Siyasət

Rusiyalı həmsədr niyə qondarma DQR rəhbərliyilə görüşür? - "Azərbaycan sərt mövqe nümayiş etdirməlidir"

Nigar Səmədli
7 Sentyabr, 2021
3399

News.am

“Rusiya-Azərbaycan münasibətlərində Rusiyanı qane etməyən müstəvilər yarandığı üçün o, ATƏT-in Minsk qrupunu yenidən fəaliyyətə cəlb edir”.

ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş rusiyalı həmsədri İqor Xovayev Yerevana səfər edib.

Bu barədə sentyabrın 6-da “News.am” saytı məlumat yayıb.

Məlumata görə, rusiyalı həmsədr Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və Qarabağdakı qondarma rejimin rəhbəri Arayik Arutyunyanla görüşüb.

Baş tutan görüşlərdə həmsöhbətlər münaqişənin həlli ilə bağlı bir çox məsələləri müzakirə edərək ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində sülh prosesinin bərpasının vacibliyini vurğulayıblar.

Eyni zamanda həmsədrlərin bölgəyə gələcək səfərləri və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının əhəmiyyəti kimi mövzular da müzakirə olunub.

Milli Məclisin deputatı Fəzail Ağamalı xüsusilə Arayik Arutyunyanla keçirilən görüşü mənfi qiymətləndirir: “10 noyabr bəyanatından sonra Putinin çağırışlarında bu problemin Azərbaycanın daxili işi olduğu qəti şəkildə qeyd olunmuşdu. Artıq Dağlıq Qarabağ Respublikası anlayışı yoxdur və 44 günlük müharibə ilə biz status məsələsini də ortadan qaldırdıq. Təəssüf edirəm ki, Rusiya bir tərəfdə problemin həlli ilə bağlı üçtərəfli bəyanata imza atır, başqa bir tərəfdən isə olduqca xoşagəlməz siyasi oyunların ssenarisini qurur”.

Fəzail Ağamalı - Rəsmi səhifə

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, sözügedən görüşlər Ermənistanın Minsk qrupunu yenidən prosesə cəlb etmə cəhdidir: “Ermənistanın Minsk qrupuna olan münasibəti bəllidir. O istəyir ki, həmsədrlərin işi bərpa olunsun. Təəssüflər olsun ki, Rusiya bu məsələdə ikili mövqe nümayiş etdirir. Bir tərəfdən Türkiyə ilə birlikdə fəaliyyət göstərir, göründüyü kimi Türkiyə və Rusiyanın rəhbərləri, xarici işlər nazirləri müxtəlif görüşlər keçirirək Qarabağ məsələsini müzakirə edirlər. Digər tərəfdən isə hansısa ermənipərəst qüvvələr hər yolla Minsk qrupunun fəaliyyətini bərpa etməyə çalışırlar. Bu səfər də həmin cəhdlərdən biridir”.

ATƏT-in Minsk qrupunun həmsədri avqustun 30-da Bakıya səfər etmiş və xarici işlər naziri Ceyhun Bayramovla görüşmüşdü.

Azərbaycan XİN-in məlumatında bildirilirdi ki, tərəflər Azərbaycan və Ermənsitan arasında münaqişənin tənzimlənməsini, habelə Moskva, Bakı və Yerevan arasında imzalanmış üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı son durumu və Azərbaycanla Ermənistan arasında etimadyaradıcı tədbirləri müzakirə ediblər.

Tofiq Zülfüqarov - Açıq mənbələrdən götürülüb

ATƏT-in Minsk qrupu yenidən fəaliyyətə başlayır?

Millət vəkili Fəzail Ağamalı buna ehtiyac olmadığını vurğulayıb: “Düşünürəm ki, Azərbaycan Minsk qrupunun missiyasını yerinə yetirib. Ona görə də həmsədrlərin bu prosesə daxil olmasına, Azərbaycana hansısa təklif verməsinə ehtiyac yoxdur. Rusiya bu cür davranışlarla qeyri-səmimi olduğunu bir daha nümayiş etdirir. Niyyəti isə yenə də Ermənistan vasitəsilə bu qaynayan ocağı qoruyub saxlayaraq həm Azərbaycana, həm də Ermənistana təsir göstərməkdir”.

Siyasi şərhçi Elman Fəttahın fikrincə, Minsk qrupunun yenidən fəallaşması sırf Rusiyanın istəklərinə uyğun baş verir: “Ötən il baş verən müharibə ATƏT-in bütün funksiyalarını sıfırlayaraq proseslərdən tamamilə kənara atmışdı. Görünür, Rusiya-Azərbaycan münasibətlərində Rusiyanı qane etməyən müstəvilər yarandığı üçün o, ATƏT-in Minsk qrupunu yenidən fəaliyyətə cəlb edir. Burada əhəmiyyətli məsələ odur ki, ATƏT-in Minsk qrupunun iş prinsipi yeni yaranmış situasiyada Azərbaycanın maraqlarına cavab vermir. Təsadüfi deyil ki, həmsədr Ermənistana getməklə barəbər qondarma rejimin nümayəndəsi ilə də görüş keçirib. Bu, 10 noyabr bəyanatına qədər olan hüquqi prosedurların izlənməsidir. 1994-cu ildə imzalanmış Bişkek protokuluna görə, yaranmış tərəflər vardı və burada əsas məsələlər torpaqların işğaldan azad edilməsi, Dağlıq Qarabağa hansısa statusun verilməsi idi”.

Elman Fəttah - Sosial Media

Ekspert deyir ki, hazırki məqamda həmsədrlərin prosesə qoşulması Azərbaycanın maraqlarına uyğun deyil: “Çünki torpaqların böyük əksəriyyəti onsuz da işğaldan azad edilib. Hazırda ATƏT prosesə qoşulacağı təqdirdə Dağlıq Qarabağın status məsələsini ön plana çəkəcək. Bu baxımdan Azərbaycan prosesi mümkün olduğu qədər sadəcə Ermənistanla danışıqlar apararaq həll etməlidir. Yalnız bu halda Azərbaycanın maraqlarını qorumaq mümkündür. ATƏT-in Minsk qrupu yenidən aktivləşərsə, bu, Azərbaycan üçün əlavə problemlərə, Dağlıq Qarabağın status ilə bağlı yersiz və uzun müzakirələrə səbəb olacaq. Bütün beynəlxalq məsələlərdə isə Azərbaycanın qarşısında çətin bir problem kimi dayanacaq”.

Tofiq Zülfüqarov isə düşünür ki, Minsk qrupunun aktivləşməsinə qarşı Azərbaycan sərt mövqe nümayiş etdirməlidir: “Hesab edirəm ki, həm Azərbaycan hakimiyyətinin, həm də ictimaiyyətin Minsk qrupuna münasibəti mənfidir. Ona görə də həmsədrlər hansısa təklif irəli sürsələr belə, onlara etimad olmayacaq”.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr razılaşmasına əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Putin növbəti dəfə Əliyevə zəng edib

26 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Noyabrın 26-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb. Bundan əvvəl Putin Əliyevə oktyabrın 31-də və noyabrın 22-də zəng etmişdi.
Siyasət

Müdafiə Nazirliyi: Erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib

26 Noyabr 2022

Rəsmi səhifə

Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib. Bu barədə noyabrın 26-da Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib. "Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib",- məlumatda qeyd olunub.

Seçilmiş Videolar

Toplum TV loqo