Tehran görüşündən çıxan nəticələr: Ərdoğan, Rəisi və Putini nə birləşdirir?
Açıq mənbələrdən götürülüb
İyulun 19-da Tehranda Astana prosesinin qarant ölkələrinin - İran, Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib.
Toplantıda çıxış edən İran Prezidenti İbrahim Rəisi Suriyada 11 ildir qanlı münaqişənin davam etdiyini bildirib və İranın hər zaman Suriyanı dəstəkləyəcəyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçulara qarşı mübarizənin davam etdiriləcəyini deyib.
Öz növbəsində Rusiyanın dövlət başçısı Vladimir Putinsə mövzu barəsində söyləyib ki, Suriyada qanuni hakimiyyəti devirib ələbaxan hakimiyyət qurulmasının əlehinədirlər.
2017-ci ildə yaradılan Astana formatı çərçivəsində üç ölkə-Rusiya, Türkiyə və İran özünün Suriya ilə bağlı siyasətini tənzimləməyə çalışır. Tehran görüşü bu format çərçivəsində keçirilən növbəti görüşdür.
Tehran görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusilə Rusiyanın Ukraynaya təcavüzü fonunda Vladimir Putinlə əl-ələ səmimi şəkil çəkdirməsi müzakirələrə səbəb olub.
Siyasi şərhçi Rauf Mirqədirovun sözlərinə görə isə, Türkiyə region dövlətidir. Regionda baş verənlər və Türkiyənin bu problemlərə cəlb olunması, Suriyada hərbi toqquşmanın artmasına təkan verən hadisələr bu cür görüşləri zəruri edir. Siyasi şərhçi hesab edir ki, xoşagəlməz olan məqam görüşün keçirilməsi deyil, görüşdə çəkdirilən şəkildir:
“Əllərin qaldırılması Putini legitimləşdirilməsinə yönələn addımdır. Özünü demokratik dünyanın tərkib hissəsi sayan Türkiyə liderinin onunla şəkil çəkdirməsi, normal dostluq münasibətində olduğunu nümayiş etdirməsi çox acınacaqlı tablodur. Təcavüzkar dövlətlə hər hansı əlaqələr qurula bilər, amma bu münasibətlərin mahiyyətini ifadə olunmalı, dostluq münasibətlərinin olmadığı bəyan edilməlidir”.
“Türkiyə öz maraqlarını reallaşdırmağa çalışır”
Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə isə, Türkiyə bu format çərçivəsində öz maraqlarını mümkün qədər reallaşdırmağa çalışır:
“Hazırda Türkiyə Suriyanın şimalında kürd qrupları olan PYD, YPG qruplaşmalarına qarşı hərbi əməliyyata hazırlaşır. Prezident Ərdoğanın Putinlə və İran rəhbərliyi ilə görüşlərində bu məsələ gündəmə gəlib. Türkiyə ən azından çalışır ki, Rusiya və İran onun keçirəcəyi hərbi əməliyyata mane olmasın. Rusiya və İranın mediaya açıqlanan mövqeyi bundan ibarətdir ki, Suriyada hər hansı hərbi əməliyyat keçirilməsinə ehtiyac yoxdur, bu vəziyyəti daha da gərginləşdirə, terrorçu qrupların maraqlarına xidmət edə bilər. Onlar bu hərbi əməliyyata qarşı çıxırlar”
Şahin Cəfərli deyir ki, xüsusən, İran qəti şəkildə hərbi əməliyyatın əlehinədir, amma Rusiya barədə bunu tam demək olmaz:
“Çünki ötən müddətdə biz müşahidə eləmişik ki, Türkiyə bu məsələlərdə adətən Rusiyayla müəyyən qədər dil tapa bilir. Məsələn, Türkiyənin daha əvvəl keçirdiyi “Fırat qalxanı”, eləcə də, “Zeytun budağı” əməliyyatına Rusiya bir növ göz yumub. Bu baxımdan Suriya məsələsində Türkiyə-Rusiya əməkdaşlığı Türkiyə üçün İran əməkdaşlığından daha çox nəticə verib. Türkiyə bu mərhələdə də çalışır ki, ən azından Rusiyanın müəyyən bir razılığını alsın. Bununla bağlı qapalı danışıqlarda hansı razılaşmalar əldə olunduğunu biz bilmirik. Bunu da Türkiyənin yaxın həftələrdəki addımlarından görəcəyik. Əgər Türkiyə hərbi əməliyyata başlayacaqsa, deməli, bu məsələdə Rusiyanın razılığı var. Amma İranın mövqeyi Türkiyə üçün çox da önəmli deyil”.
Ərdoğanın Putini gözlətməsi mesaj hesab oluna bilərmi?
