Siyasət

Rusiya niyə Azərbaycanı bioloji laboratoya qurmaqda ittiham edir? – “İddianın hansı vaxta təsadüf etməsi olduqca vacibdir”

Vüsalə Mikayıl
13 May, 2022
214

açıq mənbədən götürülüb

Bir müddətdir ki, post sovet ölkələri Rusiyanın bioloji silah ittihamlarına tuş gəlir.

Siyahıda Azərbaycan da var. Azərbaycana qarşı bu iddiaları Rusiya rəsmiləri həm beynəlxalq arenalarda, həm də mətbu orqanlarda səsləndirirlər.

Rusiya Müdafiə Nazirliyinə istinadən "Komsomolskya Pravda"nın aprelin 14-ə olan məlumatında Ukrayna ilə yanaşı Gürcüstan, Moldova və Azərbaycanda da elmi-texniki mərkəzlərdə bioloji proqram sahəsində 5 mindən çox elmi araşdırma layihəsinin həyata keçirildiyi yazılıb.

Azərbaycan fakt tələb edir

Azərbaycan tərəfi məsələyə təhlükəsizlik orqanları səviyyəsində cavab verərək iddiaların əsassız olduğunu bildirib. Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin mayın 7-də yaydığı məlumatda belə deyilir:

“Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələrin respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatlıqla qarşılanması müşahidə edilməkdədir”.

Qurum Azərbaycanda belə elmi mərkəzlərin heç vaxt fəaliyyət göstərmədiyini vurğulayıb: “Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur. Müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onların araşdırılmasına hazır olduğumuzu bildiririk”.

Rusiya bundan əvvəl də qonşularını oxşar məsələlərdə ittiham edib. Rəsmi Moskva 2018 və 2020-ci illərdə Gürcüstanda insanlar və "xəstəliklər yayan həşəratlar" üzərində eksperimentlər aparan bioloji laboratoriyaların mövcudluğunu iddia edirdi.

Eksperimentlərin ABŞ-ın dəstəyi ilə Tbilisidəki Riçard Lugar adına ictimai sağlamlıq mərkəzində aparıldığı da iddia edilib. Gürcüstan laboratoriyanın hələ sovet dövründən fəaliyyət göstərdiyini deyərək ittihamları yalanlayıb.

Kimyəvi silahlar niyə təhlükəlidir?

Kimyəvi silahdan istifadə beynəlxalq hüququn pozulması deməkdir və müharibə və insanlığa qarşı cinayətlərə bərabər tutulur.

Kimyəvi silahlar zəhərli xassələri vasitəsilə qəsdən ölüm və ya zərər vurmaq üçün istifadə olunan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri raketlər, mərmilər, minalar, aviasiya bombalarıdır.

Uyğun və icazə verilən məqsədlər üçün istifadə edilmədikdə bütün zəhərli kimyəvi maddələr və onların prekursorlarının tətbiqi qadağandır.

Kimyəvi maddələr taktiki təyinatı və təsir tezliyinə, tətbiq və dayanaqlığına görə sinifləndirilir. Sinir-paralitik, ümumi zəhərləyici, boğucu təsirli, habelə dəri- deşici, qıcıqlandırıcı təsir edən maddələrə ayrılır. Bəziləri hətta müvəqqəti korluq, karlıq, qorxu hissi və hərəkət dəqiqliyinin itirilməsinə səbəb olur.

Azərbaycana qarşı niyə belə iddialar səslənir?

Hərbi ekspert Telman Əbilov iddiaların əssassız olduğunu bildirir. Onun sözlərinə görə, iddianın hansı vaxta təsadüf etməsi də olduqca vacibdir: “İttihamın Ukrayna və Rusiya arasındakı müharibədə Azərbaycanın Ukrayna xalqını dəstəkləməsi ilə bir vaxtda verilməsi münasibətin qərəzli olmasını sübut edir. Rusiya Qafqazda belə laboratoriyanın harda olduğunu yaxşı bilir. Bu ölkənin Ermənistan olması dünyaya da məlumdur. Rusiya səmimi olsaydı, elə birinci oranın adını çəkərdi. Çünki orada həqiqətən belə laboratoriyalar var”.

Telman Əbilov - açıq mənbədən götürülüb

Kimyəvi Silahlar haqqında Konvensiya

Kimyəvi silahlar haqqında Konvensiya 1997-ci ildə qüvvəyə minib.

Konvensiyaya üzv dövlətlərin hər biri heç zaman və heç bir şəraitdə kimyəvi silahları artırmamaq, istehsal etməmək, əldə etməmək və ehtiyatda saxlamamaq barədə öhdəlik götürür.

Konvensiya çərçivəsində qadağan olunmayan hallar, sülh məqsədləri üçün vasitələr, yəni sənaye, kənd təsərrüfatı, əczaçılıq, tibbi və digər vasitələr istisna olmaqla, hərbi sursatlar ilə birlikdə zəhərli kimyəvi maddələrin və onların məhsullarının məhv edilməsi konvensiyada nəzərdə tutulur. Konvensiyada qeyd edilmiş bütün kimyəvi maddələr mənşəyindən və ya istehsalından asılı olmayaraq, insanlara və ya heyvanlara zərər yetirə bilən zəhərli kimyəvi maddələrə aiddir. Buna görə də, bu növ kimyəvi maddələr istehsal edən mülki istehsal imkanları konvensiyanın nəzarəti altındadır.

Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (KSQT) sözügedən konvensiyanın effektiv şəkildə icrasını təmin edir.

Azərbaycanda konvensiyanı 2000-ci ilin 29 fevralında ratifikasiya edib.

“Azərbaycanın buna ehtiyacı yoxdur”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü deputat Aydın Mirzəzadə Azərbaycanın bioloji silah laboratoriyalarına ehtiyacı olmadığını bildirir:

“Mümkündür ki, müəyyən dairələr Rusiya-Azərbaycan qarşıdurması yaratmaq istəsin. Ancaq Azərbaycan rəsmi sürətdə bildirdi ki, bu məlumat səhvdir və ümumiyyətlə, Azərbaycanın buna ehtiyacı yoxdur. Biz öz problemlərimizi həll edən, qonşu dövlətlərlə normal münasibətləri olan və beynəlxalq mühitdə sülhün olmasına çalışan dövlətik”.

Aydın Mirzəzadə - açıq mənbədən götürülüb

KİMYƏVI SİLAHLAR HAQQINDA DEZİNFORMASİYA

Aprelin 29-da Avropa İttifaqqı Kimyəvi Silahlar haqqında Konvensiyanın 25-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda Rusiyanın ittihamların müstəqil media, beynəlxalq ekspertlər tərəfindən dəfələrlə yalan olduğunun sübut edildiyi qeyd edilir.

2021-ci ilin dekabrından Rusiya iddia edir ki, Ukraynada kimyəvi silah laboratoriyaları var. Rusiya özü də kimyəvi silahdan istifadədə təqsirləndirili. Xüsusilə, keçmiş KQB agenti Sergey Skripal (2018) və müxalifət lideri Aleksi Navalnının (2020) qətlinə cəhddə.

Bundan başqa, mayın 10-da ABŞ Rusiyanın Qərbin Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə gizli bioloji tədqiqat laboratoriyaları yaratması ilə bağlı iddialarını təkzib edib. Bu baraədə “Turan” -ın Vaşinqton müxbiri xəbər verib.

Ned Prays - açıq mənbədən götürülüb

"Biz bilirik ki, bu, yalandır",- Dövlət Departamentinin mətbuat katibi Ned Prays gündəlik brifinqdə “Turan”-ın sualının cavabında deyib.

"Biz kimyəvi silah və bioloji silah üzrə konvensiyalarla bağlı öz mövqeyimizi çox dəqiq müəyyənləşdirmişik. Ukrayna və digər ölkələrin də mövqeyi belədir, amma bunu Rusiya haqda demək olmaz",- Prays deyib.

Siyasət

ABŞ səfirliyi 14 may aksiyası barədə

Roza Məmmədova
17 May 2022

Toplum Tv

Birləşmiş Ştatların səfirliyi "Toplum TV"yə açıqlamasında Azərbaycan hökumətini vətəndaşların konstitusion hüquqlarına hörmət etməyə çağırıb Birləşmiş Ştatlarının Səfirliyi Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə yanaşmağa, o cümlədən bütün vətəndaşların öz fikirlərini dinc şəkildə ifadə etməsinə, azad toplaşma hüququndan istifadəsinə imkan verməyə çağırıb. Mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərlə ictimai fəallara təzyiqlə bağlı “Toplum TV”nin sorğusuna Birləşmiş Ştatlar səfirliyindən verilən cavabda belə deyilir.  “Biz bütün dünyada etdiyimiz kimi, Azərbaycanda da hökuməti medianın təhlükəsizliyini təmin etməyə və jurnalistlərin zorakılıq, təhdid və ya ədalətsiz həbsdən qorxmadan öz vəzifəsini yerinə yetirmək imkanlarını qorumağa çağırırıq”,- deyə açıqlamda qeyd olunub....
Siyasət

Putin niyə MDB ölkələrinin KTMT-yə üzv olmasını istəyir?

Roza Məmmədova
17 May 2022

Reuters

"Putinin dediklərini dinləməliyik, amma əhəmiyyət verməməliyik” Azərbaycanın sabiq xarici İşlər naziri Tofiq Zülfüqarov “Toplum TV”yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mayın 16-da Moskvada keçirilən sammitində Rusiya Prezidentinin çıxışını şərh edərkən belə deyib. Rusiya Prezidenti Vladimir Putin məlum nitqi zamanı Müstəqil Dövlətlər Birliyinə (MDB) KTMT-də müşahidəçi statusunun verilməsi təklifi ilə çıxış edib. Bir gün əvvəlsə Belarusun müdafiə naziri Viktor Xrenin bir neçə ildən sonra onlarla ölkənin KTMT-yə qoşulacağını bəyan etmişdi. Hazırda təşkilatın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistandır. Putin saamitdəki çıxışında KTMT-nin payızda birgə hərbi təlimlər planlaşdırdığını da deyib. Onun sözlərinə görə, təlimlərin sayı getdikcə artacaq və onlar Qazaxıstan,...

Seçilmiş Videolar

Toplum TV loqo