Siyasət

Politoloq Qarabağdakı atışma haqda: “Rusiya sülhməramlıları buna özləri şərait yaradırlar”

Nigar Səmədli
14 İyul, 2021
538

Sputnik

Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə erməni silahlı dəstələri iyulun 13-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqelərini pulemyot və avtomatlardan atəşə tutublar. Həlak olan və yaralanan olmadığı bildirilir.

“Ermənistan Azərbaycanla Rusiya sülhməramlılarının arasını vurmağa çalışır”

Hərbi ekspert Şair Ramaldanov deyir ki, bu cür halların baş verəcəyi öncədən bəlli idi.

“Havalar isindikcə erməni təxribatçılarının meşələrdə gizləməsi üçün əlverişli şərait yaranacağını və təxribat hallarının baş verəcəcəyini istisna etmirdik”.

Hərbi ekspert bununla belə Azərbaycanın güc strukturlarının profilaktik tədbirlər gördüklərini söyləyir.

“Bunlar sadəcə, təxribat xarakterli atışlardır. Biz işğaldan azad edilən ərazilərdəki infrasturukturu tam bərpa edənə kimi bənzər hallar istisna olunmur. Yenə də təxribat halları o qədər də çox deyil”, - Şair Ramaldanov belə izah edir.

Şair Ramaldanov - Açıq mənbələrdən götürülüb

Onun sözlərinə görə, məqsəd işğaldan azad edilən ərazilərdə sülhün bərqərar olmasına əngəl törətməkdir: “Digər tərəfdən Ermənistan Azərbaycanla Rusiya sülhməramlılarının arasını vurmağa və münasibətlərdə soyuqluq yaratmağa çalışır. Çünki təbii olaraq sual ortaya çıxır ki, sülhməramlılar niyə atəşkəsə nəzarət etmir? Amma Rusiya sülhməramlıları hər yeri qoruya bilməz axı. Onların öz postları və nəzarət mexanizmləri var. Sülhməramlıların fəaliyyəti ciddi olmasaydı, biz bənzər hallar haqda hər gün eşidəcəkdik”.

“Rusiya hərbçiləri buna özləri şərait yaradırlar”

Politoloq Elxan Şahinoğlu Azərbaycan Ordusunun mövqelərinə atəş açılmasını xarici ölkə səfirlərinin Şuşaya səfəri ilə əlaqələndirir.

“Qarabağdakı əli silahlı erməni separatçıları əvvəlcə Ağdama doğru atəş açaraq bizə “yenidənqurma işlərinizə mane olacağıq” demək istədilər. İndi isə xarici ölkə səfirlərinin Şuşaya səfərinə pulemyot və avtomatlardan atəş açmaqla “cavab” verdilər”.

Politoloq Rusiya sülhməramlılarının duruma müdaxilə etməməsinə də münasibət bildirir. Onun qənaətincə, situasiyaya nəzarət etməli olan sülhməramlılar özləri qarşıdurmaya şərait yaradırlar: “Erməni separatçılarının sağa-sola atəş açmaları Qarabağdakı Rusiya hərbçilərini narahat etmir, hətta buna özləri şərait yaradırlar. Eyni zamanda Moskva Bakının izahat tələblərini qulaqardına vurur”.

Elxan Şahinoğlu - Sputnik

Elxan Şahinoğlu indiki halda Azərbaycan tərəfinin ata biləcəyi addımları sadalayır: “Müharibədə qələbə çalmışıq, ancaq bu təxribatların davamı göstərir ki, münaqişə hələ bitməyib. Münaqişə o zaman bitəcək ki, Azərbaycan hərbçiləri ilkin mərhələdə Şuşanın kəndlərinə və Xocalıya daxil olacaqlar; Qarabağdakı erməni separatçıları tərksilah olacaqlar; Qarabağın tamamı Azərbaycan Konstitusiyasına və qanunlarına tabe olacaq; Laçın dəhlizi başda olmaqla Ermənistanla sərhəd tam nəzarət altına alınacaq. Bunları həyata keçirmədən münaqişənin arxada qaldığını söyləmək erkəndir”.

“Bəyannamə artıq heç bir hüquqi və siyasi əhəmiyyətə malik deyil”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzinin fikrincə, Şuşanın atəşə tutulması ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyannamənin rəsmən qüvvədən düşməsi deməkdir.

