Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Ermənistanın II Qarabağ müharibəsindəki məğlubiyyətinin səbəbini açıqlayıb. O, bunu ölkə rəhbərliyi ilə hərbi komandanlıq arasında düzgün koordinasiyanının qurulmaması ilə əlaqələndirib.
"Sputnik Ermənistan”ın dekabrın 24-də verdiyi xəbərə görə, keçmiş nazir bildirib ki, müharibənin başlanmasına qədər Azərbaycanla təmas xəttində 238 kilometr sahəni əhatə edən istehkamlar qurulmuşdu. Ohanyanın fikrincə, hərbi əməliyyatların əvvəlində Azərbaycan istehkamları yalnız iki yerdən yara bilmişdi, buna baxmayaraq, əgər komandanlıq düzgün addımlar atsaydı, cəbhədəki sonrakı fəlakətin qarşısını almaq olardı.
"Bu müharibəni erməni ordusu deyil, hərbi-siyasi reallıqları düzgün qiymətləndirə bilməyən, savadsız və koordinasiya edilməyən qərarlarına görə iqtidar uduzub”, - Ohanyan söyləyib.
Keçmiş nazir siyasi hakimiyyətin dəyişilməsini arzuladığını və indiki baş nazir Nikol Paşinyanın etdiyi inqilabdan məyus olduğunu açıqlayıb. O, baş nazirin ötən iki il yarım ərzində xarici siyasətdə və daxili siyasətdə uğursuz olduğunu deyib.
Seyran Ohanyan II Qarabağ müharibəsində Şuşa şəhərinin müdafiəsindən məsul olub.