Siyasət

Putinin səfərbərlik qərarı – “Bundan sonra ya Ukrayna qalacaq, ya da Rusiya”

21 Sentyabr, 2022
541

Rusiyada səfərbərlik əleyhinə aksiyadan - Sosial Media

Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərliyin başlanması ilə bağlı xalqa müraciət edib.

Prezidentin müraciətini Rusiya televiziyası nümayiş etdirib.

Putinin sözlərinə görə, ehtiyatda olan, artıq Rusiya Silahlı Qüvvələrinin sıralarında xidmət etmiş və uyğun hərbi ixtisasa malik olanlar hərbi xidmətə çağırılırlar. Çağırışçılar bölmələrə göndərilməzdən əvvəl mütləq əlavə hərbi hazırlıq keçəcəklər. Rusiya lideri vətəndaşlara müraciətində bildirib ki, qismən səfərbərlik haqqında tədbir Rusiyanın müdafiəsi, onun suverenliyi, ərazi bütövlüyü və Rusiya xalqının təhlükəsizliyinin təmin edilməsi üçün qəbul edilib.

Qismən səfərbərlik sentyabrın 21-dən tətbiq olunur və ehtiyatda olan 300 min hərbçi cəlb ediləcək.

https://toplum.tv/dunya/rusiya-qoyulan-sanksiyalarin-dogrudanmi-tesiri-yoxdur

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, qismən səfərbərlik ilk növbədə “azad edilmiş ərazilərə” və 1000 km-lik təmas xəttinə nəzarət etmək üçün zəruridir:

“Təmas xəttinin özü - onu həm cəbhə xətti, həm də təmas xətti adlandırmaq olar - 1000 km-dən çoxdur. Təbii ki, bu ərazilərə nəzarət edilməlidir və qismən səfərbərlik də bunun üçündür”.

300 min hərbçinin səfərbər edilməsi nə ilə nəticələnəcək?

Milli Məclisin deputatı Naqif Həmzəyev “Toplum Tv”-yə verdiyi açıqlamada deyir ki, Ukrayna-Rusiya arasındakı müharibənin qısa müddətdə başa çatması mümkün görünmür.

“Yaxın illərdə bu münaqişənin davam edəcəyinə şahid ola bilərik. Hazırda Ukraynaya hərbi təchizatın təxminən 75 faizinin ABŞ tərəfindən göndərilməsi onu göstərir ki, proses yaxın gələcəkdə hətta ABŞ-Rusiya müharibəsinin başlanılmasına gətirib çıxara bilər. Bununla yanaşı qış aylarında Avropanı gözləyən enerji böhranı fonunda yeni gərginliklər yaşana bilər.

Naqif Həmzəyev - Açıq mənbələrdən götürülüb

 Türkiyənin Rusiya-Ukrayna arasındakı müharibənin sülh yolu ilə həll edilməsinə göstərdiyi səylər, Ukraynanın İstanbulda imzaladığı taxıl dəhlizi sazişi və Türkiyənin Avropa-Rusiya arasında körpü rolunu oynamasını alqışlayırıq. Taxıl koridorunun açılması Qara dənizdən taxıl məhsullarının təhlükəsiz daşınması deməkdir. Düşünürük ki, tək ümid Türkiyə dövlətinədir və o tərəfləri bir masaya gətirə bilər.

Amma Rusiyanı da zəif hesab etməməliyik. Rusiya slavyan xalqına qarşı müharibə apardığı üçün ilkin baxışda müəyyən dərəcədə zəif görünə bilər. Çünki ruslarla ukraynalılar qardaş xalqdırlar. Ancaq Rusiyanın kifayət qədər nümayiş etdirmədiyi silahları var. Həmçinin Rusiya nüvə dövlətidir. İstənilən halda Rusiyada qismən səfərbərliyin elan olunması növbəti dövrlər üçün daha ciddi planlarının olmasını ortaya qoyur”, - deyə deputat qeyd edib.

Növbəti addım: Rusiya ələ keçirdiyi ərazilərdə referendumlara hazırlaşır

Putin qismən səfərbərlik elan edildikdən sonra Ukraynadakı müharibənin məqsədlərini açıqlayıb.

Prezidentin sözlərinə görə, məqsəd dəyişməz qalır - ilk növbədə, "Donetsk Xalq Respublikası" və Luqansk Xalq Respublikası" azad edilməlidir. O deyib ki, artıq "LXR “tamamilə azad edilib”, DXR isə qismən.

