Siyasi şərhçi: “Ümid edək ki, rəsmi Bakı bu dəfə Türkiyəni yarı yolda qoymayacaq”
AzərTac
“Azərbaycan hakimiyyəti “İsgəndər” raketi lə bağlı faktı əlində rəhbər tutaraq yaxın gələcəkdə Rusiyanın mümkün şantajlarına qarşı əks-arqument kimi istifadə etməlidir”.
Bunu “Toplum TV”-yə “Müdafiə Xətti”nin həmtəsisçisi Zaur Əkbər deyib.
Aprelin 8-də Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri başlayıb.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölməsi komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi olan təlimlər aprelin 9-dək davam edəcək.
Bir gün əvvəlsə Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin görüşü olub. Mətbuata açıqlamasında Paşinyan görüşün səmərəli keçdiyini, imzalanmış müqavilələrdəki şərtlərin yerinə yetirilməsi və sair məsələlərin müzakirə olunduğunu bildirib.
Bu iki hadisəni Azərbaycan-Türkiyə əməkdaşlığına qarşı Ermənistan Rusiya yaxınlaşması kimi qiymətləndirmək olarmı?
Hərbi ekspert Ədalət Verdiyev Moskvadakı görüşün bu təlimlərlə əlaqəsi olduğunu düşünmür: “Çünki ölkə rəhbərlərinin görüşləri bir neçə ay öncədən planlaşdırılır. Bunun əksi də - yəni görüşün təlimlərlə bağlı olması da mümkün deyil. Azərbaycanla Türkiyənin təlimləri müntəzəm olaraq keçirilir. Bu, ilin əvvəlindən bəri keçirilən 3-cü, ya 4-cü təlimdir. Məhz rabitə qoşunlarının iştirakı ilə taktiki təlimlər keçirilməsi isə ilk dəfə baş verir. Eyni zamanda, hərbi-texniki sahədə daha kiçik miqyaslı əməkdaşlıqlar da davam edir. Türkiyədən Azərbaycana idxal keçən illə müqayisədə 8.5 dəfə artıb. Yəni əməkdaşlıq getdikcə dərinləşir. Amma təlimlər istənilən halda irəliyə doğru bir addım və regionda əzələ nümayişidir”.
Siyasi şərhçi Zaur Əkbər də təlimlərin ənənəvi xarakter daşıdığını deyib: “Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimlər keçirməsi çox müsbət haldır. Hələ müharibədən öncə Rusiya ilə Ermənistan, Türkiyə ilə də Azərbaycan belə təlimlər keçirirdilər. İstənilən halda bu, Azərbaycanın Türkiyə ilə daha da yaxınlaşması deməkdir. Çünki müharibədən sonra imzalanan sazişlə rəsmi Bakı ilə Ankara arasında durğunluq yaranmışdı, bunun səbəbi isə Azərbaycan hakimiyyətinin Türkiyənin xəbəri olmadan sazişə imza atması idi. Bu səbəbdən keçirilən təlimlərin yenidən ikitərəfli əlaqələri daha yüksək səviyyəyə gətirmək yolunda Azərbaycan üçün şans olduğunu düşünürəm. Ümid edək ki, rəsmi Bakı bu dəfə Türkiyəni yarı yolda qoymayacaq”.
Z.Əkbər də hesab edir ki, Paşinyanın Moskvaya səfəri əvvəlcədən planlaşdırılıb: “Paşinyanın əsirlər məsələsi ilə bağlı Azərbaycandan Rusiyaya şikayət etməsi, rəsmi Bakını 10 noyabr sazişinin şərtlərini yerinə yetirməməkdə ittiham etməsi Rusiya və Ermənistanın Azərbaycana mesajıdır. Çünki Rusiya bölgədə sülhməramlı kimi təmsil olunsa da, daha çox ermənilərin maraqlarına xidmət edir”.
Ekspert son günlər “İsgəndər” raketi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Bildiyiniz kimi, iki növ “İsgəndər” var, xarici ölkələrə istehsal olunan və sadəcə Rusiyanın hərbi arsenalında olan “M” növü. Bu, yalnız Rusiya ordusunda olan, heç kimə satmadığı silah növüdür. “İsgəndər”in Şuşada tapılması isə Azərbaycana tam səlahiyyət verir ki, beynəlxalq məhkəmələrə müraciət etsin. Çünki “İsgəndər” istifadəsi qadağan olunmuş silahlar siyahısına daxildir. Bu baxımdan Azərbaycan hakimiyyəti bu faktı rəhbər tutaraq yaxın gələcəkdə Rusiyanın mümkün şantajlarına qarşı əks-arqument kimi istifadə etməlidir. Rusiya Federal Təhqiqat Bürosu bu silahın guya erməni diasporu vasitəsilə alınaraq Ermənistana verildiyini açıqlayıb. Amma bu, yalan informasiyadır. Rusiyanın şəxsi arsenalında olan bir silahı erməni diasporu necə ala bilər?”
Z.Əkbər Qarabağakı Rusiya sülhməramlılarının fəaliyyətində narahatlıq doğuran məqamlar olduğunu vurğulayıb: “Rusiya qoşunlarına sülhməramlı demək olmaz, çünki sülhməramlıların vəzifəsi həqiqətən də atəşkəsi bərpa etməkdir. Amma hər gün bir əsgərimiz snayperlə vurulur, minaya düşür və ya müəmmalı şəkildə qəzaya uğrayır. Eyni zamanda, Rusiyanın hərbi şəhərciklər qurması da xeyli suallar doğurur. Rusiya dövlətinin aqressiyasını, onun sülh yaratmaqla bağlı heç vaxt səmimi olmadığını, əksinə, hər zaman konflikt yaratmaqla ölkələri idarə etməyə meylli olduğunu nəzərə alsaq, burada onun sülhməramlı fəaliyyətinin Azərbaycan üçün heç bir gələcək vəd etmədiyini düşünürəm. Dİgər tərəfdən, 10 noyabr sazişində qeyd olunmadığı halda, Rusiya qoşunlarının Qırmızı bazar ərazisinə nəzarət etməsi də önəmli məsələdir. Yaxşı olar ki, rəsmi Bakı Rusiya ilə bu məsələ haqqında açıq danışsın”.
Konfliktoloq: "Rusiya diversantlarla bağlı Azərbaycana təzyiq etmir"
Sosial media
Açıq mənbələrdən götürülüb
İlkin versiyaya görə, Nihad Əliyev özü özünü vurub
Jurnalistin həyat yoldaşı: “Məni intim görüntülərimi yaymaqla şantaj edirlər”
Aygün Əliyeva AZƏRTAC-dan niyə çıxarılıb?
Ermənistanın Baş qərargah rəisi Aprel döyüşləri və “İsgəndər” raketi barədə
ABŞ-ın Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı çağırış