Rəsul Cəfərov: “Əfv Komissiyasına 110 nəfərin adını vermişik”
Sosial media
“Yaxın qohumların II Qarabağ müharibəsində şəhid və ya qazi olması faktı da əfv üçün əsas qiymətləndirmə meyarlarına daxil edə bilər”.
Bunu “Toplum TV”-yə açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib.
2021-ci ildə komissiyanın 2 iclası baş tutub, 200-dən çox müraciətə baxılıb; növbəti toplantı fevralın 24-də keçiriləcək.
Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov deyir ki, təşkilat olaraq müraciətlərin obyektiv araşdırılmasını istəyirlər: “Ötən həftə prezidentə yazılı müraciət edib sürətini Əfv Komissiyasının sədrinə və bir neçə üzvünə göndərmişik. Qeyri-hökumət təşkilatı olaraq gözləntimiz ondan ibarətdir ki, müraciətimizə diqqətlə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırılsın və müəyyən mənada müsbət yanaşma nümayiş etdirilsin”.
Əliməmməd Nuriyev isə bildirir ki, müraciətlərə hərtərəfli və obyektiv baxılır, iclasda müzakirələr şəffaf şəkildə aparılır: “Əfvin dəqiq tarixi məlum deyil, Novruz bayramından öncə, sonra və ya bayram günlərində olacağı tamamən prezidentin iradəsinə bağlıdır. Əfv Komissiyası kimlərin həbsdən azad ediləcəyi ilə bağlı qəti qərar qəbul edən qurum deyil, o, Prezidentin əfv hüququnu həyata keçirməkdə təşkilati və texniki tərəfləri müəyyənləşdirərək prezidentə təqdim edir”.
Rəsul Cəfərov sərəncamda xüsusilə hərbçilərin adlarını görmək arzusundadır: “Builki əfv həqiqətən də II Qarabağ müharibəsindəki tarixi qələbəyə həsr olunacaqsa, hərbçilərin bu siyahıya daxil edilməsi yerinə düşər. Gözləntimiz sərəncamın daha çox şəxsi əhatə etməsidir. Eyni zamanda, bizim qeyd etdiyimiz şəxslərin hamısının, heç olmasa, böyük qisminin adının da siyahıda olmasını gözləyirik. Biz komissiyaya 110 nəfərin adını təqdim etmişik ki, onların arasında Gəncə, Tərtər işinə görə həbs olunan hərbçilər də var. Siyahımızda Nardaran hadisələri zamanı, o cümlədən ömürlük həbs olunan şəxslərin də adları var. Bunlar 1996-cı ildən azadlıqdan məhrum edilən I Qarabağ müharibəsinin iştirakçıları, keçmiş OMON-çular Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımovdur. Biz onların ya azadlığa buraxılmasını, ya da cəzalarının yüngülləşdirilməsini istəmişik. Eyni zamanda, gözləntimiz və istəyimiz ondan ibarətdir ki, siyasi motivlə həbs olunmuş şəxslər də azadlığa buraxılsın. Ümidvarıq ki, bu müraciətlər müsbət dəyərləndiriləcək”.
Ə.Nuriyev builki əfv sərəncamının II Qarabağ müharibəsi iştirakçılarının yaxınlarına da şamil ediləcəyini istisna etmir: “Əfvi zəruri edən səbəblərdən biri də ordumuzun II Qarabağ müharibəsi nəticəsində işğal edilmiş əraziləri azad etməsi oldu. İstisna etmirəm ki, sərəncamın adlandırılmasında da Vətən müharibəsi ilə əlaqədar olması özəlliklə qeyd edilsin. Lakin bu da rezidentin səlahiyyətləri çərçivəsindədir. Eyni zamanda, yaxın qohumların II Qarabağ müharibəsində şəhid və ya qazi olması faktı da əfv üçün əsas qiymətləndirmə meyarlarına daxil edilə bilər”.
Rəsmi səhifə
İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin
Sosial mediadan skrinşot