Qarabağda atəşkəs pozuldu - “Ermənilər “biz də varıq” deməyə çalışırlar”
Al Jazeera
"Erməni separatçıları anlamalıydılar ki, Azərbaycan hərbçisinin snayper atəşi ilə qətlə yetirilməsi cavabsız qalmayacaq"
Bunu siyasi şərhçi Elxan Şahinoğlu Qarabağda baş verən son hadisələrə şərh verərkən söyləyib.
Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 14-də əsgər Həmzəyev Əfqan Bəhram oğlunun Qarabağdakı qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində həlak olduğunu bildirib.
Erməni tərəfi isə iddia edir ki, Qarabağın keçmiş Martuni rayonu ərazisində, Norshen (Yenikənd) kəndi yaxınlığındakı erməni postu minaatanlardan atəşə tutulub. Nəticədə 6 erməni hərbçisi yaralanıb.
Azərbaycan Müdafiə Nazirliyi baş verənlərə görə məsuliyyət daşımadığını söyləyib.
"Ermənilər hələ də mövcud vəziyyətlə barışa bilməyiblər"
Hərbi ekspert Azad İsazadə hesab edir ki, ermənilər hələ də mövcud vəziyyətlə barışa bilməyiblər.
Ekspertin fikrincə, Qarabağdakı gərginliyin əsas səbəbi erməni təxribatçıların Rusiya və Ermənistan arasında əldə olunan naməlum razılaşmalara qarşı olmalarıdır: “Təsadüfi deyil ki, Paşinyanla Putinin görüşü bitməmiş gərginlik artmağa başladı. Təxribat təkcə Azərbaycana yox, həm də naməlum razılaşmalara qarşıdır. Qarabağdakı birləşmələr bu təxribatla “biz də varıq”, “bizi də razı salmalısınız” deməyə çalışırlar”.
Sülhməramlıların təxribatçıları tərk-silah etməli olduğunu vurğulayan ekspert əslində Rusiyanın da bu məsələdə maraqlı olduğunu deyir: “Ermənistan tərəfi iddia edir ki, erməni hərbçiləri Qarabağı tərk ediblər, qalan əhali sadəcə özlərini qorumaq üçün silah gəzdirir. Sülhməramlılar onları tərksilah etməlidir, amma etmir. Niyə? Çünki Qarabağda yaşayan ermənilər Azərbaycanla anlaşsalar, onlara gərək qalmayacaq. Nə qədər ki, Qarabağda ermənilər var, sülhməramlılar da olacaq. Və çox güman ki, Rusiya bu təxribatçılardan gələcəkdə də istifadə etməyi düşünür”.
“Azərbaycan işğaldan azad olunmuş əraziləri bərpa edib, yerli əhalini qaytara bilsə, orada yaşayan ermənilər ya gedəcəklər, ya da Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Düzü, problem bununla da bitməyəcək, sadəcə hələlik başqa həll yolu yoxdur”, -A. İsazadə belə deyir.
"Ya Azərbaycanın tərkibinə qayıdacaqlar, ya da çıxıb gedəcəklər"
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da ekspertlə eyni fikirləri bölüşür. Onun dediyinə görə, iki seçim arasında qalan erməni radikallar vəziyyəti pozmağa, yeni qarşıdurma yaratmağa çalışırlar: “Təxribatda maraqlı olan ermənilər arasında yaşayan radikal ünsürlərdir. Onlar başa düşürlər ki, ya Azərbaycanın tərkibinə qayıdacaqlar, ya da çıxıb gedəcəklər. Seçimlə razı olmadıqlarını bu şəkildə göstərməyə çalışırlar”.
Sabiq nazirin sözlərinə görə, Azərbaycanın texniki imkanları təxribatçıları müəyyənləşdirməyə imkan verir. O, bununla bağlı Monitorinq qrupunun fəaliyyətinə diqqət çəkir: “Qarabağda müvəqqəti olaraq təhlükəsizliyi təmin edən sülhməramlılar və Rusiya-Türkiyə Birgə Monitorinq qrupudur. Təxribatçıların kimliyi müəyyənləşdirildikdən sonra ya sülhməramılar, ya da Azərbaycanın hüquq-mühafizə orqanları bu qruplaşmaları tərk-silah edib məsuliyyətə cəlb etməlidir. Biz Monitorinq qrupunun fəaliyyətini düzgün yetirməsinə çalışmalıyıq”.
"Anlamalıydılar ki, Azərbaycan hərbçisinin snayper atəşi ilə qətlə yetirilməsi cavabsız qalmayacaq"
Siyasi şərhçi Elxan Şahinoğlu da “Feysbuk” hesabında məsələyə münasibət bildirib. Ekspertin fikrincə, əlində silah olan separatçılar tərksilah olunmayınca Qarabağda dincliyə nail olmaq mümkün deyil.
“Separatçılar gün ərzində Qarabağda yaşayan erməniləri sakitləşdirməyə çalışırlar. Açıqlama veriblər ki, atışmadan sonra vəziyyət guya sabitləşib və təhlükəyə əsas yoxdur. Erməni separatçıları anlayırlar ki, bu cür gərgin şəraitdə Qarabağdan erməni köçü arta bilər. Ancaq erməni separatçıları onu da anlamalıydılar ki, Azərbaycan hərbçisinin snayper atəşi ilə qətlə yetirilməsi cavabsız qalmayacaq. Son hadisə həm də onu göstərir ki, erməni separatçıları bölgədə postları olan rusiyalı hərbçilərə etibar etməməlidirlər. Rusiya hərbçiləri onları Azərbaycan tərəfinin intiqam əməliyyatlarından qoruya bilməyəcəklər”, - E. Şahinoğlu qeyd edib.
Qarabağdan erməni köçü
Yeri gəlmişkən, ermənilərin Qarabağdan köçmə prosesi davam edir. Ermənistanın "Qraparak" qəzeti bu barədə məqalə dərc edib. Qəzetin yazdığına görə, Rusiya sülhməramlı kontingenti Qarabağda yaşayan ermənilərin bölgəni kütləvi şəkildə tərk etməsindən narahatdır.
“Sülhməramlılar emiqrasiya nəticəsində Qarabağın demoqrafik xəritəsinin dəyişə biləcəyini ehtimal edirlər, belə olan təqdirdə insanların yaşamadığı ərazinin onların müdafiəsinə ehtiyacı olmayacaq”, - deyə qəzetdə qeyd olunub.
İkinci Qarabağ müharibəsindən əvvəl Dağlıq Qarabağ seperatçılarının lideri Araik Arutunyan bölgədə 45 min erməninin yaşadığını bildirmişdi. Azərbaycan tərəfi isə hazırda bölgədə təxminən 25 min erməninin yaşadığını deyir.
E. Şahinoğlu iki ölkənin də müharibədən əvvəlki dövrə - snayper müharibəsinə qayıtdığını düşünür.
“Separatçılar sülhməramlıların arxasından Azərbaycan hərbçilərinə atəş açarkən düşünürdülər ki, özlərini qoruya biləcəklər. Amma bunun onlara faydası yoxdur, çünki daha çox itki verirlər. Bu gərginlik Qarabağda yaşayan erməniləri çox qorxudur və gələcəkləri üçün daha çox narahat olmağa başlayıblar. Qarabağdakı erməni separatçıları tərksilah olunmayınca vəziyyət gərgin olaraq qalacaq. Nə bölgədəki rusiyalı hərbçilər, nə də Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi snayper müharibəsinin qarşısını ala bilər”,- siyasi şərhçi belə hesab edir.
Azərbaycanla Ermənistan arasında ötən il sentyabrın 27-də başlanan müharibə 10 Noyabr bəyanatının imzalanması ilə başa çatıb. Üçtərəfli bəyanata görə, münaqişə bölgəsinə Rusiya sülhməramlıları yerləşdirilib.
Döyüşlərdə Azərbaycanın 2907 hərbi qulluqçusu həlak olub, 6 nəfər itkin düşüb.
Azərbaycan 44 günlük müharibədə Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Toplum Tv
Reuters
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”