Siyasət

Tofiq Yaqublu: “Fuad Rəsulzadənin hansı paylaşıma görə döyüldüyü hələ ki məlum deyil”

Nigar Səmədli
29 Aprel, 2021
966

Sosial Media

“Fuad Rəsulzadənin şəhid Xudayar Yusifzadə, yoxsa İlham Əliyevlə bağlı paylaşımına görə döyüldüyü hələ məlum deyil. Bütün hallarda zorakılıq yolverilməzdir. Belə çıxır ki, kimin başqasının yazdığından xoşu gəlmirsə, onu döyəməlidir? Bu, mağara təfəkkürüdür”.

Bunu “Toplum TV”-yə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu deyib. 

Sosial şəbəkədə Fuad Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb. 

Onun döyülməsinə səbəb bir müddət əvvəl şəhid Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədəki paylaşımı göstərilir. Belə ki, "Tvitter"də “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik bir tvit paylaşılıb. 

“Xudayar çoxdandır təzə mahnı buraxmır” deyilərkən II Qarabağ Müharibəsi zamanı həlak olan Xudayar Yusifzadənin döyüşlər zamanı oxuduğu və sosial şəbəkələrdə geniş yayılan mahnısına işarə edilib. Həmin paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb. Bundan bir müddət sonra isə Fuad Rəsulzadə həmin sözlərin ona məxsus olduğunu deyib. 

Daxili İşlər Nazirliyi də (DİN) hadisə ilə bağlı məlumat yayıb. 

Nazirliyin mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev "qafqazinfo.az"a deyib ki, insidentlə bağlı araşdırmalara başlanılıb: "Dünən axşam saatlarında Bakı şəhərində vətəndaş Fuad Rəsulzadənin döyülməsini əks etdirən videogörüntülərdən məlumatlıyıq. Vətəndaşı döyməkdə şübhəli bilinən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”.

Anar Məmmədli - VOA

Hüquq müdafiəçisi Anar Məmmdəli hesab edir ki, vətəndaşın fikrinə görə döyülməsi qəbuledilməzdir: “Bir dəstə insanın kimisə fərqli fikrinə görə döyməsi vəhşilik və mağara təfəkkürüdür. Bu əməlin siyasi çalarlarla icrası faşizmdir. Azərbaycan hökuməti faşizmi müdafiə etmədiyini tezliklə nümayiş etdirməli, Fuad Rəsulzadənin döyülməsində iştirak edən və bunu çəkib-yayan şəxsləri hüquqi məsuliyyətə cəlb etməlidir”. 

A.Məmmədli Fuad Rəsulzadənin digər bir yazısına görə döyüldüyünü də istisna etməyib. Aprelin 27-də paylaşılan həmin tvitdə “Xoşqədəmin verilişinə 2-3 adam gəlib deyir ki, bizim atamız Prezidentin Zəngilanda qucaqladığı çinardır” fikirləri yer alıb. 

Burada onun dövlət başçısının Zəngilan səfərinə və çinar ağacı ilə şəkil çəkidrməsinə ironiya etdiyi bildirilir. 

"Hüquq mühafizə orqanları dərhal hərəkətə keçməlidirlər”

Tofiq Yaqublu - Sosial Media

Tofiq Yaqublu da hesab edir ki, gəncin döyülməsinin səbəbi tam aydın deyil: “Birmənalı olaraq cinayətdir. Əslində hələ bilinmir ki, Fuad Rəsulzadə həmin paylaşıma, yoxsa İlham Əliyevlə bağlı yazdığına görə döyülüb. Əlbəttə ki, onun şəhidimiz Xudayar haqqında dediklərini qınayıram, heç kim şəhidlərə dil uzada bilməz. Həmin şəxsə ictimai qınaq yönəltmək, tənqid etmək, onun ritorikası ilə cavab vermək olar, döymək isə cinayət əməlidir. Bununla bağlı hüquq mühafizə orqanları dərhal hərəkətə keçməlidirlər”. 

"Yalnız bir tərəfi günahlandırmaq doğru deyil"

Tural Abbaslı - Sosial Media

Ağ Partiyanın sədri Tural Abbaslı isə deyir ki, bu məsələdə yalnız bir tərəfi günahlandırmaq doğru deyil: “Bu məsələdə bir tərəfin ifadə azadlığı, digər tərəfin isə şərəf və ləyaqətinin alçaldılması, cəmiyyətin ümumi dəyərlərinə yersiz təhqir var. Əslində hüquqi aspektdən yanaşsaq, təbii ki, heç kim kimisə cəzalandıra bilməz və cəzalandırmamalıdır. Amma ictimai rəy, ictimai qınaq, ictimai reaksiya dünyanın bütün dövlətlərində var. İctimai reaksiyanın bu formada təzahür etməsi isə ayrıca müzakirə oluna bilər. Hər kəs dediyi sözün, atdığı addımın ictimaiyyətdə doğura biləcəyi qarşılığını nəzərə almalıdır. Sadəcə hücum edən tərəfin məsuliyyətsizliyindən və aqressiyasından söhbət gedə bilməz. Fikrimcə, hər kəs Azərbaycan cəmiyyətinin dəyərlərini nəzərə almalı, hansı cəmiyyətdə yaşadığını bilməli və ona uyğun addım atmalıdır”.  

"Azərbaycanın faşist dövlət olmadığı sübut edilməlidir" 

Altay Göyüşov - Sosial Media

Tarixçi alim Altay Göyüşov da sosial media hesabından paylaşım edərək hadisəni cinayət əməli sayır: “Fuad Rəsulzadənin və yaxud başqa istənilən şəxsin hansısa elədiyi hərəkətə görə təklənib döyülməsi ciddi cinayətdir. Heç bir yüksək materiya yoxdur ki, bu cinayətə bəraət qazandırsın. Cinayətkarlar tapıb cəzasını almalıdır ki, bir də belə şeylər təkrarlanmasın. Təbii ki, dövlət faşist dövləti deyilsə, belə də olacaq.  Olmayacaqsa, belə hallar genişlənəcək, adiləşəcək və daha kəskin formalar alacaq. Bir nəfər ondan incik olan başqaları tərəfindən təsadüfən yolda döyülməmək üçün cibində soyuq, yaxud odlu silah gəzdirəcək. Sonra başqaları da edəcək. Nəhayət, əvvəl-axır faşist dövləti çökəcək. Ona görə hüquq-mühafizə orqanlarının boynuna düşən Azərbaycanın faşist dövlət olmadığını sübut etməkdir. O cinayətkarlar tapılıb cəzalandırılmalıdır!”

"Məsələnin psixoloji tərəfləri də araşdırılmalıdır"

Seymur Həzi - Sosial Media

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi hesab edir ki, məsələnin psixoloji tərəfləri də araşdırılmalıdır: “Fikir və ifadə azadlığını insanlar deyil, qanunlar müəyyən edir. Lakin emosional vəziyyətlərdə fərqli görüntülərlə rastlaşa bilərik. Şəhid Xudayar Vətən müharibəsinin simvollarından biridir. Onunla ironiya etmək kimi bir daxili təlabatın necə yarandığını da təbii ki, ekspertiza öyrənməlidir. Məhz bu baxımdan deyirəm ki, hər iki tərəf üçün psixoloji və emosional forsmajor haldır. Qanun isə gərək belə halları həm də həkimlərlə birlikdə araşdırsın”.
 

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar