Amerika dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevi Laçın dəhlizinin dərhal kommersiya nəqliyyatı üçün açmağa çağırıb.
Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Bu haqda "Turan"ın Vaşinqton müxbiri xəbər verib.
Blinken Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtdığını vurğulayıb.
“Blinken prezident Əliyevi Ermənistanla ikitərəfli sülh müzakirələrində səyləri ikiqat artırmağa təşviq edib”, - Prays qeyd edib.
Blinkenin Azərbaycanda insan haqları ilə bağlı narahatlıqlara da toxunduğu deyilir, ancaq detallar açıqlanmır.
Azərbaycan tərəfinin yaydığı məlumatda isə bildirilir ki, Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını, etiraz aksiyasının davam etdiyi müddətdə sözügedən yoldan 980-ə yaxın nəqliyyat vasitəsinin keçdiyini vurğulayıb.
Onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyilib.
Eyni zamanda, İlham Əliyev Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin olunduğunu qeyd edib.
Dövlət başçısı həmçinin bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq, təftiş aparmaq imkanı təmin edilməlidir.
Azərbaycan Prezidenti Ermənistanın 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşınmasına da toxunub.
“Ölkəmiz sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiqdir. Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir",-deyə prezident söyləyib.
Prezident İlham Əliyev Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib.
Ötən ilin dekabrından Azərbaycanlı olan ekofəallar Laçın-Xankləndi yolunda erməni tərəfin faydalı qazıntı yataqlarını istismar etməsinə etiraz edirlər. Rəsmi Yerevan və bəzi neynəlxalq qurumlar bunun Qarabağda yaşayan ermənilər üçün humanitar böhrana səbəb olduğunu iddia edir, Azərbaycan tərəfsə əksini bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb