"Azərbaycan uzun illərdir ki, bu təşkilatın fəaliyyətindən bəhrələnsə də, heç vaxt OPEC üzvü olmaq istəməyib”.
Azərbaycanın OPEC-ə üzv olub-olmaması məsələsini şərh edərkən iqtisadçı ekspert Toğrul Maşallı Toplum tv-yə belə deyib.
İyunun 11-də "Post-COVİD-19 dövründə enerji məsələləri” adlı vebinar keçirilib.
Vebinarda OPEC-in Baş katibi Mohammad Sanusi Barkindo Azərbaycanın bu təşkilata üzv olmasınının OPEC üçün qürur mənbəyi olacağını qeyd edib.
Toğrul Maşallı isə hesab edir ki, indiki halda bu təşkilata üzv olmaq bir qədər mənasızdır.
Onun sözlərinə görə, Azərbaycan OPEC-ə (Neft İxrac Edən Ölkələrin Birliyi) üzv olduğu təqdirdə daha çox öhdəliyi olacaq.
Ekspert qeyd edir ki, OPEC-ə üzv olan ölkələrin bir çoxu neft hasilatını və ixracatını özü tənzimləsə də, Azərbaycanda bu belə deyil: "Azərbaycanda neft hasilatının böyük bir hissəsi şirkətlərə məxsusdur. Şirkətlərin yerinə qərar vermək isə düzgün olmaz”.
Qubad İbadoğlu: "OPEC-ə üzv olmaq Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil”
Digər bir iqtisadçı ekspert Qubad İbadoğlu isə düşünür ki, Azərbaycanın OPEC-ə üzv olması siyasi baxımdan ölkə üçün müəyyən dividentlər yaratsa da, hökumət bu təşkilata üzv olmaq tərəfdarı deyil.
Onun fikrincə, Azərbaycanın bu təşkilata üzvlüyü onun neft hasilatı ilə bağlı müstəqil qərar vermək imkanını məhdudlaşdıracaq.
Ekspertin qənaətincə, OPEC-ə üzv olmaq Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil: "OPEC+ ölkələr üçün hasilat kvotası ümumi kvotanın 40%-ni təşkil ediyi halda, OPEC ölkələri üçün 60% təşkil edir. Yəni, Azərbaycan bu böhranlı vəziyyətdə neft hasilatını OPEC-in qərarına uyğun olaraq tənzimləməlidir”.
Qubad İbadoğlu deyir ki, OPEC+ formatında Azərbaycan, Rusiya, Qazaxıstan, eyni mövqedən çıxış etdiyindən Azərbaycan hökumətinin Rusiya formatından kənar qərar qəbul etməsi inandırıcı görünmür.
"Azərbaycanın isə OPEC+ çərçivəsində dünya neft bazarına təsir etmək imkanı var” – o, əlavə edib.
Rəsmilər nə deyir?
Məsələylə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə dəfələrlə zəng edilsə də, nəticəsiz qalıb.
Milli Məclisin deputatı Zahid Oruc isə məsələnin heç bir siyasi tərəfi olmadığını və OPEC-lə bağlı sualları cavablandıra bilməyəcəyini bildirib.
Şəbnəm Adil
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.