Siyasət

Siyasi şərhçi: "2010-cu ildə imzalanan müqavilə Şuşa Bəyannaməsindən üstün sənəddir"

Nigar Səmədli
16 İyun, 2021
1359

Açıq mənbələrdən götürülüb

“Qardaş ölkə olsa belə, Azərbaycanda Türkiyə də daxil olmaqla heç bir ölkənin hərbi bazasının yaradılmasına ehtiyac yoxdur”.

Bunu siyasi şərhçi Anar Məmmədli Şuşa Bəyannaməsi haqqında “Toplum TV”-yə danışarkən deyib.

İyunun 15-də Şuşa şəhərində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında "Müttəfiqlik Münasibətləri haqqında" Şuşa Bəyannaməsi imzalanıb.

Sənədə görə, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulub. Həmçinin Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır".

Şahin Cəfərli - Sosial Media

Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, 2010-cu ildə Azərbaycanla Türkiyə arasında imzalanmış "Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" Müqavilə hüquqi baxımdan Şuşa Bəyannaməsindən daha üstün sənəddir: "Şuşa Bəyannaməsini önəmli və tarixi sənəd hesab etsə də,  2010-cu ildə imzalanmış müqavilə parlamentlərin ratifikasiyasından keçmiş dövlətlərarası müqavilədir. Şuşa Bəyannaməsinin qarşılıqlı hərbi yardım barədə müddəası həmin müqavilənin 1-ci, 2-ci və 3-cü maddələrinin təkrarıdır”. 

Ekspert Bəyannamədə əks olunan yeniliklərə diqqət çəkib: “Əsas yenilik iki ölkənin təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi barədə razılıqdır. Bu, o deməkdir ki, müdafiə və təhlükəsizlik sahəsində siyasət əlaqələndiriləcək. Digər yeni və önəmli məqam malların sərbəst hərəkətinin təmin edilməsi üçün mexanizmlərin işlənib hazırlanmasıdır. Anlaşılan odur ki, söhbət gömrük rüsumları olmadan (ya da müəyyən kateqoriya mallar və yük daşımaları üzrə rüsumlar qaldırılaraq) idxal-ixrac fəaliyyətlərinin həyata keçirilməsindən gedir. Yəni iki ölkənin vahid iqtisadi məkana çevrilməsi istiqamətində siyasət aparılır”. 

Siyasi şərhçi sözügedən sənəddə hərbi bazaların yaradılması barədə müddəanın olmaması məsələsinə də toxunub: “Buna baxmayaraq razılaşmalarda mütləq “hərbi baza” ifadəsinin qeyd olunması vacib deyil. Hamı bilir ki, Azərbaycanda müəyyən sayda Türkiyə hərbçiləri var (atəşkəsə nəzarət üzrə mərkəzi nəzərdə tutmuram), ehtiyac olarsa, bunların sayının müəyyən dövr üçün artırılması iki ölkə qərarvericilərinin müstəsna səlahiyyətidir. Yəni məcbur deyil ki, hansısa hərbi hissə olsun və onun qapısına “Türkiyə hərbi bazası” yazılsın”.

“Şuşada Türkiyə Konsulluğunun açılması da tarixi əhəmiyyətlidir və bunu da bir növ təhlükəsizlik qarantiyası hesab etmək olar. Ümumilikdə Türkiyə-Azərbaycan əməkdaşlığı yeni səviyyəyə qaldırılır və konfederativ münasibətlərə bənzər əməkdaşlıq qurulur”. 

Zərdüşt Əlizadə - Açıq mənbələrdən götürülüb

Hərbi bazalarla bağlı müddəaya yer verilməməsi ilə bağlı isə Zərdüşt Əlizadə “Toplum TV”-yə bildirib ki, bu, konstitusiya ilə qadağan olunur: “Azərbaycan hakimiyyətinin xarici dövlətlərə ölkə ərazisində hərbi baza qurması üçün icazə verməsinə konstitusiya qadağası var. Əgər bunun aradan götürülməsini istəyirlərsə, referendum təşkil edilsin, xalq çıxıb “Yaşasın türk dostluğu” desin və Türkiyə ordusu Azərbaycana gəlsin”. 

Ekspert ümumilikdə sənədi müsbət qiymətləndirib: “Sənəd hərtətəfəli əməkdaşlığı özündə əks etdirir və Azərbaycanın təhlükəsizlik səviyyəsini yüksəldir”.

Anar Məmmədli - VOA

Anar Məmmədli isə deyir ki, hərbi bazalarla bağlı razılaşmanın olmaması Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlığın yetərli olduğunu göstərir:

Bölgədə həm geopolitik durum, hər iki ölkənin fərqli hərbi ittifaqlarda təmsil olunması, eyni zamanda Azərbaycanın xarici siyasət maraqları belə bir bazanın yaradılmasını məqsədəuyğun saymır. Hesab edirəm ki, qardaş ölkə belə olsa Azərbaycanda Türkiyə də daxil olmaqla heç bir ölkənin hərbi bazasının yaradılmasına ehtiyac yoxdur. Türkiyə ilə hərbi-texniki əməkdaşlığın qurulması, iki ölkə arasında əlaqələrin hərbi-müdafiə sahəsində genişlənməsi yetərlidir”. 

“Bəyannamə öncəki sənəddən zəifdir”

Ekspert Türkiyə və Azərbaycan dövlət başçılarının imzaladığı Şuşa Bəyannaməsinin daha çox siyasi mahiyyət kəsb etdiyini vurğulayıb: “Sənədin İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilmiş Şuşada imzalanması və postmüharibə reallıqlarını əhatə etməsi simvolik anlam daşımaqla yanaşı, iki ölkə arasında hərbi əməkdaşlıqla bağlı qarşılıqlı siyasi iradəni nümayiş etdirir. Amma bu sənəd yuridik akt kimi iki ölkə arasında 11 il öncə imzalanmış "Strateji əməkdaşlıq və qarşlıqlı yardım" sazişindən zəifdir”. 

“Bəyannaməyə baxmayaraq ərazi bütövlüyümüz təmin olunmayıb”

Politoloq Azər Qasımlı da sosial media hesabında sözügedən Bəyannamənin imzalanmasını mühüm hadisə hesab edir: “10 ildən çoxdur ki, "Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmalı və bu sənəd bizim müstəqiliyimiz və torpaq bütünlüyümüzə qarantiya olmalıdır" deyirdik. Nəhayət, Şuşa Bəyannaməsi adını daşıyan sənəd imzalandı. Türkiyənin Şuşada Konsulluğunun açılacağı ilə bağlı səslənən bəyanat bölgədə sülhə təcavüz etmək istəyən siyasi avantüristlərin və revanşistlərin susdurulması baxımından da olduqca əhəmiyyətlidir”.

Azər Qasımov - Sosial Media

Ekspert Azərbaycan-Türkiyə arasında imzalanan sazişə baxmayaraq ölkənin ərazi bütövlüyünün hələ də tam təmin edilmədiyini bildirib: “Dağlıq Qarabağın bir hissəsi və Laçın rus hərbçilərinin nəzarəti altındadır. Digər tərəfdən Minsk Qrupu da hələ ləğv edilməyib və istənilən zaman Qarabağ danışıqları bərpa edilə bilər. Belə olan təqdirdə Türkiyə ilə bərabər bizə ABŞ və Avropa Birliyinin müttəfiqliyi də lazımdır ki, ərazi bütövlüyümüzü birdəfəlik bərpa edək. Bunun yanında ordumuz da daima hazır vəziyyətdə olmalıdır”.

Politoloq Elxan Şahinoğlu isə düşünür ki, Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və burada İlham Əliyevlə imzaladığı sənəd Ermənistan tərəfini qorxudub: “Ermənistanın olmayan Xarici İşlər Nazirliyi Qarabağdakı separatçılarla birgə açıqlamalar yayımlayıblar. Həmin açıqlamalarda ağıllarına gələn məntiqsizlikləri yazıblar, təkrarlamağa ehtiyac yoxdur, sadəcə, Rusiyaya çağırışları diqqətimi çəkdi. Bəyanatlarındakı həmin cümlənin məğzi beləydi ki, ermənilər Türkiyənin Qarabağ gəlişini əngəlləyə bilməyəcəklər, Türkiyəni yeganə Rusiya saxlaya bilər, kömək edin”. 

Elxan Şahinoğlu - Sputnik

Ekspert düşünür ki, çağırışlara baxmayaraq Rusiya Türkiyəni regiondan çıxarmaq gücündə deyil: “Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşmək üçün Cenevrəyə yola düşüb. Kreml sahibi bu saat Baydenlə görüşün detalları üzərində fikirləşir. Putin Ərdoğanla münasibətləri korlamaq istəməz. Digər tərəfdən Türkiyə artıq Azərbaycan və Qarabağda möhkəmlənib və Rusiya müttəfiqimizi bölgədən çıxarmaq iqtidarında deyil”.

Siyasət

Əliyev Tokayevi Azərbaycana dəvət edib

17 May 2022

president.az

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək. "president.az”ın məlumatına görə, bu gün, mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. “İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub", - məlumatda qeyd olunub. Dövlət başçıları iki ölkə arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər
Siyasət

Müharibə iştirakçıları Müdafiə Nazirliyi qarşısında aksiya keçirib

Samirə Əli
16 May 2022

Toplum Tv

Bu gün, mayın 16-da bir qrup II Qarabağ müharibəsi iştirakçısı Müdafiə Nazirliyi önündə etiraz aksiyası keçirib. Şikayətçilər deyir ki, yanvardan bəri onlara ayrılan veteranlıq təqaüdü verilmir. Dəfələrlə qurumun qarşısına toplandıqlarını bildirən müharibə iştirakçıları təqaüdlərin köçürülməsini tələb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edir. Nazirliyin məlumatına görə, təqaüdün hansı ayda təyin edilməsindən asılı olmayaraq, 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşların bank kartına köçürüləcək.

Seçilmiş Videolar

Toplum TV loqo