“Bəyannamə artıq heç bir hüquqi və siyasi əhəmiyyətə malik deyil. Çünki onun imzalanmasında əsas rol oynayan Rusiya öz funksionallığını itirib. Məqsəd isə dünyaya bölgədə münaqişənin bitmədiyini, xalqlar arasındakı düşmənçiliyin davam etdiyini göstərməkdir. Rusiya başa düşür ki, onun regionda qalma imkanları sona çatır və fürsətdən istifadə edərək burada qalmaq üçün bölgəni cəhənnəmə çevirmək istəyir”.

Seymur Həzi - Sosial Media

“Azərbaycan tərəfi niyə belə bir şey etsin ki?”

“Sputnik Ermənistan”ın məlumatına görə isə atəşkəs Azərbaycan tərəfindən pozulub. Bu barədə Dağlıq Qarabağın Ombudsmanı Qeqam Stepanyan “Feysbuk” hesabında yazıb.

Onun dediyinə görə, Azərbaycan hərbçiləri Şuşa istiqamətində atəş açıblar, Ermənistan tərəfinin qabaqlayıcı tədbirləri nəticəsində atışma dayanıb.

“Azərbaycan tərəfi niyə belə bir şey etsin ki?”, - Elxan Şahinoğlu sual edir.

Politoloqun sözlərinə görə, Azərbaycana sabitlik, quruculuq işlərini davam etdirmək lazımdır: “Ağdama açılan atəş zamanı traktorda güllə izləri qeydə alınıb. Bu hücumların sübuta belə ehtiyacı yoxdur”.

Bundan öncə Azərbaycan tərəf iyulun 7-də Ermənistan silahlı qüvvələrinin Berd rayonunun Kolagir kəndi yaxınlığındakı mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutması haqda xəbər yayıb.

İyulun 6-da isə Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələrinin atəşə tutulduğu bildirilib. Müdafiə Nazirliyinin məlumatına görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçu baş gizir Sakit Dadaşov yaralanıb.

Siyasət

Azərbaycan İsraildə ilk rəsmi nümayəndəliyini açdı - reaksiyalar

Məzahir Abdurahmanov
29 İyul 2021

Rəsmi səhifə

"Azərbaycanla İsrail münasibətlərinin güclənməsinə İran ciddi reaksiya verməyəcək”. Bunu “Toplum TV”-yə açıqlamasında siyasi şərhçi Azər Qasımlı deyib. Bu gün İsraildə Azərbaycanın ticarət nümayəndəliyi açılıb. İsrailin Azərbaycandakı səfiri Corc Dik “Tvitter” səhifəsində məsələyə belə münasibət bildirib: “Həmin o gün gəldi. Bu gün biz Azərbaycan rəsmilərini İsraildə ticarət nümayəndəliyinin açılışı ilə bağlı qarşılayırıq. Bu, ölkədəki ilk rəsmi mövcudluğudur. İndi Azərbaycanın İsraildə ilk rəsmi evi var! Bu gün aramızdakı əlaqələr tarixində mühüm bir gündür. Nazir M.Cabbarov və nazir Y.Razvozov birgə lenti kəsərək Azərbaycanın İsraildəki ticarət nümayəndəliyini açıblar”. Azər Qasımlı - Sosial Media A.Qasımlı hesab edir ki, İsraildə Azərbaycanın ticarət nümayəndəliyinın açılmasını İran təbii...
Siyasət

Siyasi şərhçi: "Rusiya istəsə, Ermənistan KTMT-dən istifadə edə bilər"

Məzahir Abdurahmanov
29 İyul 2021

Sputnik

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik etməsi qurumun regional siyasətini dəyişməyəcək. Bu, sadəcə, rotasiya üsüludur".   Bunu “Toplum TV”-yə açıqlamasında siyasi şərhçi Zaur Əkbər deyib.   Ermənistan 16 sentyabr 2021-ci ildən KTMT-nin sədrik edəcək.   "Hesab edirik ki, KTMT mövcud vəziyyətə uyğun cavab verməlidir, çünki bu, təşkilatın öhdəliyidir. 16 sentyabrdan etibarən Ermənistanın bütün sonrakı nəticələri ilə KTMT-nin sədri olacağına diqqət yetirmək lazımdır”, - bunu "Mənim Adım" blokunun deputatı Ruben Rubinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib/ Zaur Əkbər - VOA  Z.Əkbər deyib ki, KTMT Rusiyanın təşəbbüsü ilə yaranan bir qurumdur: “Orada gedən bütün proseslərə Rusiya nəzarət edir. Azərbaycanın Rusiya ilə...
Seçilmiş Videolar