Siyasət

Qərb-Rusiya qarşıdurması - “Qərb başa düşür ki, artıq geri çəkilməyə yeri qalmayıb”

Məzahir Abdurahmanov
12 Yanvar, 2022
727

ABC News

"Rusiyanın irəli sürdüyü tələblərdən aydın olur ki, o, bu tələblərlə ortaq məxrəcə gəlinəcəyinə inanmır. Görünən odur ki, Putin hazırda Qərblə danışmaq yox, danışmamaq yolunu tutduğu üçün belə qəbuledilməz tələblərlə çıxış edir".

Bunu siyasi şərhçi Elman Fəttah Qərblə Rusiya arasındakı qarşıdurma barədə "Toplum TV"-yə danışarkən deyib.

ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman yanvarın 11-də  "Tvitter" hesabında məlumat yayaraq bildirib ki, Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.

Görüşdə yanvarın 12-də keçiriləcək NATO-Rusiya Şurasının iclası və gərginliyi azaltmaq üçün Rusiyanın addımlarının vacibliyi müzakirə olunub.

"Biz Rusiya ilə bağlı NATO-nun çəkindirmə və dialoqu əhatə edən vahid yanaşmasını təsdiqlədik və Ukraynaya qəti dəstəyimizi vurğuladıq", - deyə Dövlət katibinin birinci müavini vurğulayıb.

“Rusiyanın tələbləri faktiki olaraq ABŞ və Avropaya ultimatumdur”

Siyasi şərhçi Elxan Şahinoğlunun "feysbuk" hesabında yazdığına görə, ABŞ və Rusiya diplomatları arasında bir neçə gün əvvəl İsveçrənin Cenevrə şəhərində  keçirilən müzakirələr gərginliyilə yadda qalıb:

"Rusiyanın 3 tələbi var: 1. NATO daha genişlənməməlidir, Ukrayna və Gürcüstan təşkilata üzv qəbul olunmamalıdır; 2. ABŞ 1997-ci ildən bu yana NATO-ya üzv qəbul edilən ölkələrdən silahlı qüvvələrini və hərbi texnikasını çıxartmalıdır, başqa sözlə, bu ölkələrdə Amerikanın hərbi bazaları ləğv olunmalıdır; 3. ABŞ Avropa ölkələrində Rusiyanı hədəf ala biləcək raket sistemlərini yerləşdirmək siyasətindən əl çəkməlidir".

E.Şahinoğlu bildirir ki, Rusiyanın bu tələbləri faktiki olaraq ABŞ və Avropaya ultimatumdur: "Rusiya 3 ağır tələbin qarşılığında yalnız Ukrayana hücum etməyəcəyi təminatını verməyə hazırdır. Rusiya 1994-cü ildə Budapeştdə Ukraynanın ərazi bütövlüyünə xələl gətirəcək addım atmayacağına dair saziş imzalamışdı. Kreml həmin sazişi Krımı ilhaq etməklə və Donbasda separatizmə dəstək verməklə zibil yeşiyinə atdı. Bundan sonra kim zəmanət verər ki, Moskva Ukrayna ilə bağlı yeni sazişə də riayət edəcək?"

“Rusiyanın təhlükəsizlik zəmanəti tələb etməsi həyasızlıqdır”

Ukrayna rəsmiləri ölkənin NATO-ya üzvlüyünü daxili məsələ hesab edir. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Cenevrədə ABŞ və Rusiya nümayəndə heyətləri arasında keçirilən görüşə münasibətini belə ifadə edib: 

“Rusiya qəsdən qəbuledilməz tələblər irəli sürərək istəklərini maksimuma çatdırmaq üçün “təhlükəsizlik zəmanəti” adlanan danışıqlara başlayıb. 100 mindən çox qüvvəsini Ukrayna sərhədlərində topladığı, Krımı girov saxladığı və Donbasda döyüşdüyü bir vaxtda Rusiyanın təhlükəsizlik zəmanəti tələb etməsi həyasızlıqdır. Ukraynanın NATO-ya üzvlüyü məsələsində Rusiya söz sahibi deyil. Qərb Rusiyaya alyansın şərqə doğru genişlənməməsinə “hüquqi təminat” verməyə razı olmayacaq, çünki bu, strateji məğlubiyyət olardı”.

