Siyasət

Paşinyan Moskvaya nə məqsədlə getmişdi? – Mətbuata açıqlanmayan detallar

Məzahir Abdurahmanov
14 Oktyabr, 2021
563

Rəsmi Səhifə

“Rusiya Zəngəzur dəhlizinin açılmasına maraqlıdır”

Bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyası Prezidenti Vladimir Putin arasında baş tutan görüşü “Toplum TV”-yə şərh edərkən deyib.

İki ölkə liderinin oktyabrın 12-də Moskvada baş tutan görüşündə əsas etibarilə üçtərəfli sazişin öhdəliklərinin yerinə yetirilməsi, sərhəddə delimitasiya və demarkasiya xətlərinin çəkilməsi, "3+3" əməkdaşlıq formatı kimi məsələlər müzakirə olunub. Rusiya Prezidenti V. Putin açıqlamasında bildirib ki, tərəflər tez-tez əlaqə saxlayırlar, amma üzbəüz görüşlər daha məhsuldar keçir. N. Paşinyanın çıxışında isə ən diqqətçəkən məqam o olub ki, o, bir daha Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını bəyan edib. Bundan başqa iki ölkə rəhbərinin görüşü barədə mətbuatda xüsusi informasiya yer almayıb.

Bəs əslində, Paşinyanın Rusiyaya səfəri nə ilə yada qaldı və görüşün əsas məqsədi nə idi?

Siyasi şərhçi Nəsimi Məmmədli görüşü şərh edərkən bildirib ki, müzakirə olunan məsələlər sırasında 10 noyabr Atəşkəs Bəyanatının icrasına dair vəziyyət xüsusi yer tutub: “Bu Bəyanatın icrası Rusiyanın regionda varlığını şərtləndirən ən mühüm məsələdir. Rusiya uğurlu vasitəçilik missiyası ilə münaqişə tərəflərini və beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymağa çalışır”.

“Digər tərəfdən, nəzərə almalıyıq ki, Ermənistanla Rusiyanın ikitərəfli dərin strateji müttəfiqlik münasibətləri var. Bu ölkələr arasındakı müzakirə mövzuları -  iqtisadi, siyasi, hərbi və təhlükəsizlik əlaqələrini əhatə edir. Rusiya Ermənistanı Cənubi Qafqazda dövlət kimi yaradan və qoruyan ölkədir. Aralarında bəzi siyasi məsələlərdə fikir müxtəlifliyi olsa da, digər məsələlərdə etibarlı tərəfdaşdırlar. Paşinyan anlayır ki, onun hakimiyyətinin əsas qarantı artıq Rusiyadır. Odur ki, daxili və xarici siyasətində Rusiyanın istəklərini və maraqlarını nəzərə alır”, - siyasi şərhçi əlavə olaraq qeyd edib.

Nəsimi Məmmədli - VOA

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə hesab edir ki, Rusiya Ermənistanın rəhbər şəxslərini Moskvaya təlimatlar vermək üçün çağırır:

“Görüşün detallarını tam bilə bilmərik. Ancaq görüş mərasimindən yayılan kadrlar ortada isti münasibətlərin olduğunu göstərirdi. Xüsusilə girişdə deyildi ki, birlikdə nahar ediləcək, söhbət aparılacaq, bəzi məsələləri həll ediləcək. Bu görüşdə müzakirə olunan məsələlər arasında provakativ detallar nəzərə çarpmırdı”.

Ekspert Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini təşviq etmək ehtimalı ilə bağlı belə deyib: “Açığı desək, sülh hələ uzaqdadır. Ermənistan müdafiə nazirinin, Baş nazirinin, parlament spikerinin, ardınca kotolikosun Rusiyaya çağırılması onu göstərir ki, Rusiyanın bu dəfəki misiyası onları ortaq məxrəcə  gətirməkdir. Ermənistanda xüsusilə kotolikosun fikirləri Paşınyanın fikirləri ilə üst-üstə düşmür. Kotolikos daha qızışdırıcı mövqe sərgiləyir”.

Rusiya və Ermənistan liderlərinin görüşündə mətbuata açıqlanmayan qərarlar qəbul edilə bilərmi?

İ.İsmayıl söyləyir ki, mətbuata açıqlanmayan məsələlər qərar kimi qəbul edilmir: “Açıqlanmayan məsələlər bölgədə vəziyyəti gərginləşdirər. Əgər açıqlanmayan məsələlər üçtərəfli sazişin əleyhinədirsə və qızışdırıcı faktorlardırsa, onda bölgədə gərginlik yaranar. Gərginlik isə Rusiyanın manefeyinə uyğun deyil”.

İlham İsmayıl - Açıq mənbə

N.Məmmədlinin fikrincə isə, görüşdə hansısa gizli qərarların qəbul edilməsi ehtimalı ola bilər:

“Ermənistanın daxilində Rusiyanın dəstəyi olmadan siyasi sabitliyə nail olmaq çətindir. Rəsmi Yerevan Rusiyaya bağlı güclü müxalifətin mövcudluğu ilə hesablaşmaq məcburiyyətindədir. Hər hansı sülh variantı müzakirə olunarsa, bu zaman Ermənistan ciddi güzəştlərə getməli olacaq. Belə olduqda, Ermənistanda kövrək siyasi sabitlik pozula bilər. Odur ki, bu istiqamətdə müəyyən qərarların qəbulu mümkündür. Habelə, Ermənistan-Türkiyə və Ermənistan-İran ikitərəfli münasibətlərini əhatə edən qərarlar da istisna deyil”.

Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı ola bilərmi?

Azərbaycanın bir sıra media qurumlarında Rusiyanın Ermənistana Zəngəzur dəhlizini açmaq üçün təzyiq etdiyinə dair informasiyalar yayılmışdı. Putin və Paşinyanın görüşündə Zəngəzur dəhlizinin açılması məsələsinin də müzakirə edildiyinə dair ehtimallar səsləndirilib. Bunlar nə qədər ağlabatan ehtimallardır?

Zəngəzur dəhlizi - Sputnik

Nəsimi Məmmədlinin sözlərinə görə, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. O, bu dəhlizin Rusiyanın regiondakı təsir rıçaqlarını daha da artıracağını bildirir.

İlham İsmayıl da Zəngəzur dəhlizinin açılmasının Rusiyanın maraqlarına uyğun olduğunu söyləyib.

“İranın fikirləşdiyi Qafqaz dəhlizində Rusiya yoxdur. Ona görə də Rusiya Zəngəzur dəhlizinin açılmasına daha maraqlıdır”, - deyə ekspert qeyd edib.

Siyasət

Müxalifət  "Pandora sənədləri" ilə bağlı Baş Prokurorluğa müraciət etdi

18 Oktyabr 2021

Turan

Demokratik Qüvvələrin Milli Şurasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərləri Cəmil Həsənli və Əli Kərimli  "Pandora sənədləri" beynəlxalq jurnalist araşdırması ilə bağlı ölkənin baş prokuroru Kamran Əliyevə müraciət ediblər. "Turan"ın məlumatına əsasən, müxalifət təmsilçiləri Baş Prokurorluqdan hərtərəfli və obyektiv araşdırma tələb edir. "Pandora sənədləri"nə əsasən, Azərbaycan Prezidentinin ailəsi Böyük Britaniyada 429 milyon funt-sterlinq (694 milyon dollar) dəyərində daşınmaz əmlak alıb. Cəmil Həsənli və Əli Kərimli xatırladırlar ki, əvvəllər də Azərbaycanın yüksək vəzifəli məmurlarının adları "pulların yuyulması", vəsaitlərin offşorlara köçürülməsi ilə bağlı beynəlxalq qalmaqallarda adları keçib. 2017 - ci ildə Demokratik Qüvvələrin Milli Şurası digər qalmaqallı araşdırma - "Azərbaycan landromatı" ilə...
Siyasət

Azərbaycanlılar daha bir ölkəyə vizasız səfər edə biləcək

18 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Oktyabrın 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalanıb. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin əbdülrəhman əl-Tani ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verilib. Sənədi Azərbaycan və Qətərin Xarici İşlər nazirliklərinin rəhbərləri imzalayıblar. 
Seçilmiş Videolar