Sosial Media
Bəxtiyar Hacıyev
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev
“Müdafiə Xətti” insan hüquqları təşkilatı vasitəsilə Azərbaycan cəmiyyətinə müraciət ünvanlayıb.
İctimai fəal müraciətində qeyd edir ki, həbsinin əsl səbəblərindən birincisi hüquq-mühafizə orqanlarından birinin rəhbərliyi ilə son 2 ildə yaranmış konfliktidir.
Bəxtiyar Hacıyev həmçinin yazır:
"Səbəbləri bu günə qədər mənə məlum olmasa da, bu dəstə 2021-ci ilin mart ayından etibarən mənə qarşı bənzəri görünməmiş, heç bir əxlaqi, mənəvi çərçivəsi olmayan dezinformasiya, qarayaxma, təhqir və böhtan, təhdid kampaniyasına start verdi. Dəfələrlə mən DİN rəhbərliyinə müraciət edərək, görüşlər keçirərək bu konflikti dayandırmağı, dərinləşdirməməyi təklif, xahiş etsəm də, onlar bu kampaniyanın arxasında olmaqlarını qətiyyətlə inkar edir, məni və ailəmi təhqir hədəfinə çevirirdilər".
https://toplum.tv/siyaset/ptofiq-yaqublu-azadliga-ccedilixdip
İctimai fəal bildirib ki, bu konflikti o, başlatmayıb, davam etməsində, dərinləşməsində maraqlı olmayıb. Təhqirləri "dəfələrlə yumşaq formada" özlərinə qaytarıb:
"Daha sonra bu şəxslərin beynəlxalq sanksiyalar siyahılarına salınması istiqamətində ardıcıl fəaliyyət göstərmişəm.
03 dekabr 2022-ci il tarixdə BŞBPİ-nin rəis müavini, təzə general-mayor Vüqar Ələkbərovla görüşümüz zamanı o, məndən sanksiya tələblərini 3-4 ay ertələməmi tələb etdi, bunu özünün və övladının Almaniyada müalicəsini davam etdirmək istəyi ilə izah etdi. Görüşün sonunda isə xitam verilmiş cinayət işi haqqında “o zaman axtararıq, sizi ittiham etməyə çalışarıq” dedi. DİN əməkdaşının ABŞ tərəfindən Maqnitski Aktı çərçivəsində sanksiya siyahısına salındığı gündə həbs edilməyim bir daha həbsimin əsl səbəbini göstərir.
Qeyd etdiyim kimi, bu konfliktin yaranması və dərinləşməsində maraqlı tərəf mən yox, DİN olub. Onlar öz əməllərini dayandırmaq əvəzinə hər dəfə yeni “günahkar” axtarırdılar. Gah mənim tənqidlərimin arxasında Ə. Nağıyevin, gah İsveçrə səfirliyinin təşkil etdiyi ziyafətdə yüzlərlə adam arasında olduğuna görə M. Cabbarovun, gah Prezident Administrasiyasından Hikmət Hacıyevin, Ədalət Vəliyevin, gah K. Heydərovun dayandığını bildirirdilər. Hətta V. Ələkbərovla görüşlərdə də o, V. Eyvazovun yerinə kadr təyin etmək istəyi ilə əsaslandıraraq, birinci vitse-prezidentin dayandığını da iddia edirdi.
Digər dövlət qurumlarının rəhbərlikləri fəaliyyətləri ilə onları bu vəzifəyə təyin edən İ.Əliyevdə rəğbət oyatmaq istiqamətində çalışsalar da, bu qurum hərbə-zorba davranışı, cəmiyyətin ən əxlaqsız fərdləri ilə əməkdaşlıq etmək və onları himayə etməklə bütövlükdə hakimiyyətə nifrət oyadır və dərinləşdirir. Son 2 il ərzində dəfələrlə görüşdüyüm DİN-in rəhbər şəxsləri açıqca “biz olmasaq, xalq 2 günə prezidenti vəzifədən kənarlaşdırar, ona görə də biz gücük, biz hər şey edə bilərik və buna görə heç kim bizə heç nə deyə bilməz” deyiblər".