"Rusiya “LXR”, “DXR”də, Xerson və Zaporojye vilayətlərində referendumun keçirilməsinə hər cür dəstək verəcək. Referendumun təhlükəsiz şəraitdə keçirilməsi, insanların bölgənin gələcəyi ilə bağlı iradələrini sərbəst ifadə edə bilmələri üçün hər şeyi edəcəyik”, - Putin xalqa müraciətində deyib və əlavə edib ki, bölgə əhalisinin çoxluğunun referendumda qəbul edəcəyi qərarı dəstəkləyəcəklər.

“LXR”, “DXR”-də, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşməyə dair referendum 23-27 sentyabr tarixlərinə təyin edilib.

Putin bəyan edib ki, Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, "bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə edəcəyik, bu, blef deyil".

Rusiya-Ukrayna arasındakı münaqişənin Rusiyanın xeyrinə bitəcəyini ehtimal edənlərdən biri də keçmiş deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadədir. O hesab edir ki, bu münaqişə Rusiyanın qalibiyyəti ilə bitə bilər:

“Rusiya artıq öz mövqeyini bildirib. Mövqeyi bundan ibarətdir ki, Ukrayna demilitarizasiya olmalıdır. Yəni Ukrayna artıq döyüş əməliyyatlarının hazırlanması və aparılmasını dayandırmalıdır”.

Referendumlar və nüvə silahından istifadə ehtimalı nəyi dəyişdirəcək?

Politoloq Şahin Cəfərli düşünür ki, referendumların keçirilməsi heç nəyi dəyişdirməyəcək və Ukrayna yenə o əraziləri azad etmək üçün müharibəni davam etdirəcək. Siyasi şərhçi öz sosial media hesabında məsələ barəsində bildirib:

“Ukrayna ordusunun uğurlu Xarkov əməliyyatından sonra hər kəs, xüsusən Rusiya ictimaiyyəti Moskvanın buna necə və hansı şəkildə cavab verəcəyini, ümumilikdə vəziyyətdən necə çıxacağını gözləyirdi. Yeri gəlmişkən, Ukrayna ordusu bu ay 8500 kvadrat kilometr ərazini işğaldan azad edib. Rusiya gözləntilərin əksinə olaraq, hərb meydanında cavab verə bilmədi, çünki tükənib və cəbhəyə yeni hərbi birləşmələr göndərmək imkanında deyil. Lakin cavab mütləq olmalıydı, içəriyə və dünyaya güclü bir mesaj verilməliydi. Nəticədə kimsəyə sürpriz olmayan asimmetrik cavab - referendum və ilhaq yolu seçildi. Guya ki, həmin ərazilər Rusiya torpağı elan edildikdən sonra Ukraynanın ora hücumları nüvə silahının tətbiqinə əsas yaradacaq”.

Siyasi şərhçi nüvə silahından istifadə ediləcəyi təqdirdə, Putin iqtidarına yarana biləcək təhlükələri dörd addımda izah edib:

“Rusiyanın nüvə silahından istifadə etməsi onun acizliyini göstərir və ciddi prestij itkisidir. Dünya diqqətlə izləyir və görür ki, Rusiya konvensional savaşda Ukrayna ilə bacarmır.

İkincisi, bu "çeynənmiş" üsulu optimal çıxış yolu kimi Putinə təklif edənlər, yaxud qərarı verən Putin böyük riskə getmiş olur və manevr imkanlarını daraldır. Şübhə yoxdur ki, Ukrayna ordusu Rusiya ərazisi elan olunan ərazilərdə hücumlarını davam etdirəcək. Bu halda Rusiyanın cavabı nə olacaq? Axı o, öz ərazisi elan etdiyi və "nüvə çətiri"nin qoruması altına aldığı yerləri mütləq müdafiə etməlidir. Edə bilməsə, o dərəcədə nüfuzdan düşəcək ki, bundan sonra onu Nauru, Tuvalu kimi ölkələr də ciddiyə almayacaq. Adi silahlı qüvvələrlə bunu etmək, göründüyü kimi, çətindir. Belə çıxır ki, Putin taktiki nüvə silahına əl atmalı olacaq.

https://toplum.tv/dunya/muharibede-en-cox-itki-veren-tuvalilar-putin-cingizxan-soyqu-sabutay-dir

Lakin taktiki nüvə silahının tətbiqi vəziyyəti Rusiyanın xeyrinə kökündən dəyişə bilməz, əksinə, onun iflasını sürətləndirər. Hərbi əməliyyatlar məskun mahalda gedir və Rusiya nüvə atmaqla dünyanın gözü qarşısında insanlığa qarşı ağır cinayət törətmiş olacaq, nəticədə indiyədək tərəfsiz qalan Çin və Hindistan kimi önəmli güc mərkəzlərini də özünə qarşı çevirmiş olacaq. Bu ölkələrin liderləri Si və Modi Səmərqənddə Putini müharibəni tezliklə dayandıraraq masaya oturmağa çağırdılar. Nüvə tətbiqindən sonra əgər Ukrayna rəhbərliyində Rusiya ilə masaya oturmağı gözə alacaq dərəcədə cəsur adam tapılarsa, bu, bəşər tarixinin ən sensasion olayı olar. Belə bir vəziyyətin yaranması Rusiyanın azsaylı yaxın tərəfdaşlarına da lazım deyil.

Üçüncüsü, Rusiyanın bu çılğınlığı heç şübhəsiz ki, Ukraynaya hərbi dəstəyin miqyasını birə on, birə yüz artıracaq. Ukraynaya hər cür modern silah sistemləri veriləcək, bütün Qərb hərbi sənayesi Ukraynaya işləyəcək.

Nəhayət, dördüncüsü, heç kim Rusiyanın rahatlıqla nüvə silahı tətbiq etməsinə tamaşa etməyəcək. Putinin zərrə qədər də qanuni əsas olmadan nüvə silahından istifadəsi ABŞ və NATO tərəfindən cavabsız qala bilməz. Bu, o demək olar ki, onlar yeni dünya düzəninin şərtlərini Putinin diktə etməsini qəbul etmiş olurlar. Özü də Putin rejiminin ən zəifləmiş və çöküş mərhələsinə girmiş anında. Qərbin cavabı əks nüvə zərbəsi olmaya da bilər. Məsələn, NATO heç quru qoşunları göndərmədən Ukrayna ərazisindəki rus ordusunu raket-aviasiya zərbələri ilə qısa müddətdə məhv etmək gücündədir.

Yəni Rusiyanın nüvə zərbəsi NATO-nu müharibəyə cəlb edəcək. Lakin elə buradaca sual meydana çıxır: bəlkə elə Putinin məqsədi də budur? Ukraynaya məğlub olmağın dözülməz rüsvayçılığı əvəzinə NATO-ya məğlub olmaq daha məqbul variant olardı”.

“Putinin bugünki qərarı Rusiyanı yox, şəxsən özünü qorumaq cəhdidir”

Məsələylə əlaqədar açıqlama verən siyasi şərhçi Azər Qasımlı hesab edir ki, bu münaqişədə Rusiyanın qalib gəlmək şansı aşağıdır:

Azər Qasımlı - Sosial Media

“Bu gündən etibarən Ukraynadaki müharibə yeni mərhələyə keçdi. Bundan sonra ya Ukrayna qalacaq, ya da Rusiya. Əgər bu gün elan olunan səfərbərlik bir işə yaramasa, Rusiyanın indiki halında qalması, yəni mövcud siyasi sistemini və ərazi bütövlüyünü qoruması mümkün olmayacaq. Putin və Şoyqu düz deyirlər, onlar kollektiv Qərblə üz-üzədirlər. Rusiya həm siyasi, həm iqtisadi, həm hərbi və texnoloji baxımdan Qərbdən çox geridədir. Bu gedişlə Ukraynada yeni torpaqlar əldə etmək imkanları olmayacaq. Sadəcə tutduqları əraziləri əldə saxlamağa çalışa bilərlər, lakin bunu da etmək mümkün olmayacaq. Ukraynaya verilən yeni silahlarla Ukrayna ordusu əks-hücumlarla bir-bir rusları torpaqlarından çıxaracaq. Artıq bunu sübut etdilər. Putinin yeganə çıxş yolu - nüvə silahının istifadəsi ola bilər. Lakin bu silahı atacaq yer yoxdur. Ukraynanın hər tərəfi rus əhalisinin yaşadığı bölgələrdi - Belqorod, Belarus, Dnestryanı, Krım, Xerson, Donbass. Nüvə radiasiyası hər tərəfə yayılacaq.

Putinin bugünki qərarı Rusiyanı yox, şəxsən özünü qorumaq cəhdidir. Özünü qoruma instinktidir. Rusiyanın parçalanma riski hələ bu qədər çox olmamışdı. Hətta Putini devirsələr belə, ölkənin dağılma ehtimalı yüksəkdir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo