlər Nazirliyi Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin 14 may aksiyasnda polisin aksiyaya müdaxilə etməsi saxlanılan şəxslərin olması barədə məlumatına münasibət bildirib. Toplum Tv DİN-in rəsmi saytında dərc olunan bəyanatda deyilir ki, mayın 14-də bir qrup şəxs Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirib: “Bu aksiyanın Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa zidd keçirilməsinə baxmayaraq polis əməkdaşları tərəfindən aksiyaya müdaxilə edilməyib, əksinə iştirakçıların təhlükəsizliyi təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb”. Toplum Tv DİN vurğulayır ki, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin polisin aksiyaya ciddi müdaxilə...
Siyasət

Əliyev Tokayevi Azərbaycana dəvət edib

17 May 2022

president.az

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək. "president.az”ın məlumatına görə, bu gün, mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. “İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub", - məlumatda qeyd olunub. Dövlət başçıları iki ölkə arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər

Seçilmiş Videolar

Toplum TV loqo