İctimai fəal həbsxanada aclıq aksiyası keçirməsinə isə belə aydınlıq gətirib:
"Təbii ki, mən də həyatımın və sağlamlığımın hər han risk altında olduğunun fərqindəyəm. Heç bir insan öz xoşu ilə uzun müddət ac qalaraq, sağ qalacağı təqdirdə fiziki və əqli fəsadların qalacağı, əks təqdirdə həyatına son verəcək prosesi davam etdirməz. Təəssüf ki, ölkəmizdəki məhkəmələrin, hətta mən həbsdə olduğum müddətdə də məndən manyakcasına qisas almağa çalışan şəxslərin notariusu kimi fəaliyyət göstərməsinə görə səsimi ölkə ictimaiyyətinə, beynəlxlaq təşkilatlara, varsa, dövlət ağlı olan qərarverici şəxslərə çatdırmağın tək yolu həyatımı qurban verməkdən keçir.
2004-cü ildən başladığım ictimai fəaliyyətim müddətində minlərlə vətəndaşın problemlərinin həllində birbaşa iştirak etmişəm. Təsisçisi olduğum gənclər təşkilatları çərçivəsində hər il yüzlərlə gənc müxtəlif ölkələrdə təhsil və iş imkanları vasitəsilə öz potensiallarını reallaşdırırlar. İllərlə israrlı mübarizə nəticəsində həllinə nail olduğum bəzi problemlərin aradan qalxması milyonlarla insanın həyatlarını asanlaşdırıb. Siyasi, dini, cinsi və digər ayrıseçkilik etmədən hüquqları pozulan hər bir şəxsin yanında olmağa çalışmışam. Dəfələrlə siyasi məhbusların azadlığa buraxılması istiqamətində fəaliyyətimə görə təhdidlər, təzyiqlər və məhrumiyyətlərlə üzləşmişəm. İndi öz həyatım və sağlamlığımla bağlı bütün riskləri nəzərə alaraq, cəmiyyətdən dəstək gözləyirəm.
İndi iki tərəf var. Bir tərəf bütün mümkün yollarla məni haqsız həbsdən azad etməyə çalışır, bu istiqamətdə gecə-gündüz yorulmadan çalışır. Digər tərəf isə, hətta ölümümü, bu ölümün beynəlxalq ictimaiyyətdə Azərbaycan hakimiyyətinə vuracağı zərbəni də gözə alaraq, öz cılız qisasçılıq əməllərini davam etdirirlər, məhkəmələri özünün əlində oyuncağa çevirən, dövlət ağlı olmayan, səviyyəsi himayə etdiyi cinayətkarlardan artıq olmayan, cılız şəxslərdir. Şübhəsiz ki, mənə qarşı 2 il ərzində fasiləsiz davam edən çirkin, mənəvi-psixoloji təzyiq və təhqir kampaniyasından və heç bir cinayət törətmədiyim halda mənim həbs edilməyimdən xəbərdar olan, lakin bu haqsızlığa hələ də susanlar öz səssizlikləri ilə ikinci qrupdakı adamlara dəstək vermiş olurlar".
Bəxtiyar Hacıyev müraciətində vurğulayır ki, məhkəmə-hüquq sistemi "bir dəstənin əlində oyuncağa çevrilmiş ölkədə" heç kim heç nədən sığortalanmayıb:
"Özümüzü, övladlarımızı, valideynlərimizi, yaxınlarımızı belə haqsız mühakimələrdən qorumaq üçün Azərbaycanda qanunun aliliyini gec-tez təmin etməliyik. Şübhəsiz ki, bir gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucu babalarının görmək istədiyi cəmiyyət qurulacaq. Ancaq bu, ətrafımızda hər gün baş verən və hər gün artan ədalətisizliklərə qarşı səssizliklə yox, ədalətsizliyə qarşı birgə mübarizə ilə olacaq”.
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan ictimai fəala qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 14 gündür aclığı davam etdirir. O, bundan əvvəl də 14 gün aclıq edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb