Saytların bloklanması və deport qərarı: Azərbaycanla Rusiya arasında "soyuq savaş"
APA
"Şəxslərin icazə müddətinin uzadılmaması fərdi məlumatlara daxil olduğuna görə səbəbləri ictimaiyyətlə paylaşılmır".
Bunu Dövlət Miqrasiya Xidmətinin rəsmisi Elnur Kələntərov “Sputnik Azərbaycan”ın şef-redaktoru Veranika Antonova-Trizno və həyat yoldaşı Pavel Antonovun icazə müddətinin uzadılmamasını Toplum TV-ə şərh edərkən deyib.
Onun sözlərinə görə, Veranika Antonova-Trizno və onun həyat yoldaşı “Sputnik Azərbaycan”ın mətbuat mərkəzinin prodüseri Pavel Antonovun iş icazəsinə imtina qərarı iyunun 6-da verilib.
Hər iki şəxsin adı Dövlət Miqrasiya Xidmətinin “müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilmiş və müvəqqəti yaşama icazələri ləğv edilmiş şəxslərin siyahısı”nda qeyd edilib və siyahı qurumun rəsmi saytında dərc olunub.
“Anti-Azərbaycan təbliğatları qurmaq baxımından rus resursları ciddi rol oynayır”
Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, qəbul olunan qərar iki şəxsə yönəlmiş qərardır və saytın fəaliyyətini dayandırmır: "Fərqli kontekstdən yanaşılsa, informasiya yönləndirmə və informasiyanı yanıltma istiqamətində, eyni zamanda, anti-Azərbaycan təbliğatları qurmaq baxımından rus resursları ciddi rol oynayır. Biz bunu ötən həftə RİA-Novosti”nin Azərbaycanda bloklanması ilə bağlı qərarda gördük. Onlar bu gün üçün qondarma rejimin rəsmiləri kimi təqdim edilən şəxslərlə müsahibə hazırlamışdılar. Bu, Azərbaycanın ərazi bütövlüyünə, xüsusən də Qarabağ və onun ətrafında olan proseslərə yönəlmiş siyasətinə qarşı getmək, əks-təbliğatla məşğul olmaqdır”.
Artıq “RİA-Novosti” informasiya agentliyi sözügedən müsahibəni Azərbaycan tərəfinin narazılığından sonra silib.
“Azərbaycan bu mövzuya milli maraqlar aspektindən yanaşır”
Ələsgər Məmmədli Toplum TV-yə deyir ki, bu gün həmin şəxslərlə bağlı açıqlanan qərar Rusiya ilə “soyuq savaşı"ın davam etdiyini göstərir: "Bu mövzuda Azərbaycan daha çox milli maraqlar aspektindən çıxış edir, atılan addımlar Qərbə yaxınlaşmaq kimi qiymətləndirilə bilməz. Çünki bu hal birinci dəfə baş vermir, bundan öncə də Azərbaycan Rusiyanın erməni meyilli addımlarına adekvat cavab verməyə çalışıb".
Ekspertin fikrincə, Ukrayna-Rusiya savaşı başlayandan sonra Rusiyada da Azərbaycan saytlarının bir çoxu bloklanıb: "Bunları Azərbaycanın qarşı tərəfə cavabı kimi də qiymətləndirmək olar".
“İş icazəsinin uzadılmamasına gəlincə, bu, xarici vətəndaşların Azərbaycandan dərhal çıxarılması anlamına gəlmir. Çünki Azərbaycanda rus və digər postsovet ölkələrin vətəndaşları 90 gün müddətində vizasız qalmaq hüququna sahibdir. Onların yalnız həmin 90 gün müddəti bitirsə, o zaman deport oluna bilərlər”, - deyə hüquqşünas bildirib.
“Fəaliyyətimiz əvvəlki qaydada davam edir”
“Sputnik Azərbaycan”ın redaktoru Tahir Balıyevin sözlərinə görə, saytın fəaliyyətinə hazırda heç bir məhdudiyyət qoyulmayıb: "Redaksiya heyətinin fəaliyyəti əvvəlki qaydada davam edir. İşdən ayrılanlar yeniləri ilə əvəzlənir".
Bir müddət öncə Milli Məclisin deputatı Vahid Əhmədov da “Sputnik-Azərbaycan”-nın Azərbaycanda qadağan olunmasına dair çağırışlar etmişdi.
Açıq mənbələrdən götürülüb
Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi
Açıq mənbələrdən götürülüb
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb