Siyasət

Təhdid olunan jurnalist: “Məni qızımla hədələyirlər”

Roza Məmmədova
9 May, 2022
203

Aytən Məmmədova -sosial media

“Axşam saat 12-yə qalırdı, taksidən düşüb yaşadığım binaya daxil oldum. Liftə yaxınlaşanda bir nəfər orta yaşlı kişi gəldi və mənlə birgə liftə daxil oldu. Qapı bağlanan kimi arxadan yaxınlaşaraq bir əli ilə çənəmdən sıxdı, o biri əli ilə də boğazıma bıçaq dirədi”

Mayın 8-i gecə saatlarında jurnalist Aytən Məmmədovaya bıçaqla hücum olub.

Hadisə Binəqədi rayonu, 9-cu mikrorayonda baş verib.

Jurnalist bildirib ki, ona hücum edən şəxs bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib.

“Dedi ki, sən ağıllanmadın. Qızımın ünvanına ağır, pis ifadələr işlətdi. Lift yeddinci mərtəbəyə qalxanda qapı açıldı və özümü bayıra atdım. O da məni saxlamadı, liftlə aşağı düşdü. Kimsəylə ədavətim yoxdur. Qızımla təhdid olunmağım onu göstərir ki, bu, mənim peşə fəaliyyətimlə bağlıdır”.

Aytən Məmmədova - sosial media

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Toplum TV”yə məsələnin artıq araşdırıldığını deyib:

“Məsələ nəzarətdədir. Aytən Məmmədovanın ifadəsi alınıb, araşdırmalar aparılır”.

Ehsan Zahidov - açıq mənbədən götürülüb

Jurnalist A.Məmmədova məhkəmələrdən hazırladığı reportajları ilə tanınır. Onun son zamanlar ən çox ictimailəşdirdiyi iş İlkin Süleymanovla bağlı məhkəmə işidir.

İ.Süleymanov Tovuzun Dondarquşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunur. Məhkəmə prosesi 2 ildir davam edir.

Azadlıq Radiosu

Jurnalistin həyat yoldaşı Coşqun Eldaroğlu daha əvvəl də A.Məmmədovanın təhdid olunduğunu deyib:

“Təxminən 19 gün əvvəl ev telefonuna zəng edilib, yoldaşıma xarici nömrədən təhdid mesajları gəlib. O mənə bildirməyib, hesab edib ki, narahat olaram, məhkəməyə getməsinə narazılıq edərəm”.

C.Eldaroğlunun fikrincə, hadisə təsadüfən baş verməyib: “Dünən 7-ci polis bölməsinin rəhbərliyi evimizə gəlmişdi. Yəqin, Daxili İşlər Nazirliyi mesaj vermək istəyirmiş ki, bunun arxasında biz dayanmırıq. Verdikləri suallara əsasən, deyə bilərəm ki, onlar hadisənin miqyasını kiçiltməyə çalışırlar.

Məncə, hücum edən şəxs tək olmayıb, sadəcə liftə tək girib. Bu, təsadüfən ola bilməzdi.Çünki adətən Aytən evə gec gələn deyil, biz harasa şəxsi avtomobilimizlə gedirik. GPS-lə onun harada olduğu, evə nə zaman çatacağı müəyyənləşdirilib. Onlar yaxşı biliblər ki, Aytən qonaqlıqladır, axşam evə tək qayıdacaq”.

“Toplum TV” məsələni diqqətdə saxlayacaq.

Siyasət

Müharibə iştirakçıları Müdafiə Nazirliyi qarşısında aksiya keçirib

Samirə Əli
16 May 2022

Toplum Tv

Bu gün, mayın 16-da bir qrup II Qarabağ müharibəsi iştirakçısı Müdafiə Nazirliyi önündə etiraz aksiyası keçirib. Şikayətçilər deyir ki, yanvardan bəri onlara ayrılan veteranlıq təqaüdü verilmir. Dəfələrlə qurumun qarşısına toplandıqlarını bildirən müharibə iştirakçıları təqaüdlərin köçürülməsini tələb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edir. Nazirliyin məlumatına görə, təqaüdün hansı ayda təyin edilməsindən asılı olmayaraq, 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşların bank kartına köçürüləcək.
Siyasət

Prezident Təhsil Nazirliyinə 5 milyon manat ayırdı

16 May 2022

president.az

Azərbaycan Prezidenti İlham Əliyev Təhsil Nazirliyinə 5 milyon manat vəsait ayırıb. Bununla bağlı “president.az” məlumat yayıb. Məlumatda vurğulanır ki, bununla bağlı mayın 16-da İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Təhsil Nazirliyinə 5 milyon manat ayırılıb.

Seçilmiş Videolar

Toplum TV loqo