Siyasət

Paralimpiyaçıların uğurunun sirri: "14 qızıl medal fantastik nəticədir"

Məzahir Abdurahmanov
7 Sentyabr, 2021
1964

Sosial Media

“Paralimpiyaçıların qazandığı nəticəyə təsadüfi demək olmaz. Hər bir idmançının bu qalibiyyətdə böyük əziyyəti var”.

İdman şərhçisi Azər İsmayıl Azərbaycan millisinin Tokio-2020 Yay Paralimpiya Oyunlarını 19 medalla başa vurmasını “Toplum TV”-yə şərh edərkən belə deyib. 

Azərbaycan millisi Yaponiyanın paytaxtı Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarını 14-ü qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla 19 medalla başa vurub. 

Azərbaycan 163 ölkənin qatıldığı bu oyunlarda qazanılan nəticələrə əsasən 10-cu pillədə qərarlaşıb.

A.İsmayılın dediyinə görə, Azərbaycan Milli Paralimpiya Komitəsinin gördüyü işlər bu nəticələrin olacağına dair siqnal verirdi: “Əhalinin faiz nisbəti ilə götürsək və ora yollanılan idmançı sayına baxsaq, əldə edilən 14 qızıl medal fantastik nəticədir. Milli Paralimpiya Komitəsinin son iki-üç ildə bir çox işlərini görmüşəm. Çox istəkli və həvəsli qurumdur. Onlar Bakıda paracüdo Qran-Pri turnirini keçirəndə də belə nəticələrin olacağını düşünmək olurdu".

Azər İsmayıl - Sosial Media

Digər idman şərhçisi Ağa Dadaşzadə Paralimpiya Oyunlarında qazanılan uğuru idmançıların motivasiyası ilə əlaqələndirib. 

“Bu nəticələrin qazanılmasına səbəb paralimpiyadaçılarda olan ruh yüksəkliyi idi. Paralimpiya və Olimpiya Oyunlarında əsas məsələlələrdən biri də ilk idmançının uğurudur. İlk idmançı yaxşı çıxış edərsə, medal qazanarsa, digərləri də onun ardınca gedir”, - deyə A. Dadaşzadə bildirib.

Azərbaycan Paralimpiya Oyunlarında 14 qızıl medal qazandığı halda niyə Olimpiya Oyunlarında bircə qızıl medal belə qazana bilməyib?

Tokio-2020 Yay Olimpiya Oyunlarında 3 gümüş və və 4 bürünc medal qazanan Azərbaycan yarışı 67-ci sırada tamamlayıb.

A. İsmayıl bildirir ki, Olimpiya Oyunlarındakı uğursuz nəticənin bir çox səbəbi var: “Azərbaycan millisinin Olimpiya Oyunlarında qızıl medal qazana bilməmisinin ilk səbəblərindən biri psixolojidir. Bir qızıl medal qazana bilsəydik, ardı gələ bilərdi. Digər məsələlərdən biri də fedarasiyalarda olan çoxsaylı problemlərdir. Xüsusilə də idarəçilikdə, legionerin milliləşdirilməsi məsələsində, gənclərin düzgün yetişdirilməməsində səhvlər var. Hətta bəzi idmançılar fedarasiyaların onlara yaratdığı şəraitdən şikayət edirdilər”.

A. Dadaşzadə isə hesab edir ki, Azərbaycan idmançıları Olimpiya Oyunlarına zəif hazırlaşmışdılar: “İdmançılarda mənasız bir rahatlıq, ifrat dərəcədə özünəinam var idi. Karantini biz bahanə edə bilmərik. Çünki digər ölkələrdə də karantin olub. Düşünürəm ki, bizim idmançılar rəqiblərə yuxarıdan aşağı baxırdılar. Ona görə də ilk məğlubiyyətin ardı gəldi”.

Ağa Dadaşzadə - Sosial Media

Paralimpiyaçılara verilən pul və mükafatlar

Prezident İlham Əliyev sentyabrın 6-da paralimpiyaçılar (və onların məşqçiləri) üçün mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Tokio-2020 Yay Paralimpiya Oyunlarında birinci yeri qazanan idmançıya iki yüz min (məşqçisinə yüz min), ikinci yeri qazanana yüz min (məşqçisinə əlli min), üçüncü yeri tutana isə əlli min (məşqçisinə isə iyirmi beş min) manat pul mükafatı veriləcək.

A. İsmayıl paralimpiyaçılara ayrılan pul mükafatının normal olduğunu düşünür: “Olimpiyaçılara ayrılan pullar da təxminən bu həddə olsa yaxşı olar. Fantastik məbləğlər fərqli nəticələr verir. Hətta bu, bəzən idmançının karyerası baxımından fəlakətə gətirib çıxarır. Çünki Azərbaycanda müəyyən insanlarda belə bir xasiyyət var ki, külli miqdarda pul görəndə karyeralarını atıb biznes qurmağa çalışırlar”.

Paralimpiyadakı nəticələr fiziki məhdudiyyətli insanlara diqqət və qayğının artmasına səbəb ola bilərmi?

Sosioloq Sənubər Heydərova zənn edir ki, Paralimpiya Oyunlarındakı nəticələr məhdudiyyətli insanlara diqqət və qayğını artırmayacaq: “Əlillərə olan qayğı, onların vəziyyətlərinin və şəraitlərinin yaxşılaşdırılması ilə bağlı 2005-ci ildən müzakirələr gedir. Ancaq ortada heç bir nəticə yoxdur. Son 2 ildə Təhsil Nazirliyi inkluziv təhsillə bağlı layihələr icra etməyə başlasa da pandemiya şəraitində heç bu da mümkün olmur”. 

Sənubər Heydərova - Sosial Media

“Paralimpiyaçılar Azərbaycana gəldikdən sonra yenidən evə qayıdacaqlar. Məşq vaxtlarında da yaxın olan idman zallarına gedəcəklər. Ancaq bu adamlar nə avtobusdan, nə də ki, metrodan istifadə edə bilirlər. Əlillər üçün ayrılan pullar nəzarətsiz olduğu üçün yeyilir. Çünki rəhbərlik bu icmadan deyil”, - sosioloq qeyd edib.

Digər sosioloq Əhməd Qəşəmoğlu isə düşünür ki, nəticələr qayğının artmasına kömək etsə belə, təkcə bununla çox şey dəyişməyəcək: “Fiziki məhdudiyyətli insanlara diqqət və qayğının artması dövlətin apardığı sosial siyasətdən asılıdır. Paralimpiya Oyunlarındakı nəticələr fiziki məhdudiyyətli insanlara diqqəti artırır, onları yada salır. Bu sahədə sosial siyəsət də öz nəticəsinin yaxşı göstərdi. Nəhəng ölkələrin arasında belə bir yer tutmaq, onu göstərir ki, bu sahədə müsbət fəaliyyət var”.

Əhməd Qəşəmoğlu - Sosial Media

Azərbaycan Milli Paralimpiya Komitəsindən “Toplum TV”-yə bildirilib ki, sentyabrın 8-dək paralimpiyaçıların hamısı Azərbaycana qayıdacaq. Komitədən əlavə suallara hazırda cavab verə bilməyəcəklərini deyiblər. 

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması 22 idmançı ilə 6 idman növü üzrə təmsil olunmuşdu. Həmin Paralimpiya Oyunlarında 1 qızıl, 8 gümüş və 2 bürünc medal qazanan Azərbaycan yığması 159 dövlət arasında medalların əyarına görə 48-ci yeri, sayına görə isə 33-cü yeri tutmuşdu.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo