Qazaxıstandakı hadisələr türk dünyasına necə təsir göstərəcək?
Rəsmi səhifə
"Türk Dövlətləri Təşkilatının elə də ciddi fəaliyyəti olmadığı üçün Qazaxıstanda baş verən hadisələr onun hazırki halına və gələcəyinə ciddi təsir göstərməyəcək".
Bunu siyasi şərhçi Rauf Mirqədirov "Toplum TV"-yə Qazaxıstanda baş verən hadisələrin Türk dünyasına mümkün təsirləri barədə danışarkən deyib.
Türk Dövlətləri Təşkilatına iclasında hansı qərarlar qəbul oluna bilər?
Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, bu gün, yanvarın 11-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstana dair videoformatda fövqəladə iclası baş tutacaq.
Məlumata əsasən, iclasa Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sədrlik edəcək.
ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli deyir ki, iclasda ümumi sözlərdən ibarət bir dəstək bəyanatı olacaq: "Qazaxıstanın dövlətçiliyinə, müstəqilliyinin dəstəklənməsinə, hansısa qarşıdurmaların olmaması yönündə ümumi sözlərdən ibarət bir bəyanat səsləndiriləcək. Bir də Türk Dövlətləri Təşkilatının investisiya bankının yaradılması ilə bağlı məsələ də gündəmdə idi. Ola bilsin, ilkin addım kimi elə bir mərkəzi maliyyə instutunun yaradılması və Qazaxıstana maliyyə yardımının göstərilməsi ilə bağlı qərar çıxa bilər. Orada hansısa bir fundamental və yaxud da Rusiyanın xoşuna gəlməyəcək qərarların çıxması demək olar ki, mümkünsüzdür. Türk Dövlətləri Təşkilatının Qazaxıstana mənəvi və iqtisadi təsirləri olsa da, siyasi və hərbi rıçaqları yoxdur. Siyasi və hərbi rıçaqlar Rusiyanın əlindədir".
R.Mirqədirov da hesab edir ki, iclasda ciddi qərarlar qəbul olunmayacaq:
"Qazaxıstana Rusiya siyasi, Çin isə iqtisadi baxımdan təsir göstərə bilər. Çin yəqin ki, hadisələrin gedişatını müşahidə edəcək və əgər onun maraqlarına ciddi ziyan vuracaq nəsə bir şey baş verməsə, güman ki, xüsusi bir addım atmayacaq. O ki qaldı Türkiyə və digər Türk dövlətlərinə, onların Qazaxıstana təsir imkanları məhduddur".
“Rusiya bu coğrafiyada regiondan kənar hansısa qüvvənin meydana gəlməsinin qarşısını almağa çalışır”
"Qazaxıstanda baş verən hadisələr Türk Dövlətlər Təşkilatının inteqrasiya ilə bağlı planlarının müəyyən dərəcədə gecikməsinə və yaxud da daha dərin inteqrasiyanın qarşısını ala biləcək məsələlərin gündəmə gəlməsinə səbəb ola bilər", - deyən N.Cəfərli həmçinin əlavə edir ki, Qazaxıstan Türk Dövlətləri Təşkilatının çox vacib halqalarından biri idi.
"O, Orta Asiyada Türk Cümhuriyyətlərinə açılan bir qapı idi. Çünki Türkmənistan daha qapalı ölkədir. Xəzər dənizindən başqa, logistik olaraq avtomobil, dəmir yolları daşımaları Qazaxıstan üzərindən həyata keçirilirdi. Qazaxıstan bu anlamda Türk Cümhuriyyətləri birliyinin Orta Asiyada bir qapısı rolunu oynamalı idi. Baş verən məlum hadisələr isə alınan qərarların yerinə yetirilməsini gecikdirə bilər. Ən azından bir müddətlik bu məsələlərin gündəmdə qalacağını düşünmürəm", - deyə o bildirib.
R.Mirqədirovun sözlərinə görə isə, Rusiya post-sovet məkanını özünün təsir dairəsi hesab edir: "Sözsüz ki, o, təkcə türk dövlətlərinin yox, eyni zamanda Qərbin və Çinin də bu coğrafiyada nüfuzunun qarşısını almağa çalışır. Ümumiyyətlə, Rusiya bu coğrafiyada regiondan kənar hansısa qüvvənin meydana gəlməsinin qarşısını almağa çalışır".
Qazaxıstandakı vəziyyətin Azərbaycana iqtisadi təsirləri
Qazaxıstan həm də xaricdən Azərbaycana ən çox pul göndərilən ölkələrdən biridir. Mərkəzi Bankın sonuncu açıqlamasına görə, 2021-ci ilin ilk doqquz ayı ərzində Qazaxıstandan Azərbaycana pul köçürmə sistemləri vasitəsi ilə 23 milyon 413 min dollar pul göndərilib. Bu göstərici ilə Qazaxıstan Rusiya, Türkiyə, ABŞ və Birləşmiş Krallıqdan sonra Azərbaycana ən çox pul göndərilən 5-ci ölkədir.
Qazaxıstanda işləməyə gedən Azərbaycan vətəndaşları ilə yanaşı, bu ölkənin vətəndaşı olan etnik azərbaycanlılar da kifayət qədərdir. 2017-ci ildə iki ölkənin prezidentləri arasında görüş zamanı Qazaxıstanın o zamankı prezidenti Nursultan Nazarbayev bildirmişdi ki, Qazaxıstanda Qazaxıstan vətəndaşı olan 130 min etnik azərbaycanlı yaşayır
Natiq Cəfərlinin fikrincə, Qazaxıstandan Azərbaycana göndərilən pullar bir müddət sonra qaydaya düşəcək: "Əslində xaricdən Azərbaycana gələn valyutanın həcminə baxdıqda Qazaxıstandan gələn valyuta o qədər də böyük rol oynamır. Tarixən həmişə birinci yerdə Rusiya, ikinci yerdə Türkiyədir. İndi ola bilər ki, bu həftələr, aylar ərzində daha az olsun. Amma vəziyyət sabitləşdikdən sonra orada yaşayan Azərbaycanlılar pul qazanmağa başladıqca öz ailələrinə göndərəcəklər".
Rusiyanın nüfuzlu “Nezavisimaya Gazeta” nəşrində başlıq: “Rusiya Qazaxıstanı türk dünyasının zəncirindən qopartdı”
Siyasi şərhçi Elxan Şahinoğlu Rusiya qəzetindəki məlum sərlövhəni nəzərdə tutaraq bildirib ki, bu ifadə çox nəsnədən xəbər verir: "Bu başlığın mənası odur ki, Rusiya hərəkətə keçməsəydi, qəzetin təbirincə desək, “Qazaxıstan türk dünyasına zəncirlənmiş olaraq qalacaqdı”. Başlığın və məqalənin bir başqa mənası odur ki, Rusiya türk dünyasının sıx inteqrasiyasına imkan verməyəcək. Bu Kremlin türk dünyasının inteqrasiyasında daha çox maraqlı olan Türkiyəyə və Azərbaycana mesajıdır".
Elxan Şahinoğlu sosial media hesabında yazdığı yazıda həmçinin bu fikirləri qeyd edib:
"Həqiqətən Qazaxıstan prezidenti Tokayevin Rusiya qoşunlarını ölkəsinə çağırması türk inteqrasiyasına zərbə oldu. Rusiyanın Mərkəzi Asiyada rolu artdığından Ankaranın bu məkanda manevr imkanları nisbətən məhdudlaşıb. Kremlin növbəti hədəfi Özbəkistandır. Ankara bundan məlumatlı olmamış deyil. Ankara Rusiyanın bu “zəncirləmə halqasını” qırmağa çalışmalıdır, əks halda türk inteqrasiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kölgəsində qalacaq" .
Xatırlatma
Qazaxıstanda vəziyyət yanvarın 2-də, maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı ölkənin qərbində yerləşən Mangistau vilayətində etirazlarla gərginləşib.
Sonrakı günlərdə etirazlar bütün ölkəni bürüyüb və siyasi tələbləri də əhatə edib. Yanvarın 4-5-də Almatı şəhərində və ölkənin müxtəlif bölgələrində etirazçılarla güc strukturları arasında toqquşmalar baş verib. Çox sayda ölən və xəsarət alanlar var. Etirazlar hökumətin istefası və Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin siyasətdən getməsi ilə nəticələnib.
Yanvarın 5-də Prezident Qasım-Comart Tokayevin müraciəti əsasında anti-terror əməliyyatları keçirmək üçün KTMT qoşunları ölkəyə daxil olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
mfa.gov.az
Açıq mənbələrdən götürülüb