Siyasət
Siyasi partiyalardan Gəncənin vurulmasına reaksiya
17 Oktyabr, 2020
222
"Ermənilər özlərinin sadiq qalmadığı sənədə görə bizi ittiham edə bilməzlər”.
 


Bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Qarabağda gedən döyüşlər və Gəncənin erməni silahlı birləşmələri tərəfindən vurulmasını "Toplum TV”yə şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan BMT-nin 4 qətnaməsi əsasında beynəlxalq hüququn öhdəliklərini yerinə yetirir, buna görə Azərbaycana qarşı ola biləcək təzyiqlər haqsızlıq olar:

"Ermənilər özlərinin sadiq qalmadığı sənədə görə bizi ittiham edə bilməzlər”.

Seymur Həzi deyir ki, müharibənin davam etməsinə səbəb Ermənistan tərəfinin öhdəlik götürüdüyü məsələləri həyata keçirməməsidir.

AXCP-nin sədr müavini deyir ki, araşdırmalar etməsi, itkilərin sənədləşdirilməsi üçün Azərbaycan bir sıra beynəlxalq qurumlara hadisələrin baş verdiyi ərazilərə daxil olmağa icazə verməlidir:
 
"Azərbaycan bu məsələylə bağlı fərqli siyasət yürüdür, amma mən düşünürəm ki, siyasi təşəbbüslər və idarəetmə hökümətin əlindədir, onlar məsələni daha aydın görürlər”.

S.Həzi hesab edir ki, Gəncədə baş vermiş hadisələr Ermənistanın mövqeyini dünyana nümayiş etdirən növbəti arqumentdir.
 
"Bu, sadəcə, Azərbaycanın nüfuzunu qaldıracaq və Azərbaycanın hərbi qüdrətinə olan inamı qüvvətləndirəcək”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Füzuli şəhərinin işğaldan azad edilməsiylə bağlı "Toplum TV”yə açıqlamasında belə deyib.

O hesab edir ki, bu hadisələrdən sonra bəzi təşkilatların Azərbaycana olan mövqeyində dəyişikliklər olacaq: "Bəzi təşkilatlar bu illər ərzində Azərbaycanın zəifliyini əsas götürərək erməniləri müdafiə edirdilər, indi onlar birmənalı şəkildə Azərbaycanın yanında olacaqlar”.

Partiya sədri bildirir ki, Rusiyanın da bu məsələyə mübasibəti birmənalı olmayacaq və o da baş verənləri pisləyəcək: "Getdikcə dünya ictimaiyyəti erməni vəhşiliyindən daha çox xəbərdar olacaq və Azərbaycanın haqqlı olduğuna hamı, nəhayət ki, inanacaq”.

Onun fikrincə, bu məsələylə bağlı Ermənistan beynəlxalq təşkilatlar tərəfindən qınanmasa, cinayətkarların cəzalandırılmasıyla bağlı nizam pozulacaq.

"Gəncənin vurulmasına qarşı Azərbaycan doğru addımları atır” - Sosial Demokratlar Partiyasının sədri Araz Əlizadə belə deyir.

Onun qənaətinə görə, baş verənlər Ermənistan üçün sanksiyalarla nəticələnməyəcək, həmçinin Azərbaycan da cəbhədəki irəliləyişlərə görə beynəlxalq arenanın mənfi rəyilə qarşılaşmayacaq:
 
"Azərbaycan öz haqq işini görür və heç bir qüvvə buna mane ola bilməz”.

"Azərbaycanın cavab əməliyyatları Ermənistanı BMT-nin qətnamələrinə və digər beynəlxaq sənədlərə hörmətlə yanaşmağa məcbur edəcək” - Müsavat Partiyasının başqanı Arif Hacılı belə düşünür.

O hesab edir ki, beynəlxalq birliyin nə deməsindən asılı olmayaraq Azərbaycanın apardığı müharibə azadlıq müharibəsidir:
 
"Azərbaycan tərəfi ilk növbədə sivil əhalinin müdafiəsini təşkil etmək üçün havadan müdafiə sistemlərini gücləndirməli və lazım olan hərbi avadanlıqları əldə etməlidir”.

Arif Hacılı deyir ki, bəzi erməni fəalları Azərbaycanın şəhərlərinə, sivil əhaliyə qarşı törədilən cinayətləri alqışlayırlar və bu, erməni cəmiyyətini dünya ictimaiyyətinə daha yaxından tanıdacaq:
 
"Demokratik dünyadakı ictimai rəy Azərbaycanın xeyrinə işləyir. Həmçinin dünyanın bir sıra ölkələrindəki erməni diasporunun keçirdiyi askiyalar həmin ölkələrin vətəndaşları tərəfindən etirazla qarşılanır”.

Arif Hacılı Fransanın Azərbaycana qarşı davranışında əvvəllər olduğu kimi ötkəmlik sezilmədiyini də deyir.

"İşğal altında olan torpaqların Azərbaycan ordusu tərəfindən azad olunması beynəlxalq danışıqların konfiqurasiyasını dəyişir”.

ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli belə düşünür

O, Rusiyanın məsələyə müdaxilə etməməsini Ermənistan-Rusiya əlaqələrində yaranmış ikili münasibətlə əlaqələndirir:
 
"Rusiya deyir ki, bu bölgədə məndən icazəsiz nə müharibə, nə də sülh ola bilər. Amma indiki halda Ermənistan-Rusiya münasibətlərindəki çat Azərbaycanın xeyrinə işləyir”.

N.Cəfərli hesab edir ki, Azərbaycan Ermənistanın provokasiyasına uymayacağı təqdirdə işğaldan azad etmə əməliyyatları Rusiyanın da maraqları daxilindədir:
 
"Azərbaycan mövcud geosiyasi vəziyyətdən istifadə edərək işğal altındakı torpaqları bacardıqca çox azad edib, sonra qurulacaq masada üstün mövqeylə oturmalıdır”.

"Biz özümüzdə günah axtarmalıyıq” - Natiq Cəfərli Azərbaycanda baş verənlərin dünya ictimaiyyətinə çatdırılmasındakı əngəllərə münasibət bildirərkən bağlı deyib.

Onun fikrincə, obyektiv səbəblərə görə erməni lobbisi Azərbaycan lobbisindən güclüdür:
 
"Biz öz fikirlərimizi normal dildə dünya ictimaiyyətinə çatdırmaqda çətinlik çəkirdik. Şükürlər olsun ki, son zamanlar Azərbaycan hakimiyyətinin bir sıra rəhbər şəxsləri səlis ingilis dilində ölkədə baş verənləri dünyanın diqqətinə çatdırır. Son 17 gündə prezidentin özü də dünya mediasına müsabibələr verib, həm də hakimiyyətdə olduğu 17 ildəkindən daha çox”.

O hesab edir ki, bunlar informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynayır:
 
"Hələ də görüləsi işlər var. Biz daha da açıq olmalıyıq, hüquq bizim tərəfimizdədir”.

Natiq Cəfərli də hesab edir ki, dünya mediasının ölkəyə cəlb edilməsi bu gün üçün vacib amillərdən biridir.

Elməddin Şamilzadə

Siyasət

Sərhəddə azərbaycanlı və erməni hərbçilər arasında dava düşüb?

18 May 2021

Sputnik

Vardenis rayonunda erməni və azərbaycanlı hərbçilər arasında dava olub.  Bu barədə mayın 18-də "Sputnik" Ermənistan Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.  Bildirilir ki, insidentin qarşısı tezliklə alınıb və məsələ böyüməyib.  "Dünən hərbi qulluqçular arasında mübahisə düşüb, ancaq məsələ tezliklə də yoluna qoyulub", - Müdafiə Nazirliyindəki mənbə deyib.  Ermənistanın sosial şəbəkələrində yayılan xəbərlərə görə, iki tərəfin hərbi qulluqçuları tutaşan zaman azərbaycanlılar az qala Ermənistan Hərbi Qüvvələrinin postlarına daxil olublar.  Azərbaycan və Ermənistan sərhəddindəki Qaragöl bölgəsində gərginlik bir neçə gündür ki, davam edir.  Bu gün Rusiya Xarici İşlər Nazirliyi məsələylə bağlı məlumat yayıb.  Nazirliyin press-relizində qeyd olunur ki, Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə...
Siyasət

Co Baydenin müşaviri sərhəddəki gərginliklə bağlı İlham Əliyevə zəng edib

18 May 2021

NPR

"Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir". "Prezident.az" saytının məlumatına görə, bunu ötən gecə ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon söhbətində Prezident İlham Əliyev bildirib.   Azərbaycan Prezidenti bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib, münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib. İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib. Dövlət başçısı Ermənistanın sərhəd...
Seçilmiş Videolar