Siyasət

Qarabağda nə baş verir? - “Tərəflər yeni sənədin imzalanması ilə bağlı ortaq məxrəcə gələ bilməyib”

11 Noyabr, 2021
2775

Açıq mənbələrdən götürülüb

“Ermənilərin maraqlarını güdən addımların atılması və müəyyən səfərlər vaxtaşırı olacaq. İstər Ermənistan müdafiə nazirinin, istərsə də digər Ermənistan rəsmilərinin Qarabağa gəlməsinin gələcəkdə də şahidi ola bilərik. Bunun qarşısını almaq üçün Azərbaycan tərəfi 10 Noyabr Sazişindən irəli gələrək Laçın dəhlizindən hərəkətlə bağlı hansı şəxslərin keçidinə və təhlükəsizliyinə zəmanət verdiyini bəyan etməlidir. Çünki orada belə maddə var ki, Azərbaycan tərəfi vətəndaşların, nəqliyyat vasitələri və malların daşınmasına təhlükəsizlik zəmanəti verməlidir. Kimlərə bu zəmanətin şamil olunduğu məncə, aydınlaşdırılmalıdır”.

Bu fikirləri “Toplum TV”-yə siyasi-şərhçi Anar Məmmədli Qarabağda son günlərdə baş verən hadisələrə münasibət bildirərkən deyib.

Ermənistan müdafiə naziri Arşak Karapetyan noyabrın 8-də Qarabağa iki günlük səfər edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin yaydığı videoda Ermənistan müdafiə nazirinin avtomobil kortejinin Rusiya sülhməramlılarının nəzarət etdiyi Ermənistan-Azərbaycan sərhədindəki postdan yoxlama aparılmadan keçdiyi, Laçın dəhlizi vasitəsi ilə Xankəndinə getdiyi əskini tapıb. Nazir Karapetyan ermənilərin yaşadığı Xankəndində hərbçilərlə görüşüb, erməni hərbçilərinin olduğu müşahidə məntəqəsindən Azərbaycan hərbçilərinin yerləşdiyi mövqelərə baxıb, hərbçilərə mükafatlar təqdim edib və Qarabağdakı erməni hərbi-siyasi rəhbərliyi ilə görüşüb.

Azərbaycan tərəfi isə artıq məsələ ilə bağlı qarşı tərəfə cavab ünvanlayıb.  Bəyanatda Ermənistanın müdafiə nazirinin Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfərinin, qanunsuz erməni birləşmələri ilə görüşlər keçirməsinin hərbi-siyasi təxribat olduğu bildirilib:

“Ermənistanın müdafiə nazirinin bu təhrikçi səfəri qəsdən Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın ildönümü ərəfəsində həyata keçirilib. Bununla, Ermənistanın siyasi-hərbi rəhbərliyi üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, qəsdən regionda vəziyyətin gərginləşdirilməsi və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salınması məqsədini güdür”.

“Təxribatlar törədə bilərlər, amma real vəziyyəti dəyişdirmək imkanları yoxdur”

Noyabrın 9-da isə Rusiya tərəfi Şuşa yaxınlığında silahlı insidentin baş verdiyi ilə bağlı məlumat yayıb. Bildirilir ki, noyabrın 8-də, yerli vaxtla saat 13:40-da Şuşa rayonunda Dağlıq Qarabağın 4 nəfərdən ibarət bir qrup işçisi Azərbaycan tərəfindən atəşə tutulub, nəticədə üç nəfər yaralanıb, bir nəfər öldürülüb.

Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva belə münasibət bildirib:

“Ermənistan tərəfinin verdiyi açıqlamalarda qeyd olunur ki, bu şəxslər guya noyabrın 8-də Xankəndi-Şuşa yolu yaxınlığında su xəttinin təmiri məqsədilə fəaliyyət göstəriblər. Qeyd etmək istərdik ki, adətən bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə həyata keçirilir. Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə ki, ciddi suallar doğurur”.

Leyla Abdullayevanın sözlərinə görə, sözügedən tarixdə Azərbaycan Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə Şuşada tədbir həyata keçirilirdi və məlumdur ki, belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür. “Bunu bilərəkdən, əraziyə yaxın məntəqədə hər hansı su xəttinin təmirinin həyata keçirilməsi hər hansı məntiqə sığmır”, - deyə rəsmi vurğulayıb.

“Ermənistan öz silahlı qüvvələrini idarə edə bilmir və onlarda müəyyən çaş-başlıq var”, - bunu isə ”Toplum TV”-yə açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputatın sözlərinə görə, ola bilər ki, Qarabağdakı bəzi silahlı qüvvələrdə keçmiş hakimiyyətin elementləri qalıb  və bu  təxribatlarla onlar diqqəti özlərinə çəkib sülh prosesinə mane olmaq istəyirər.

A.Mollazadənin fikrincə, hər bir halda Ermənistanda vəziyyəti dəyişmək üçün ciddi gərginliyə səbəb olacaq güc yoxdur: “Təxribatlar törədə bilərlər, amma real vəziyyəti dəyişdirmək imkanları yoxdur. Ermənistan silahlı qüvvələri, əslində, yox olub”.

Asim Mollazadə - Sosial Media

Azərbaycan Müdafiə Nazirliyi noyabrın 9-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin öz mövqelərindən Azərbaycan tərəfini atəşə tutduğunu bildirib. Nazirliyin açıqlamasında Azərbaycan ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutulduğu və dərhal adekvat cavab tədbirləri görüldüyü, Azərbaycan ordusu arasında itki olmadığı qeyd edilib.

“Siyasi anlaşılmazlıq hərbi vəziyyətə də müəyyən təsirini göstərir”

Anar Məmmədli hesab edir ki, Qarabağdakı gərginliyin əsas səbəbi iki ölkə arasında növbəti razılaşma sənədinin imzalanmamasıdır: “Belə görünür ki, sənədin imzalanması üçün ortaq məxrəcə gəlinməyib. Bu siyasi anlaşılmazlıq hərbi vəziyyətə də müəyyən təsirini göstərir. Nəticədə isə atəşkəsin pozulması halları baş verir”.

Anar Məmmədli - VOA

Azərbaycanın Niderlanddakı keçmiş konsulu Nahid Cəfərov əslində  gərginliyin səbəbinin dəyişməz olaraq qaldığını deyir.

Keçmiş diplomatın fikrincə, təmas xəttindəki hadisələr konkret bir tərəfin nəzarətində olmadığı üçün bu cür insidentlərin olması çox normaldır: “Əvvəl təkcə Azərbaycan və Ermənistan silahlı qüvvələri proseslərə nəzarət etməyə çalışırdısa, indi vəziyyət daha da mürəkkəbləşib və prosesə Rus qoşunları da qoşulub. Bu da Azərbaycan və Ermənistan tərəfinə müəyyən manevrlər etməyə, bir-birlərini qarşılıqlı ittihamlar etməyə imkan verir”.

Tərəflər arasında razılığa ümid etmək olar? Rusiya amili...

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 7-də “İnterfaks”-a Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında bu həftə videokonfrans formatında üçtərəfli görüşünün keçirilməsinin planlaşdırıldığını bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan isə hələ ki, görüşlə bağlı dəqiq vaxtın təyin edilmədiyini deyib.

Nahid Cəfərovun sözlərinə görə, münaqişənin mahiyyəti, tərəflərin toqquşan maraqları 44 günlük müharibədən sonra dəyişməz olaraq qalıb. Dəyişən münaqişənin ərazi baxımından miqyası və tərəflər arasında olan güc balansıdır: “Münaqişənin əsas elementlərindən biri Dağlıq Qarabağın statusu və Azərbaycanın ərazi bütövlüyü məsələsi idi ki, bu, hələ də ən aktual mövzu olaraq qalır. Razılığın əldə olunması üçün tərəflərdən biri ciddi güzəştə getməlidir. Burada, qəribə olsa da, görünən odur ki, Azərbaycanla Rusiyanın maraqları status məsələsində hələ ki, üst-üstə düşür”.

Nahid Cəfərov - Sosial Media

A.Mollazadə münaqişənin bitdiyini, Azərbaycana bölgədə sülh, stabillik lazım olduğundan danışır. Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə də layiqli addımlar atıb: “Rusiyanın da burada öz maraqları var. Rusiya da dəhlizlərin açılmasını istəyir və Ermənistanı cilovlamaq istiqamətində addımlar atacaq”.

N.Cəfərov bildirir ki, əgər Azərbaycan və Ermənistana arasında sülh müqaviləsi imzalanacaqsa, bu ya Ermənistan tərəfinin ciddi güzəştə getməsi fonunda imzalana bilər, ya da tərəflər üçün son dərəcə vacib olan status və ya ərazi bütövlüyü məsələsinin ehtiva olunmadığı çərçivədə mümkün ola bilər.

“Razılaşma ilə bağlı Ermənistan tərəfinin müəyyən narazılıqları var”, - bunu isə A. Məmmədli deyir.

“Görünür, Ermənistan tərəfinin hansısa məsələlərlə bağlı iradları var, hələlik tam konsensunsa gələ bilməyiblər. Bu onun göstəricisidir. Yəqin ki, Rusiya tərəfindən Ermənistana müəyyən təzyiqlər edilir”, - deyə siyasi şəhçi qeyd edib.

Ötən il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında baş verən 44 günlük müharibə Azərbaycan tərəfinin I Qarabağ müharibəsi dövründə itirdiyi əksər ərazilərin geri qaytarması ilə nəticələnib. 2020-ci il, Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Atəşkəs Sazişi imzalanıb. Bununla 44 günlük müharibə vaxtı Azərbaycanın nəzarətinə keçməyən ərazilərə Rusiya sülhməramlı qüvvələri yerləşdirilib.

Ermənistanla Azərbaycan arasında müharibənin bitməsindən bir il ötsə də, hələ də sərhədlərin delimatisiyası və demarkasiyası aparılmayıb, kommunikasiya yollarının açılması və nəqliyyat vasitələrinin keçidi ilə bağlı yekun razılığa gəlinməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo