Siyasət

Təqvimin dönük üzü: Qurtuluşdan faciəyə

Vüsalə Mikayıl
15 İyun, 2022
438

Hakimiyyət dəyişəndə siyasi bayramların taleyi necə olur?

Qurtuluş, yoxsa çevriliş -  Azərbaycanda 15 iyun 1993-cü il hadisələrinə verilən qiymət bu qədər fərqlidir.

Həmin gün eks prezident, indiki prezidentin atası Heydər Əliyev Ali Sovetin sədri seçilib. Onun bu posta gəlişi Surət Hüseynovun başladığı hərbi qiyam nəticəsində mümkün olub. Əliyev parlament sədri, sonra prezident səlahiyyətlərini ələ alıb.

Hakimiyyətin propaqandası 15 iyunu Azərbaycan xalqı və dövlətinin qurtuluş anı, qaçılmaz tarixi zərurət kimi təqdim edir və 1997-ci ildən bəri bu gün bayram kimi təqvimə salınıb. 1998-ci ildən isə 15 iyun dövlət bayramı statusu alıb. Həmin günün tarixdəki rolu ilə bağlı cəmiyyətdə mübahisələr davam etsə də.

Azərbaycan təqvimində mübahisəli bayramlar olan yeganə ölkə deyil. Siyasi günlərin təqvimdəki taleyi ilə bağlı tarixdən bir neçə nümunəyə nəzər salaq.

İndoneziya 30 sentyabr – Qurtuluş, yoxsa faciə günü

İndoneziya prezidenti Sukarno ölkədə şəxsiyyət kultu tətbiq etməklə tarixə düşsə də, onun adı və həyat yolu ilə bağlı xüsusi təqvim günü yox idi.

1950-60 -ci illər Qərb mətbuatı Sukarnonun 6 iyunda doğulduğuna görə öz ad gününə mistik məna verdiyini (6 rəqəmini  şeytan rəqəmi saydığı üçün) və buna görə doğum günündə gizləndiyini yazırdı. Əvəzində onun adına çoxlu universitetlər, şəhər və məktəblər var idi.

Sukarno - Açıq mənbələrdən götürülüb

İndoneziyada 1967-ci ildə Suhartonun rəhbərlik etdiyi 30 sentyabr hərəkatı hərbi qiyamla rəhbər Sukarnonu devirdi və kommunistlər hakimiyyətə gəldi. G30S kimi adlandırılan  30 Sentyabr hərəkatının şərəfinə hər il həmin tarixdə bayram qeyd olunurdu.  Qeyri-iş günü olmasa da, ölkəboyu Sukarno hakimiyyətindən qurtulmağı bayram edirdilər.

Suharto həm də “desukarnoizasiya” siyasəti həyata keçirirdi. Sukarnonun İndoneziya tarixindəki rolunu silməyə cəhd edən Suharto hökuməti əvvəlki prezidentin adına olan universitetlərin şəhərlərin, küçələrin adını dəyişdirmiş, tarix dərslərində tarixi yenidən yazdırmışdılar. Ta 1998-ci ilə qədər...

https://toplum.tv/siyaset/mutellibovu-devirib-hakimiyyeti-ele-kecirdiler-beylik-1-il-cekdi

1998-ci ildə Suhartonun devrilməsindən sonra onunla bağlı olan tarixə də münasibət dəyişdi. İndoneziyalıların təqvimində indi də 30 sentyabr işarələnib. Amma qara hərflərlə. Bu tarix artıq faciə günü kimi anılır.

Haiti - atadan oğula keçən hakimiyyətin sonu

Qurtuluş günü qeyd edən daha bir ölkə Haiti idi. Düvalyelərin hakimiyyəti dövründə hər ilin aprelində ata Düvalyenin ad günü və qurtuluş günü qeyd edilirdi.

Duvalye sülaləsi Haitidə 1957-ci ildən 1986-cı ilə qədər təxminən iyirmi doqquz il davam edən atadan-oğula ailə diktaturası idi.

Fransua Duvalier - AFP

Fransua Duvalye1957-ci ilin oktyabrında Haiti prezidenti seçildi. O, diktatura, terror və şəxsiyyətə pərəstiş rejimi qurdu. Müxalifət fiziki cəhətdən məhv edildi, narazılar ciddi şəkildə təqib edildi.

1967-ci ilin aprelində ata Düvalyenin hakimiyyətə gəlməsinin 10-cu ildönümü və prezidentin ad günü nə az, nə çox, düz dörd gün davam edən şənliklərlə qeyd edilmişdi. Həmin şənliklərdə bomba partlayışı nəticəsində iki nəfər həyatını itirmişdi.

Fransua 21 aprel 1971-ci ildə vəfat etdi. Onun hakimiyyəti dövründə təqribən 30 min vətəndaş hökumət tərəfindən öldürülmüş, yüz minlərlə haitili isə ABŞ, Kuba və Kanadaya mühacirət etmişdi. Ölümündən sonra hakimiyyətə oğlu Jan-Klod Düvalier gəldi.

https://toplum.tv/siyaset/ilham-eliyev-ermeniler-bustleri-heyder-eliyeve-pulla-satdilar

1986-cı ilin fevralında Haiti generalları və ABŞ administrasiyası tərəfindən faktiki olaraq dəstəklənən kütləvi etirazlar Jan-Klod Düvalyeni prezidentlikdən getməyə və Haitini tərk etməyə məcbur etdi. Ölkə uzun bir siyasi təlatüm dövrünə qədəm qoydu. O zamandan bəri Düvalyelərlə bağlı bayramlar da ləğv olunub.

Türkmənistanda “Ruhnamə günü”

Türkmənistanda yaxın keçmişə qədər 12 sentyabrda  “Ruhnamə Günü”nü qeyd edirdilər. “Ruhnamə” (Ruhun kitabı) Türkmənistanın keçmiş prezidenti Səfərmurad Niyazovun yazdığı kitabdır. Əxlaqi bioqrafik kitabda təqdim olunan faktların çoxunun şübhəli olduğu qeyd olunurdu. Məktəblərdə və universitetlərdə imtahan vermək və istənilən dövlət işini yerinə yetirmək üçün onun mətnini bilmək tələb olunurdu. “Ruhnamə”ni bilmədən hətta sürücülük vəsiqəsi də almaq mümkün deyildi.

 

Asia Times

Niyazov dövründə “Ruhnamə günü” Türkmənistanda ən mühüm dövlət bayramlarından biri idi. Onun tarixi, 12 sentyabr, “Ruhnamə”nin ilk dəfə 2001-ci ildə nəşr olunduğu günü qeyd etmək üçün seçilmişdir. Lakin S.Niyazovu Qurbanqulu Berdiməhəmmədov əvəz edəndən sonra “Ruhnamə”nin əhəmiyyəti getdikcə azalmağa başladı. “Ruhnamə günü” dövlət bayramları siyahısından çıxarıldı. Niyazovun təqvimə saldığı aşıqlar günü Türkmən baxşi bayramı da posttürkmənbaşı dəyişikliklərinin qurbanı oldu.

Tarix belə nümunələrlə doludur. Təcrübə göstərir ki, şəxsiyyət kultunun ömrü həmin şəxsiyyətin hakimiyyəti qədər olur.

2004-cü ildə prezident İlham Əliyev ensiklopediyanın redaksiya heyəti ilə keçirdiyi müşavirədə də özünün hakimiyyəti bitdikdən sonra tarixə nələr yazılacağından narahatlığını bildirmişdi.

O, Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi dövrün ensiklopediyada durğunluq və korrupsiya illəri olaraq adlandırılmasına, Heydər Əliyev haqqında nəşrdə pozitiv bir kəlmə də olmamasına qəzəblənmiş, ensiklopediyanın məsul katibi İsmayıl Vəliyevi sərt şəkildə müşavirədən qovmuş, sonra isə işdən çıxarmışdı. “Mən burada olmasam, nə yazardınız?” deyə alimləri danlayan prezident İlham Əliyev bu müşavirədən sonra həm də ensiklopediyanın redaksiya heyətinin sədridir.

 

 

Siyasət

Kəlbəcər istiqamətində atəşkəs yenə pozulub

6 İyul 2022

Rəsmi səhifə

İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə iyulun 6-da Müdafiə Nazirliyindən məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub", - deyə məlumatda qeyd olunub. 
Siyasət

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Humanitar yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib. Buraya ərzaq məhsulları, məişət və tibbi sərfiyyat malları, həmçinin saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər aiddir. Ümumi çəkisi 50 ton miqdarında olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt ŞİH-ə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub. “Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb", - bunu huanitar yardımın hava limanından göndərilməsində iştirak edən Ukraynanın...

Seçilmiş Videolar

Toplum TV loqo