Siyasət

Sabunçu Rayon Məhkəməsi prezidentə qarşı iddiaya baxacaq 

17 May, 2021
156

Sosial Media

Mayın 26-da, səhər saat 10-da Sabunçu Rayon Məhkəməsi paytaxt sakini Seymur Quliyevin iddiası üzrə şikayətə baxacaq. 

İş üzrə cavabdehlər qismində Milli Məclisin deputatı Əliabbas Salahzadə və həyat yoldaşı Xatirə Salahzadə, həmçinin atası, keçmiş deputat Qalib Salahzadədir. 

Sabunçu Payon Məhkəməsinə təqdim olunan iddia ərizəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə üçüncü şəxs, prezident İlham Əliyev isə maraqlı şəxs qismində təqdim olunub. 

“Prezident çıxışında bildirmişdi ki, vətəndaşlar məmur özbaşınalığı barədə ona yazsınlar, məlumatlandırsınlar. Mən illərdir müxtəlif dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına şikayətlər göndərirəm. Ola bilsin ki, prezidentə çatmır. İstəyirəm ki, bu yolla onu ölkədə məmurların vətəndaşların başına açdığı oyunlardan xəbərdar edim”, – iddiaçı Seymur Quliyev "Arqument.az"a belə deyib. 

“Əlimdə mülkiyyət sənədi olan əmlakımdan zorla çıxarıldıq”

O deyib ki, əlində Bilgəh qəsəbəsində dəniz sahilində yerləşən 20 sot əraziyə mülkiyyət hüququnu təsdiqləyən çıxarış var, amma 2004-cü ildə aldığı bu əmlakı Salahzadələr ailəsi tərəfindən zəbt olunub, bağın içində tikdirdiyi 3 və 2 mərtəbəli iki evi, həyətdəki hovuzu sökülüb. 

Mübahisəli əmlaka 2012-ci ildə deputat Əliabbas Salahzadənin həyat yoldaşı, şeyxin isə qızı olan Xatirə Salahzadənin adına çıxarış alınıb. 

Seymur Quliyevin şikayəti əsasında məhkəmə o çıxarışı ləğv etsə də, iddiaçı hələ də öz əmlakından istifadə edə bilmədiyini deyir: “Əlimdə mülkiyyət sənədi olan əmlakımdan zorla çıxarıldıq. Bağ evlərimiz buldozerin ağzına verilib söküldü. Uşaqlarımın oyuncaqlarına qədər götürüb apardılar. Yerli məhkəmələr ədalətli qərar versələr də, indiyədək mən öz əmlakımın ərazisinə daxil ola bilmirəm, şlaqbaum var. Mənim ərazimdən yayda - dəniz mövsümündə avtodayanacaq kimi istifadə olunub, pul toplanılır”.

O qeyd edib ki, iddia ərizəsində ərazinin boşaldılması, dağıdılmış əmlakların əvvəlki vəziyyətinə qaytarılmasını, maddi ziyana görə 3 milyon, mənəvi ziyana görə 2 milyon, beş il ərzində oradan dayanacaq kimi istifadə olunmasına görə isə 450 min manat pulun cavabdehlərdən tutulub ona verilməsi tələbini qoyub. 

DİN prokurorluq qarşısında vəsatət qaldırıb və...

Salahzadələr ailəsinin bu iddiaya münasibətini öyrənmək mümkün olmayıb. 

Seymur Quliyevin şikayəti əsasında CM-in 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 320 (rəsmi sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) və 322-ci (özbaşınalıq) maddələri ilə cinayət işi başlanıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsində aparılan istintaqa Qalib Salahzadə də cəlb olunub və onunla bağlı istintaq hərəkətləri aparılıb. 

2020-ci ildə istintaq belə nəticəyə gəlib ki, Salahzadənin əməlində CM-in 186 və 188-ci maddələrindən başqa, 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), (vəzifə səlahiyyətlərini aşma) və 222-2 (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddələrinin də tərkibi var, çünki hadisələr baş verəndə Qalib Salahzadə deputat idi. 

Bu maddələrlə istintaq aparmaq isə prokurorluğun səlahiyyətindədir, yaxud da prokurorluq ayrıca razılıq verməlidir ki, daxili işlər orqanlarında istintaq davam etdirilsin. 

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi həmin maddələrlə istintaqın davam etdirilməsinə razılıq almaq üçün prokurorluq qarşısında vəsatət qaldırıb, 14 may 2020-ci ildə cinayət işinin materialları Baş Prokurorluğa göndərilib. 

O vaxtdan da cinayət işinin icraatı dayandırılıb.

Seymur Quliyev hər kəsi prosesi izləmək üçün Sabunçu Rayon Məhkəməsinə dəvət edib.

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar