Rəbiyyə Məmmədova: "Elmir Abbasov İlham Əliyevi tənqid etdiyinə görə həbs olunub"
Sosial Media
“NİDA-çı fəal Elmir Abbasov İlham Əliyevi sərt tənqid etdiyinə görə həbs olunub. Bu, birmənalıdır, başqa heç bir səbəb ola bilməz".
Bunu “Toplum TV”-yə nidaçı fəal Rəbiyyə Məmmədova deyib.
Rəbiyyə Məmmədovanın sözlərinə görə, fəalın həbs xəbərini 3-4 gün sonra öyrənə biliblər: “Bu 3-4 gündə Elmirin başına nə gəlib, niyə məhkəmə vəkilin xəbəri olmadan keçirilib, bilmirik. Böyük ehtimalla Sumqayıt Polis İdarəsində zorakılığa məruz qalıb”.
Nida Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov inzibati qaydada həbs edilib.
Bu barədə fevralın 22-də Nida Vətəndaş Hərəkatının “Feysbuk” səhifəsində məlumat verilib.
R. Məmmədova deyir ki, bu, Elmir Abbasovun birinci həbsi deyil: “Bir müddət öncə də Elmir Sumqayıt polisi tərəfindən saxlanılmışdı. Evindən çıxdığı yerdə polis götürüb aparmışdı. "Feysbuk"dakı postlarını silib, buraxmışdılar. Onda da heç kəsin xəbəri olmamışdı, özü azadlığa çıxandan sonra demişdi”.
E.Abbasovun vəkili Zibeydə Sadıqova isə deyir ki, müvəqqəti saxlama yerindəki polislə danışıb.
Polisin vəkilə dediyinə görə, E.Abbasov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə həbs olunub.
Onun hazırda Sumqayıt Şəhər Polis İdarəsində saxlanıldığı bildirilir.
“Elmirin tutulmasından dünən xəbərim olub. Hələ onunla görüşməmişik deyə çox məlumatlı deyiləm. Növbətçi polislə özünə məlumat göndərmişəm, sabah, ya da birigün yanına gedəcəyəm”, - vəkil bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev NİDA-çı fəalın həbsinin siyasi motivlərlə bağlı olması kimi iddiaları əsassız sayır: "Şəxs narkotik vasitələrin istifadəçisidir, müvafiq ekspertiza rəyi bunu təsdiq edir. Üzərində şəxsi istehlak miqdarından az narkotik vasitə aşkarlanıb. Barəsində toplanmış materiallar müvafiq məhkəməyə göndərilməklə qanunvericiliyə uyğun olaraq inzibati qaydada həbs edilib. Onun saxlanmasında heç bir siyasi motiv yoxdur".
DİN rəsmisi məhkəmənin niyə vəkilsiz keçirildiyi barədə suala isə belə cavab verib: "Bu barədə məlumatım yoxdur".
Sosial Media
Sosial Media
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”