"Gələn ilə hazırlanmış dövlət büdcəsi layihəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurulması ilə bağlı düzəlişlər daxil ediləcək".
Bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, 2021-ci il üzrə hazırlanmış dövlət büdcəsi layihəsində müəyyən düzəlişlər ediləcək.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət və icmal büdcənin layihələrinin hələlik Milli Məclisin müzakirəsinə təqdim edilməməsi ölkədə elan olunmuş hərbi vəziyyətlə əlaqəlidir.
S.Şərifov qeyd edib ki, işağaldan azad olunan yerlərdə yenidənqurma işləri aparılacaq: "İşğaldan azad olunan bütün ərazilərimizdə yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi ən ümdə prioritet kimi qəbul edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq”.
Maliyyə naziri bildirib ki, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrasına artıq başlanılıb: "Prezidentin sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Əhmədbəyli–Alxanlı–Füzuli–Şuşa avtomobil yolunun tikilməsinə ayrılmış 50 mln manatın maliyyələşdirilməsinə start verilib”.
O, azad olunan rayonlarda ilk olaraq müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi vacib hesab olunur. Bu isə həmin ərazilərdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsini, minatəmizləmə tədbirlərinin təşkil olunmasını ön plana çıxarır.
Qeyd olunan vəzifələrin həyata keçirilməsi ilə bağlı maliyyə təminatının yaradılması 2021-ci il üçün hazırlanmış dövlət büdcəsi layihəsində müvafiq düzəlişlərin edilməsini şərtləndirir.