Şahin Cəfərli qeyd edir ki, Putinin beynəlxalq səviyyəli ikitərəfli görüşlərdə öz tərəf müqabillərini bir qədər gözlətməsi hər kəsə məlumdur, bu, Putinin stili və taktikası halına gəlib:
"Türkiyə diplomatiyası da bundan çox yaxşı xəbərdardır. 2020-ci ilin martında Ərdoğanın Rusiyaya səfəri zamanı Putin onu qapıda iki dəqiqədən bir qədər artıq gözlətmişdi. Ola bilər ki, bu dəfə də Türkiyə tərəfi bir növ xarakterik addım atmaq istəyib. Amma bu hadisə ikitərəfli münasibətlərə hər hansı təsir göstərməyəcək.
Görüşün əhəmiyyəti nədən ibarətdir? Qərbə nə kimi mesajlar verir?
Rauf Mirqədirov görüşdə Qərbə ünvanlanan mesajlar barədə danışarkən bildirir ki, Türkiyə son dövrlərdə bir sıra Qərb dövlətləri ilə, o cümlədən ABŞ və Avropa Birliyi ilə münasibətlərdə, bütövlükdə bir nizam yaratmağa çalışır. Onun sözlərinə görə, Türkiyənin əsas bazarı oradır. Regionda Türkiyənin mühüm rolunu təmin edən məsələlərdən biri də Türkiyənin NATO üzvü olmasıdır.
“Türkiyədə solundan, sağından, millətçi və liberalından asılı olmayaraq, anti-imperialist əhval-ruhiyyə çox güclüdür. Türkiyə elitasının Rusiya və İrandan, sözsüz ki, o qədər də xoşu gəlmir. NATO üzvü olan bir dövlətdə elektoratın mühüm bir hissəsi imperializmin təsir dairəsini daraltmaq üçün Rusiya və İranla münasibətlərin qurulmasını Qərblə münasibətlərdən daha mümkün hesab edir”.
Astana görüşü zamanı niyə Xameneyi Zəngəzur dəhlizinə qarşı çıxan status yazdı?
İranın ali dini lider Əli Xameneyi iyulun 20-də öz “tvitter” hesabında İran arasında sərhəd əlaqəsinin bağlanmasını qəbul etməyəcəklərini bildirib: “Qarabağın Azərbaycana qayıtmasından (azad edilməsi kimi qeyd olunmur – red.) məmnunuq.
Əlbəttə, İranla Ermənistan arasında sərhədin bağlanması siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illərdir kommunikasiya yoludur”.
Şahin Cəfərlinin sözlərinə görə, Qarabağ müharibəsinin yekunları ən çox İranı narahat edib. Onları əsas narahat edən Zəngəzur korridoru məsələsidir. Onlar bu kommunikasiyanın korridor statusunda gerçəkləşməsindən çox ehtiyat edirlər. Bu, Ermənistanla İranın quru əlaqəsinin kəsilməsi anlamına gəlir. Eyni zamanda, İranın şimalında türk qurşağının yaranmasına gətirib çıxaracaq. Bu da İranı qorxudan bir məsələdir. Bölgədə türk faktorunun güclənməsi İrandakı türklərin də ayaqlanmasına və ya siyasi muxtariyyət tələb etmələri ilə nəticələ bilər. Bu da İran dövlətinin parçalanmasının əsasını qoya bilər. İran ali dini liderinin bu bəyənatı da Türkiyə və Azərbaycana bu niyyətlərdən əl çəkilməsinə dair mesajdır.
Siyasi şərhçi Elman Fəttah deyir ki, İran-Türkiyə münasibətləri həm Suriya coğrafiyasındakı hadisələrdən dolayı, həm də Qafqaza münasibətdə xeyli toqquşan maraqları ehtiva edir. Bu baxımdan İranın Türkiyənin Qafqazdakı siyasətinə qarşı çıxması sürpriz deyil. Zəngəzur dəhlizinin açılması mövzusu da bunun tərkib hissəsidir:
“Türkiyənin bu mövzuda iradəsi, Ermənistanla münasibətləri necə tənzimləməsi Zəngəzur dəhlizinin gələcəyini də tənzimləyəcək”.
Rauf Mirqədirov isə hesab edir ki, İran ali dini liderinin bəyənatı birbaşa Zəngəzur və Türkiyəyə ünvanlanmayıb. Bu bəyanat Türkiyədən daha çox Rusiyaya ünvanlanıb. 8 noyabr bəyənnaməsinə görə, həmin korridora Rusiya nəzarət etməlidir. Digər versiya isə odur ki, Qərb dövlətləri korridorda nəzarəti ələ keçirə bilərlər, bu da İranın maraqlarına ziddir. Siyasi şərhçinin sözlərinə görə, həmin dəhlizin açılması hazırda Türkiyədən daha çox başqa oyunçulardan - Rusiya, Ermənistan kimi dövlətlərdən asılıdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür