Siyasət

Rusiya nefti “su qiymətinə” – İqtisadiyyat necə tab gətirəcək?

17 Yanvar, 2023
1018

Açıq mənbələrdən götürülüb

Neft

Rusiya nefti yanvarın əvvəlindən nəhəng endirimlə satılır – “Brent” markalı neftdən, praktiki olaraq, iki dəfə ucuz. Qərbin tətbiq etdiyi embarqo və qiymət tavanı üzündən  Rusiya öz neftini əsasən Çin və Hindistana satmaq zorundadır. Onsuz da yaxşı vəziyyətdə olmayan Rusiya büdcəsi buna görə bir neçə trilyon rubl ziyana düşə bilər. Moskva itirilən gəlirləri necə kompensasiya edəcək? Həm də Rusiya ixracatçıları Çin və Hindistan asılılığından qurtula biləcəklərmi?

Toplum TV məsələ barəsində BBC-də yayımlanan məqaləni təqdim edir.

“Blumberq” agentliyi xəbər verir ki, Rusiyanın satdığı “Urals” markalı neft yanvarın 6-da Primorsk limanında 38 dollara idi. Müharibəyə qədər o, “Brent” neftindən (“Brent” etalon sayılır və bazar qiyməti adətən ona uyğun səsləndirilir) bir qədər ucuz idi. Yanvarın 6-da “Brent”in barreli 79 dollara satılıb, bu, o deməkdir ki, “Urals” 50% ucuz olub.

Rusiya Maliyyə Nazirliyi də əhəmiyyətli endirimi təsdiq edir: dekabrda “Urals”ın orta qiyməti barrelə görə 50,5 dollar olub, bu da noyabrdakından 24% ucuzdur. “Brent” isə dekabrda orta hesabla 81,6 dollar olub – fərq təxminən 40 faizdir.

Ekspertlər qeyd edirlər ki, Rusiya neftinin qiymətinin düşməsinin əsas səbəbi Qərb ölkələrinin sanksiyalarıdır. Dekabrın 5-dən Rusiyanın xam neftinin tankerlərlə Avropa Birliyinə (AB) tədarükünə embarqo tətbiq olunur. Eyni zamanda AB və  G7 ölkələrinin,  Avstraliyanın müəyyən olunmuş qiymət tavanından  - barreli 60 dollar – yüksək qiymətə satılan Rusiya neftinin daşınmasının və sığortasının qadağan edilməsi barədə qərarı qüvvəyə minib.

https://toplum.tv/dunya/pnbspnbspputin-niye-rusiyani-muumlharibe-bataqligina-saldip

İnvestisiya strateqi Sergey Suverov qeyd edir ki, tətbiq olunan sanksiyalar ucbatından Rusiya neftinin sığorta qiymətləri, brokerlərin və treyderlərin xidmətləri bahalaşıb.

“Tankerlərin sığortalanması ilə bağlı məhdudiyyətlər var, ümumiyyətlə, tankerlərin sayının yetərli olması ilə bağlı problemlər var. Bu, onunla əlaqədardır ki,  heç də bütün gəmiçilər öz gəmilərini Rusiya neftini daşımaq üçün ayırmaq istəmirlər” – Suverov izah edir.

Bundan əlavə, ekspert Aleksandr Titov qeyd edir ki, Rusiya neftinin əsas alıcıları Asiyadadır. Ona görə də xammalın daşınma xərcləri artıb. “Bu xərclər satış şərtlərinə daxil deyil, onları alıcı ödəyir, deməli, xərclərin artımının kompensasiyası üçün endirim etmək lazımdır”, - Aleksandr Titov deyir.

“Blumberq” agentliyi də bu barədə yazır: son istehlakçıya qədər uzun yolun xərclərini Rusiya istehsalçıları kompensasiya etməli olurlar. Agentlik deyir ki,  Avropa bazarından kənarlaşdırılan Rusiya, faktiki olaraq, öz neftinin iri alıcılarından – Çin və Hindistandan asılı vəziyyətə düşüb.

“Alıcıların məhdud sayı Rusiyanın neft ixracatçıları arasında rəqabəti stimullaşdırır. Bu, bazarda yeni boşluqları tutmağın normal praktikasıdır”, Aleksandr Titov belə izah edir.

Çin və Hindistan asılılığında

“Potensial satış bazarları var: Afrika və Latın Amerikası. Amma orada həcm Asiyada olduğu qədər böyük deyil”, - Sergey Suverov deyir. Onun fikrincə, məhdudiyyətlər Rusiyanın daha yüksək qiymətləri lobbiləşdirməsi və öz oyun qaydalarını tətbiq etməsi imkanına böyük zərbə vurub: “Asiya alıcıları öz şərtlərini təklif edə bilərlər, Rusiya da onlarla razılaşmağa məcbur olacaq”.

“Telegraph India” nəşri Neft və Sənaye Nazirliyindəki mənbələrə istinadən bu həftə (ötən həftə - tərc.) yazır ki, Hindistan hökuməti ölkənin Rusiya neftinin qiymət tavanına qoşulmasının mümkünlüyünü müzakirə edib.

 Bununla belə, analitiklər hesab edirlər ki, Rusiya neftinin 60 dollardan xeyli aşağı düşməsi nisbətən qısamüddətli haldır. Aleksandr Titov hesab edir ki, Rusiya hökuməti şirkətlərlə birlikdə müəyyən kollektiv addımlar ata bilər.

Amma Rusiyanın belə addımlar seçimi yetərincə məhduddur. Ötən ilin sonunda hakimiyyət neft qiymətinin tavanına öz cavabını təqdim etdi. Həmin tədbirlər aydın təsvir olunmur, KİV-in yazdığının əksinə olaraq, endirimin həcmi ilə bağlı heç bir məhdudiyyət təklif etmir.

Sergey Suverov hesab edir ki, Rusiya neftinin qiyməti əsasən “Brent” markalı neftin qiymət dinamikasından asılıdır. Analitikin fikrincə, qiymətlər də Çin tərəfdən tələbat artdıqca, Rusiyada hasilat azaldıqca təklifin azalmasına görə artacaq.

Hasilatın azalması: “Miqyasını söyləmək çətindir”

“Azalma olacaq, artıq indi də var, amma hazırda miqyasını söyləmək çətindir. Bu, Rusiya Federasiyasının  əmtəə axınını şərqə nə qədər uğurla istiqamətləndirəcəyindən asılıdır”, - Sergey Suverov deyir.

Baş nazirin müavini Aleksandr Novakın daha əvvəlki proqnozuna görə, Rusiyada neft hasilatının həcmi 2023-cü ilin əvvəllərində sutkada 500-700 min barrel azala bilər. 

Vaşinqton daha bədbin ssenari təsvir edir. ABŞ Enerji Nazirliyinin proqnozuna görə, Rusiyada maye karbohidrogenlərin hasilatı 1,5 milyon barrel azalacaq.

2022-ci ilin yanvarında, Ukraynaya təcavüzdən əvvəl Rusiyada neft hasilatının həcmi 11 milyon barrel həcmində idi. Koronavirus pandemiyasına qədər də təxminən eyni səviyyədə idi.

Aleksandr Titov hesab edir ki, qiymətlər tavandan xeyli aşağıda qalsa belə, hasilatın azalması ABŞ Enerji Nazirliyinin proqnozunda olduğundan çox ola bilməz.

“Qiymətlər hətta müvəqqəti olaraq 30 dollara qədər düşərsə, şirkətlərin əməliyyat xərcləri rentabelliyi saxlamaq imkanı verir. Rusiya üçün optimal strategiya – var qüvvəsi ilə yeni alıcılar tapmaq və logistikanı tənzimləməkdir” – Titov belə hesab edir.

Bu zaman analitik qeyd edir ki, neft qiymətinin azalması nəticəsində ilk növbədə federal büdcəyə ayırmalar ziyan görəcək.

“MRF iki-üç il kifayət edər”

2023-cü il Rusiya büdcəsində neft qiyməti barreli 70 dollardan nəzərdə tutulub. Hətta həmin qiymətdə büdcə defisiti 2,9 trilyon rubl (41,8 milyard dollar) və ya ÜDM-nin 2 faizi təşkil edəcək.

“Urals”ın indiki qiymətləri Rusiya iqtisadiyyatı üçün bu il əsas risk ola bilər.

Helsinki enerji tədqiqatları mərkəzi (CREA) ekspertlərinin hesablamalarına görə, xam neftinə qiymət məhdudiyyəti üzündən Rusiya hər gün 172 milyon dollar itirir. Yenə CREA hesablamalarına görə, dekabrda Rusiya neftinin ixracı 12%, ondan gələn gəlirlər isə 32% azalıb.

https://toplum.tv/dunya/pavropa-niye-rusiya-qazi-olmadan-donmur-ve-bu-ne-qeder-davam-edecekp

Beynəlxalq enerji agentliyinin (İEA) proqnozuna görə, Rusiya 2030-cu ilə qədər neft idxalından gələn gəlirlərdə 1 trilyon dollar (69 trilyon rubl) itirəcək.

Rusiya Maliyyə Nazirliyinin ssenarisinə görə, sutkada 10 milyon barrel çıxarılarsa və qiymət 50 dollar olarsa, gözlənilən neft-qaz gəlirləri 25%, yəni 2,1 trilyon rubl (30 milyard dollar) azalacaq.

İqtisadçı Sofya Donets deyir ki, büdcədə göstərilən qiymətdən az olan hər 10 dollar büdcəyə təxminən 1 trilyon rubla başa gəlir.

Büdcənin bu itkilərini rublun zəifləməsi qismən kompensasiya edə bilər: bununla da neftin rublda qiyməti və deməli, büdcənin gəliri arta bilər.

Əgər neftin qiymətinin düşməsi qısamüddətli olsa, hökumət çatışmayan gəlirləri borclanma ilə kompensasiya edə bilər – federal istiqrazlar buraxar.

Qiymət uzun müddət 70 dollardan aşağı olarsa, hakimiyyət Rusiyanın əsas ehtiyatlarının saxlanıldığı Milli Rifah Fondundakı vəsaitlərdən xərcləməli olacaq. Sofya Donets deyir ki, MRF ilə iki-üç ili yola vermək olar.  

Amma hökumət xərcləri artırarsa, daha pis ola bilər. Ötən il Ukrayna müharibəsinin fonunda xərclər yetərincə sürətlə artmışdı.

Alfabank qeyd edir ki, əvvəlki illə müqayisədə 2022-ci ildə federal büdcənin xərcləri 26% artıb. Nəticədə büdcə defisiti 3,3 trilyon rubla çatıb. Bu zaman neftin barrelinin qiyməti 115 dollar idi.

“Alfabank”ın iqtisadçıları hesab edirlər ki, büdcə problemləri və Rusiyanın neft gəlirlərinin azalmasından doğan əndişələr yaxın aylarda yox olmayacaq. Çox böyük ehtimalla hakimiyyət büdcə siyasətinin sərtləşdirilməsinə gedəcək, bu da iqtisadiyyatın artım perspektivinə çox neqativ təsir göstərəcək.

İqtisadçı Tatyana Mitrova hesab edir ki, hətta neft gəlirlərinin kəskin azalması fonunda hərbi xərcləri bir il, ilyarım maliyyələşdirmək mümkün olacaq. “Amma inkişaf, yeni layihələrə uzunmüddətli investisiyalar getdikcə az və lap az olacaq. Beləcə, on il sonra Rusiyanın iddiasında olduğu enerji fövqəldövləti statusu keçmişdə qalacaq”, - Mitrova Karneqi fondunun saytında yazır.

Tərcümə: Yadigar Sadıqlı 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo