Siyasət

Siyasi şərhçi: "Rusiya istəyir ki, münaqişə onun monopoliyasında olsun" 

14 May, 2022
2045

Sosial media

"Düşənbə görüşündə hər hansı gözəçarpan ciddi nəticə yoxdur". 

Siyasi şərhçi Rauf Mirqədirov mayın 12-də baş tutmuş Düşənbə görüşünün nəticələrini "Toplum TV"-yə şərh edərkən belə deyib. 

Rauf Mirqədirov-sosial media

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 12-də Düşənbədə üçtərəfli görüşü baş tutub.  

Görüş zamanı Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün birgə səyləri müzakirə ediblər.  

R.Mirqədirov hesab edir ki, görüşün münasibətlərə ciddi təsiri olmayıb:

"Ciddi nəticələrin olmamasının bir səbəbi də odur ki, tərəflər yaxın gələcəkdə Rusiyanın beynəlxalq münasibətlərdə rolu haqqında aydın təsəvvürə malik deyillər. Belə bir halda tam nəzarəti altında olan bir prosesi başlatmaq nə Azərbaycan, nə də Ermənistan üçün sərfəlidir. Ona görə də onlar müxtəlif danışıqlar aparırlar. Rusiya çox mürəkkəb beynəlxalq durumdadır. Onun yanında durmaq istəyən dövlətləri barmaqla saymaq olar. Ümumiyyətlə, Rusiyanı bütün formatlardan uzaqlaşdırıblar. O cümlədən Qərb açıq şəkildə bəyan edir ki, Qarabağ məsələsində Minsk Qrupu həmsədrləri institutu formatında Rusiya ilə hər hansı bir dialoq aparmaq fikrindədir".  

Topçubaşov Mərkəzinin analitiki Məhəmməd Məmmədov deyir ki, Düşənbə görüşü iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün atılan addımlardan biridir: "Təbii ki, genişmiqyaslı müharibədən çıxmış iki ölkənin rəsmi heyətlərinin görüşməsi və bu görüşlərin mütəmadi hal alması regional sülh üçün müsbət haldır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Düşənbə görüşü bu kontekstdə çox önəmlidir. Xüsusilə də, Ermənistanda Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşmasına qarşı müxalifət tərəfindən təşkil olunan etiraz aksiyalarının davam etdiyi bir dövrdə bu görüşün baş tutması təqdirəlayiqdir. Düşənbə görüşü onu göstərir ki, müəyyən ləngimələr olsa da, tərəflər arasında müxtəlif üçtərəfli platformalarda əldə olunan razılaşmalar həyata keçirilir. İstər Avropa İttifaqının, istərsə də Rusiyanın moderatorluğu ilə keçirilən görüşlərdən də aydın olduğu kimi, iki ölkə arasında sülh müqaviləsinin bağlanması prosesi kifayət qədər uzun çəkəcək. Düşənbə görüşü bu mənada prosesin qarşılıqlı hörmət əsasında davam etdirilməsi kontekstində vacib bir mərhələdir". 

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli bəyanatlarına ciddi əməl etməyə hazır olduqlarını təsdiqləyiblər. 

Əsas istiqamətlər üzrə üçtərəfli sazişlərin həyata keçirilməsində, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında, Rusiyanın yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sonradan demarkasiyası prosesinin başlanması üzrə səylərdə irəliləyiş qeyd edilib. 

R.Mirqədirov deyir ki, Rusiya özünün səmərəli vasitəçi olduğunu çatdırmaq istəyir: "Rusiya bir tərəfdən çalışır ki, Ermənistan Azərbaycan arasındakı sülh prosesinə, danışıqlara 3-cü tərəf qatıla bilməsin. Amma Avropa Birliyi bu prosesdə fəal iştirak edir. Hətta ən yüksək səviyyədə görüşlər təşkil olunur. Avropa Birliyinin prosesə Rusiyadan asılı olmadan, Rusiya ilə mövqeləri razılaşdırmadan qatılması Rusiyanı çox qıcıqlandırır. Azərbaycanın tərəfinin bəyanatlarını nəzərə alsaq, bu fəallığın ciddi nəticələri yoxdur". 

Düşənbə görüşü-sosial media

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, bu görüş əldə oluna biləcək irəliləyişin müzakirəsi üçün yaxşı imkan olub:

"Təəssüf ki, hələ də regionda nəqliyyat kommunikasiyalarının açılması işində lazımi irəliləyiş yoxdur. Bilirəm ki, həmkarlarımız arasında təmaslar davam edir. Biz hesab edirik ki, nəticə əldə olunması üçün, üçtərəfli bəyənatların tam icrası üçün yaxşı perpektiv, yaxşı imkan var". 

"Son vaxtlarda dövlət sərhədinin delimitasiyası prosesinə başlanması üçün intensiv təmaslar olub. Hesab edirəm ki, yaxşı planlar, delimitasiya komissiyasının tərkibi və tərəflərin təmsilçiliyi baxımından anlaşma var. Bunu da hesab edirəm ki, ən yaxın vaxtlarda ən azı bu prosesin başlanması mümkün ola bilər", - Ceyhun Bayramov deyib. 

O əlavə edib ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya üzrə komissiyaların sədrləri və formatı müəyyənləşdirilib. 

Delmitasiya və demarkasiya prosesləri sürətlənə bilərmi? 

M.Məmmədov söyləyir ki, delimitasiya və demarkasiya proseslərini indiki mərhələdə sürətləndirmək üçün iki əsas məsələ həllini tapmalıdır: "Hər iki tərəfdən ikitərəfli komissiyanın heyətlərinin müəyyən olunması və onların işə başlamaq üçün müəyyən vaxtın təsdiqlənməsi. Görüşdə hər iki məsələ ilə bağlı dəqiqləşdirici detallar irəli sürüldü. Cənab Mirzoyan qeyd etdi ki, heyətlər mayın 16-ı Moskvada görüşəcəklər".  

Məhəmməd Məmmədov- "Topçubaşov mərkəzi"

R.Mirqədirovun sözlərinə görə, görüşdə proseslərin sürətlənməsinə dair bəyənat olmayıb:

"Azərbaycan tərəfi müəyyən faktlar konsultasiya edir ki, delmitasiya və demarkasiya məsələləri, komnikasiyaların açılması məsələsi, sülh sazişinin imzalanması görüşdə müzakirə predmenti olub. Ancaq bu istiqamətlərdə hansısa konkret irəliləyişin olması haqqında heç bir bəyanat yoxdur".  

Xarici işlər nazirlərinin mayın 12-də Düşənbədə keçirilən üçtərəfli görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavov deyib ki, Moskva üçün mühüm olan Ermənistan-Azərbaycan münasibətlərinin tam normallaşdırılması üçün tərəflər arasında qarşılıqlı etimadın yaradılmasıdır: “Ümid edirəm ki, bugünkü görüş bizim rəhbərlərimiz tərəfindən müəyyən edilmiş yolla irəliləməyə imkan yaradacaq”. 

Rusiya iki ölkə arasında sərhədlərin sərhədlərin müəyyən edilməsini,sülh sazişinin bağlanmasını istəyirmi?  

M.Məmmədov deyir ki, iki ölkə arasında sabitlik Rusiyanın marağında ola bilər: "Rusiyanın mövqeyini hazırda Ukraynada davam edən müharibə kontekstində dəyərləndirmək lazımdır. Təbii, Moskvada başa düşürlər ki, müxtəlif dövrlərdə olduğu kimi indi də Rusiyanın hərbi və iqtisadi potensialının zəifləməsi mərkəzdənqaçma meyllərini artıra bilər. Məsələn, Azərbaycan və Ermənistanın məhz Avropa İttifaqının moderatorluğu ilə sülh danışıqlarına başlaması buna nümunə ola bilər. Təəccüblü deyil ki, Rusiya buna çox aqressiv şəkildə cavab vermişdi. Digər tərəfdən, Azərbaycan-Ermənistan sərhəddində sabitlik Rusiyanın marağında ola bilər. İlk növbədə, Moskva onsuzda məşğul olduğu bir vaxtda daha bir önəmli problemə diqqət və resurs ayırmaq məcburiyyətində qalmaz. Bundan əlavə, delimitasiya prosesində aktiv iştirak etməklə Rusiya imicinin bərbad vəziyyətdə olduğu bir vaxtda regiona pozitiv bir mesajda verə bilər". 

Analik onu da qeyd edib ki, sülh sazişinin imzalanması gecikdirilir: "Sülh müqaviləsi ilə bağlı məsələ tamam fərqlidir. Bu, Rusiyanın Azərbaycanda hərbi mövcudluğunu sual altında qoya bilər. Ona görə də Moskva sülh danışıqlarının qeyri-müəyyən müddətə uzanmasının tərəfdarıdır. Burada qeyd olunmalı məqamlardan biri də odur ki, əgər biz Avropa İttifaqının moderatorluğu ilə aprel ayında təşkil olunan görüşdə daha çox sülh müqaviləsinin vurğulanmasını görmüşdüksə, Düşənbədəki görüşdə əlaqələrin normallaşması məsələsinə diqqət ayrıldığını müşahidə edirik. Rusiya üçün normallaşma daha sərfəlidir, çünki bu, onun geniş manevr imkanlarına ciddi təhdid törətmir". 

R.Mirqədirovun fikrincə, Rusiya sülh danışıqlarının pozitiv şəkildə getməsinə o halda imkan verəcək ki, bu proseslər tam onun monopoliyasında olsun.  

Onun sözlərinə görə, Rusiya delmitasiya və demarkasiya proseslərlərdən istifadə edərək öz hərbi siyasi təsir dairəsini genişləndirməyə çalışacaq: "Rusiya hətta sülh sazişinin imzalanmasının əleyhinə olmaya, hətta delmitasiya və demarkasiya prosesini də dəstəkləyə bilər. Rusiya bu prosesdə özünün regionda olan hərbi siyasi təmsilçiliyini genişləndirmək üçün istifadə edə bilər. Sərhədin dəqiq cizgiləri bilindiyi şəraitdə Rusiya çalışacaq ki, sülhməramlıların nəzarətini sərhəd bölgələrə qədər genişlətsin".  

Mayın 11-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. 

ABŞ dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları, bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.  

Entoni Blinken həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo