Siyasət

Sülhməramlıların mandatıyla bağlı sənədi kim imzalamır – Əliyev, yoxsa Paşinyan?

Nigar Səmədli
29 İyul, 2021
1612

Sosial Media

Ermənistanın Baş naziri Nikol Paşinyan iddia edir ki, rəsmi Bakı Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının mandatına qarşı geniş təbliğat aparır.

Bu barədə iyulun 29-da “Sputnik Armenia” məlumat verib.

Baş nazir həmçinin deyib ki, Azərbaycan hakimiyyəti Rusiya sülhməramlılarının mandatını təsdiq edən sənədi imzalamır: “Bir sıra digər hərəkətlər də Rusiya sülhməramlı missiyasının Qarabağda olmasında Azərbaycanın maraqlı olmadığını göstərir”.

“Toplum TV” siyasi şərhçi Şahin Cəfərli ilə Rusiya sülhməramlılarının mandatıyla bağlı Azərbaycan tərəfinin mövqeyi və yeni sənədin imzalanmasına əngəl olan səbəblər barədə danışıb.
 
- Şahin bəy, Paşinyan Rusiya sülhməramlılarının mandatıyla bağlı yeni sənəd hazırlandığını və Azərbaycanın bu sənədi imzalamaq istəmədiyini iddia edir. Bu nə dərəcədə doğru informasiyadır?
 
- İndiyə qədər sənədlə bağlı Azərbaycan tərəfindən hər hansısa rəsmi açıqlama eşitməmişik. Paşinyanın son açıqlamasına qədər Ermənistan tərəfi də rəsmi məlumat verməmişdi. Belə məlum olur ki, bu məsələ tərəflər arasında bir müddətdir müzakirə mövzusudur. Ermənistanın Vatikandakı sabiq səfiri, Serj Sarkisyanın kürəkəni Mixail Minasyanın yanvar ayında bu mövzu ilə bağlı bir açıqlaması olub. O bildirib ki, Rusiya sülhməramlılarının mandatı ilə bağlı razılaşma Rusiya və Ermənistan tərəfindən imzalanıb, Azərbaycan isə imzalamağı qəbul etmir. Minasyanın sözlərinə görə, sözügedən sənədə daxil etmək üçün Azərbaycan bir sıra şərtlər irəli sürüb. Məsələn, Azərbaycan tələb edib ki, sənəddə Qarabağda hər hansısa Ermənistan qoşunu və yerli separatçı rejimin silahlı dəstələri ola bilməz, yalnız Azərbaycan ordusu və sülhməramlılar yerləşə bilər. Digər bir şərt bundan ibarət olub ki, Ermənistan rəsmilərinin Qarabağa səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Üçüncü şərt isə Qarabağda yerli idarəetmə orqanlarının rəhbərlərinin rəsmi Bakının və sülhməramlılarının razılığı ilə təyin olunmasıdır.

Açıq mənbələrdən götürülüb

- Sizcə, bu sənədin hər iki tərəfi qane edən variantı ola bilərmi?
 
- Görünən odur ki, Ermənistan Azərbaycanın şərtlərini qəbul etmədiyi üçün bugünədək sülhməramlıların mandatı ilə bağlı sənəd imzalanmayıb. Putin bu məsələni 2021-ci ilin yanvar ayının 11-də Moskvada keçirilən üçtərəfli görüşdə də gündəmə gətirib. Həmin görüşün əvvəlində Putin bildirmişdi ki, sülhməramlıların fəaliyyəti ilə bağlı məsələni də müzakirə edəcəklər. Amma görüşdən sonra bu barədə açıqlama verilmədi. Belə görünür ki, Azərbaycan yenə razılaşmayıb, yaxud Ermənistan Azərbaycanın şərtlərini qəbul etmədiyinə görə Azərbaycan yenə həmin sənədi imzalamayıb. Ümumiyyətlə, burada absurd məqam ondan ibarətdir ki, Rusiya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, amma Azərbaycan ərazisində keçirilən sülhməramlı əməliyyatla bağlı məsələdə Ermənistan da söz sahibidir. Halbuki Azərbaycanın suveren ərazilərindən söhbət gedir və burada başqa bir dövlətin söz sahibi olması heç bir məntiqə və beynəlxalq hüquqa uyğun gəlmir.
 
- Sənədin imzalanması nəyə görə vacibdir?

 
- Qarabağdakı Rusiya sülhməramlıları hazırda havadan asılı vəziyyətdədirlər, hər hansı hüquqi statusları yoxdur. Onların bu əraziyə daxil olması 10 Noyabr bəyanatı ilə gerçəkləşsə də, bu sülhməramlı missiyanın səlahiyyətləri və funksiyaları ilə bağlı ortada hər hansı bir sənəd yoxdur. Bu səbəbdən məsələnin Rusiya tərəfindən gündəmə gətirilməsi doğrudur, çünki sənəddə sülhməramlıların nə işlə məşğul olduğu göstəriləcək. Adətən, sülhməramlı missiyanın səlahiyyət çərçivələri öncədən müəyyən olunur. Yəni bəlli olur ki, hansı situasiyada onlar necə davranmalıdırlar. Məsələn, əraziyə hücum olarsa, onların müqavimət göstərmək səlahiyyəti var, yoxsa yoxdur? Yaxud ərazidə eskalasiya baş verərsə, sülhməramlılar necə reaksiya verməlidirlər? Bütün bu məsələlər sülhməramlıların mandatına dair sənəd vasitəsilə tənzimlənməlidir. Ortada belə bir sənəd olmadığı üçün Rusiya sülhməramlılarının fəaliyyəti havadan asılı vəziyyədədir və ona görə də Rusiya bizə bu sənədi imzalatmağa çalışır.
 
- Sizcə, imzalanacağı təqdirdə sənəddə hansı tərəf daha çox söz haqqına sahib olacaq?
 
- Azərbaycan bu sənədi indiyədək imzalamayıbsa, demək ki, orada Azərbaycanın maraqlarına zidd məqamlar var. Bu səbəbdən də Azərbaycan rəhbərliyi sənədi imzalamır. Azərbaycan öz şərtlərini irəli sürüb ki, öz maraqları təmin olunsun və bu ərazilər üzərində suverenlik hüququ təsbit edilsin. Lakin bunu da qarşı tərəf qəbul etmir. Belə bir mübahisəli və qeyri-müəyyən vəziyyət yaranıb.

 

Siyasət

Rusiya sülhməramlılarının komandanı yenə dəyişdi

25 Sentyabr 2021

APA

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir. APA-nın məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib. Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.
Siyasət

Həbsdəki sabiq məmurların xaricdəki vəsaitləri geri qaytarıla bilərmi?

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

"Burada milyonlarla məbləğdən söhbət gedir. Bunlar müsadirə olunmalı və dövlətə qaytarılmalıdır”.  Bu fikirləri “Toplum Tv”-yə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi məsələsini şərh edərkən deyib. Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev sentyabrın 24-də mətbuata açıqlamasında bildirib ki, məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görülür. Vüqar Əliyevin sözlərinə görə, bu hallarla bağlı artıq xarici dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib. Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, qanunla nəzərdə tutulmuş...
Seçilmiş Videolar