Dmitro Kuleba

Kulebanın sözlərinə görə, Avro-Atlantik regionda təhlükəsizlik təminatı ilə bağlı müzakirələr Rusiyanın Ukrayna sərhədlərində de-eskalasiyaya getməsi, Donbas və Krımdan geri çəkilməsi ilə başlamalıdır.

“Qərb başa düşür ki, artıq geri çəkilməyə yeri qalmayıb”

Məsələ barədə “Toplum TV”-yə açıqlama verən siyasi şərhçi Azər Qasımlı söyləyir ki, Qərblə Rusiya arasında aparılan danışıqlar müsbət nəticələnə bilər, amma... Rusiya öz hərbi qoşunlarını Ukraynanın sərhədlərindən çəksə, Krım, Luqansk və Donbasdan çıxsa.

“Onda Qərb də Ukraynanın NATO-ya qəbul edilməməsi ilə bağlı öhdəlik gıtürə bilər. Ancaq Rusiya Krımı işğal edib və  açıq şəkildə deyir ki, bura mənim ərazimdir. Problem Qərbdə yox, Rusiyadadır. Çünki Rusiya Ukraynanın ərazisini işğal edib”, - siyasi şərhçi deyib.

Onun sözlərinə görə, bu məsələdə Qərb artıq geriyə çəkilə bilməz: “Rusiya həm ordusunu Ukrayna sərhədinə çəkib, həm Krımı işğal edib, həm də Luqansk və Donbasa faktiki nəzarət edir. Üstəgəl, bəyan edir ki, oturaq, danışaq. Belə olduğu halda Qərb bu məsələdə geri çəkilə bilməz. Çünki o, gözəl anlayır ki, geri çəkilməyə artıq yer yoxdur".

Azər Qasımlı - Sosial Media

“Rusiya Qərbdən təhlükəsizlik qarantiyası adı altında faktiki olaraq, Avrasiyanın böyük hissəsini Rusiyanın təsiri altına verilməsini istəyir” , - bunu Elman Fəttah deyir və əlavə edir ki, Putin NATO-ya alyansa üzv olmayan ölkə ilə hərbi əməkdaşlıq etməmək barədə tələb irəli sürür:

“Bu, o deməkdir ki, Putin məsələn, NATO-Azərbaycan, hətta NATO üzvü olan Türkiyə-Azərbaycan hərbi əməkdaşlığını Rusiyanın təhlükəsiklik təminatına zidd sayır".

Qərb və Rusiya arasındaki qarşıdurma kəskinləşsə, hansı fəsadlara səbəb ola bilər?

E.Fəttah deyir ki, qarşıdurmanın kəskinləşməsi ağır nəticələrə səbəb ola bilər: "Rusiya Qərb qarşıdurması konfrantasiya müstəvisinə transfer olarsa, bu, bütün dünya üçün yeni münasibətlər sisteminə gedən yolun hələ ilk addımı demək olacaq. Bu proses Rusiyaya böyük zərbə vurmaqla bərabər, Qərbin özünə də ciddi ziyanlar gətirəcək. Odur ki, münasibətlər kəskinləşərsə, hansı tərəfin daha çox prinsipial davrana bilmə imkanları nəticəni müəyyən edəcək. İstənilən halda, dünyanın yeni nizamı mütərəqqi siyasi mərkəzlərlə Putinin hesablaşmasından sonra qurulacaq. Gec və ya tez biz bu hesablaşmanı izləməli olacağıq". 

"Rusiyanın Qərbin kəskin sanksiyalarından çəkinmədiyini iddia etməsi blefdir. Qərbin əlində nəinki Rusiyanın, bütün dünyanın maliyyə bazarını, xüsusilə, bank sistemini alt-üst edə biləcək rıçaqlar var. Sadəcə olaraq, Putin hələ də əmindir ki, Qərb özünə dəyəcək müəyyən iqtisadi ziyanlara görə Rusiyaya ağır sanksiya zərbəsi endirməyə hazır deyil", - Elman Fəttah əlavə olaraq qeyd edib.

Elman Fəttah

Azər Qasımlı isə deyir ki, Rusiya geri çəkilməsə, savaş çıxarsa, bunun Qərbə yox, Rusiyaya zərəri olacaq.

"Əgər Rusiya Ukraynaya müdaxilə edərsə, o zaman Rusiya böyük bir bataqlığa girəcək. Bu açıq şəkildə işğal olacaq, bütün ölkələrdə Rusiya ciddi şəkildə tənqid atəşinə tutulacaq. Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olunacaq. Elə sanksiyalar ki, Rusiyanın onun altından çıxması mümkün olmayacaq. Ancaq fikrimcə, Rusiya iqtidarı da bunu gözəl başa düşür. Ona görə də Moskva Ukraynaya müdaxilə etməyəcək, sadəcə Luqansk və Donbasın müstəqilliyini tanıyacaq",- deyən Azər Qasımlı həmçinin əlavə edir ki, bu hadisələr baş verərsə, Ukraynanı NATO-ya üzv edəcəklər.

Qərb Rusiya qarşıdurmasının Azərbaycana nə kimi mənfi təsirləri ola bilər?

E.Fəttahın fikrincə, belə qarşıdurma əksər ölkələr üçün çətin seçim məcburiyyəti yarada bilər: "Xüsusilə də postsovet ölkələri dilemma vəziyyətində qalarlar. Azərbaycan üçün hansı sürprizlərin olması isə rəsmi Bakının tutacağı mövqedən asılı olar. Qarşıdurma kəskin xarakter alarsa, Azərbaycan Türkiyədən, dolayısıyla da NATO-dan tam təhlükəsizlik təminatı almaqla ciddi risklərdən sovuşa bilər. Əks təqdirdə, Azərbaycan Ukrayna ilə Qazaxıstanın vəziyyətinə düşə bilər".

A.Qasımlı da deyir ki, vəziyyət kəskinləşərsə, bunun Azərbaycana təsirləri olacaq:

“Qərbin Ukrayna məsələsini həll etdikdən sonra Cənubi Qafqazda da  aktiv siyasət apara bilər. Artıq həm Ermənistanın, həm də Azərbaycanın Qərbə inteqrasiyası ilə bağlı addımlar olacaq. Bunu İlham Əliyev iqtidarı istəməyəcək. Ancaq Qərbin bu addımları Azərbaycanın daxilində siyasi həyatı canlandıra bilər".

Xatırlatma

Bu il yanvarın 9-da ABŞ və Rusiya nümayəndələri arasında Cenevrədə ilkin danışıqlar keçirilib. Yanvarın 10-da isə görüş rəsmi nümayəndələrin rəhbərliyi altında baş tutub. Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin birinci müavini Vendi Şerman başçılıq edib. Bu gün, yanvarın 12-də isə Brüsseldə Rusiya-NATO Şurasının iclası keçiriləcək.

Siyasət

İlham Əliyev Tokayevə məktub göndərdi

28 Yanvar 2022

Rəsmi səhifə

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib. Bu barədə "president.az" saytı məlumat yayıb.  Məktubda deyilir: “Hörmətli Kasım-Jomart Kemeleviç. “Nur Otan” Partiyasının sədri seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Bizim dost ölkələrimiz arasında münasibətlər bu gün uğurla inkişaf edir, birgə layihələr fəal surətdə həyata keçirilir. Biz Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığı bundan sonra da dərinləşdirmək əzmindəyik. Azərbaycanın və Qazaxıstanın hakim partiyaları – Yeni Azərbaycan Partiyası və “Nur Otan” partiyası arasında əməkdaşlığın müsbət dinamikasını və fəal dialoqu məmnuniyyətlə qeyd etmək istərdim. Partiyalararası əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Əminəm...
Siyasət

Müdafiə Nazirliyi: "Ermənistan mövqelərimizi atəşə tutub"

28 Yanvar 2022

Rəsmi səhifə

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə yanvarın 28-də Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki yoxdur. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır" - deyə məlumatda bildirilib.
Seçilmiş Videolar