Siyasət

Trans və geylərin hərbi xidmət problemi - "Öz aralarında mənə baxıb gülürdülər”

Roza Məmmədova
24 Dekabr, 2021
2555

Açıq mənbələrdən götürülüb

Azərbaycan qanunvericiliyinə görə, 18 yaşı tamam olmuş bütün sağlam kişilərin hərbi xidmətdə olması məcburidir. Hərbi komissiyasının yoxlanışı zamanı cinsi orientasiyasının fərqli olduğunu gizlədə bilənlər də əsgərliyə yollanırlar.

Bəs gey, trans olduğunu açıqca bəyan edən insanlar nə ilə qarşılaşırlar?

Bir neçə ay öncə İspaniyaya mühcirətə yollanan, rəsmi ad, soyadından imtina edən, özünü Adrian kimi təqim edən 22 yaşlı gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) başına gələnləri “Toplum TV” ilə bölüşüb. Onun sözlərinə görə, həkim komissiyasının yoxlanışından keçərkən açıq şəkildə gey olduğunu bəyan edib. Bu zaman hərbi həkim komisiyyası ona əlavə müayinələrdən keçməli olduğunu bildirib.

“Göz həkimi niyə eynək taxmadığımı soruşdu. Bildirəndə ki, hələlik maddi vəziyyətim yaxşı deyil, üstümə qışqırdı: “Burnuna dəmir taxmağa pul tapırsan, amma eynək almağa yox?” Psixiatrsa görkəmimə baxıb, yoxlamadan keçirmədən tibb bacısına “Buna bir kağız yaz, bizlik deyil, dispanserə getməlidir” dedi”.

Adrian-Sosial media

Daha dərindən yoxlanmaq üçün 2 saylı Kliniki Psixiatr Xəstəxanasına yollanan Adrian orda üzləşdiyi münasibətdən də danışır: “Voyenkomatda (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti – red.) istehzayla məni istirahətə göndərdiklərini söyləmişdilər. Xəstəxanada ilk söhbtləşdiyim qadın həkimlərdən biri şortik geyindiyim üçün qışqıraraq məni danladı, dövlət müəssisəsində olduğumu bildirdi. Daha sonra neçə yaşımdan “başladığımı”, altda yoxsa üstdə olduğumu soruşdu. Öz aralarında mənə baxıb gülürdülər”.

Adrian orientasiyası fərqli olanların xəstəxanada keçdiyi prosesi qısaca belə şərh edir: “Əvvəlcə anal dəliyi yoxlayır, daha sonra bizdən qan alırlar. Seksdə passiv olub-olmadığımızla bağlı uzun-uzadı sorğu-sualdan sonra gey olduğumuza qərar verirlər. Əgər seksdə aktiv olduğunuz məlum olsa, gey sayılmırsınız”.

“…rişxəndlə “get, başıucalıqla sənədini götür”- deyirlər”

Gender aktivisti Alp Əliyevin dediyinə görə, SHXÇDX-də yoxlama zamanı cinsi orientasiyanı gizlədənlər komisiyyanın gözünə “şübhəli” göründüsə, rayon qeydiyyatı olanları Maştağadakı Psixiatriya dispanserinə, şəhər qeydiyyatı olanları 2 saylı Kliniki Psixoloji Xəstəxanaya göndərirlər.

Aktivistin sözlərinə görə, ilk dəfədirsə üç, təkrar yoxlanışda bir gün xəstəxanada müayinə-müalicə almaq tələb edilir: “Bu müddətdə hərtərəfli yoxlamalar aparılır. Günün sonunda  rişxəndlə “get, başıucalıqla sənədini götür”- deyirlər”.

Alp Əliyev - Sosial Media

Homoseksuallıq 1994-cü ildən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarılıb. Azərbaycanda isə xəstəliklərin beynalxalq təsnifatına sonuncu baxış 2005-ci ildə olub, yəni 16 ildir ki, ölkədə homoseksuallıq xəstəlik sayılmır.

Ancaq praktikada LGBTQ+lər hərbi xidmət keçmək əvəzinə, “yararsız” kimi qeydiyyata salınıb, əsgərlikdən azad olunurlar.

“Onlar homoseksual kimi yox, şəxsiyyət pozuntusu olan şəxs kimi qeydiyyata salınırlar”

Gender aktivisti A.Əliyevin  söylədiyinə görə, orientasiyası fərqli olanlar adətən Hərbi-həkim ekspertizası haqqında əsasnamədəki xəstəliklər siyahısında şəxsiyyət pozuntuları olan xəstələr kimi qeydiyyata alınırlar.

O əlavə edir ki, əsgərliyə yararsız sayılmaq bəzən gələcəkdə bir sıra problemlərə gətirib çıxarır, xüsusən də geysənsə.

“Məsələn, cinsi orientasiyası fərqli olanlarla bağlı əsasnamədə ayrıca bir bənd yoxdur, yəni xəstəliyin olmadığın halda şizofreniya, şəxsiyyət pozuntusu olan adam kimi qeydiyyata düşürsən. Tutaq ki, mülk davası varsa, ailənin digər üzvləri məhkəmədə iddia qaldırıb bu maddə ilə xəstə statusu alan bir insanın mülkünü əlindən ala bilərlər. Bu gələcəkdə sizin söz haqqınızı təhdid altına alır və mülkiyyət hüququnuzu sual altına qoyur. Hətta qohumlar bundan istifadə edib, sizi xəstəxanada belə yatırda bilərlər. Digər tərəfdən hərbi biletin olmaması səbəbindən işə düzəlməkdə problem yaranır”.

Heç cür gündəmə gələ bilməyən alternativ hərbi xidmət

2009-cu ildən Azərbaycan Avropa Şurası qarşısında alternativ hərbi xidmət haqqında qanunu qəbul edəcəyi ilə bağlı öhdəlik götürsə də, o indiyədək gündəmə gətirilməyib.

Alternativ xidmət haqqında qanun layihəsinə görə,  əlinə silah alaraq digər insana atəş açmağı, döyüşməyi, öldürməyi qadağan edən müəyyən dini təriqət üzvləri hərbi xidmətə aparılmamalı və alternativ xidmət keçməlidir. Bundan başqa, LGBTQ+lər və psixi cəhətdən problemi olan şəxslər də bu xidmətdən istifadə edə bilər. Amma qanun layihəsinin 7-ci maddəsində qeyd edilib ki, ölkə müharibə vəziyyətində olduğu zaman həmin qanunu tətbiq etmək olmaz.

2020-ci il noyabrın 10-dan Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalanıb, müharibə 1 il 1 aydır bitib. Azərbaycan öhdəliyini yerinə yetirəcəkmi?

Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü, Hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi Aydın Mirzəzadə “Toplum TV”-yə açıqlamasında yaxın zamanda belə bir qanun layihəsinin gündəmdə olmayacağını bildirir.

O həmçinin, LGBTQ+ icmasının hərbi xidmətlə bağlı problemi haqqında danışmaqdan imtina edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nə deyir?

“Toplum TV” mövzu ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb, amma qurumdan bu barədə danışmayacaqlarını bildiriblər.

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, problemi həll etməkdən ötrü indiyə qədər hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişiklik olunmalı, alternativ hərbi xidmət haqqında qanun qəbul edilməliydi: “Təəsüflər olsun ki, Milli Məclisdə hələ də alternativ xidmət gündəliyə salınmayıb. Əvvəl pandemiya bəhanə olundu, sonra Qarabağ müharibəsi. İndi demək olar ki, Qarabağ məsələsi də həll olunub”.

Üzeyir Cəfərov - Açıq mənbələrdən götürülüb

Ekspert hesab edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti yalnız çağırışı həyata keçirməməli, vaxtışırı müvafiq qurumlarla işləməlidir.

“LGBT icmasının da hamı kimi yaşamaq, azadlıq hüququ var. Cəmiyyətlə işləmək lazımdır, hər şeyi ordunun üstünə atmaq olmaz. Komisiyyadan keçərkən belə insanlara konkret olaraq rəy verilməlidir ki, sonra orduda hər hansı mənfi hal yaşanmasın”.

Digər ölkələrin praktikası

Türkiyədə hərbi xidmət praktikası Azərbaycanla demək olar eynidir. Məcburi hərbi xidmət yaşında olanlar sağlamlıq müayinəsinəsindən keçirilir, onların yararlı olub-olmaması müəyyən edilir.

Azərbaycandan fərqli olaraq Türkiyə qanunlarında cinsi orientasiyası fərqli olanlala bağlı konkret müddəa - “təkrarlanan uyğunlaşma pozğunluğu” başlığı altında “cinsi şəxsiyyət və davranış pozğunluğu” maddəsi var. Bu maddə qısaca cinsi münasibət və davranışları hərbi mühitdə uyğunlaşma və funksionallıq problemləri yaradan və ya yaratdığı hesab edilən faktlar kimi şərh edilir, əsasən, geylər və translar hərbi xidmətdən azad edilir.

Gender aktivisti Alp Əliyevin fikrincə, Avropa ölkələrinin əksəriyyəti şərqlə müqayisədə bu problemi daha ədalətli tənzimləyir: “Məsələn, İsveçrədə də hərbi xidmət məcburidir, amma orada insanların seçim haqqı var, ya ictimai işlərdə çalışmaq ya da ənənəvi şəkildə hərbi xidmət etmək. Siz LGBTQ+ olsanız belə, dövlət sizi əsgərlikdən yayındırmaqda maraqlı deyil. Böyük Britaniya, Almaniya, Fransa kimi ölkələrdə cinsi orientasiya məsələsi bizdəki kimi qabarıq deyil. Məsələn, trans, gey olmasından asılı olmayaraq hər kəs çox rahatlıqla hərbi xidmət keçə bilər, hətta sonra hərbi personal kimi qalıb işləmək də mümkündür”.

Onun qənətincə, problemin hələ də aktual olması bir tərəfdən Azərbaycan cəmiyyətindəki stereotiplərlə bağlıdırsa, digər tərəfdən ölkədəki hüquq sisteminin qeyri-işlək olması ilə əlaqədardır: “Hərbi xidmət etmək istəyən şəxs öz kimliyini açıqca bəyan edə bilməz. İnsanlar bunun hüquqi müstəvidə həllində maraqlı deyillər. Elə insanlar var ki, ailələri onların cinsi orientasiyası haqqında bilmir. Bu halda LGBTQ+lər bunun ictimailəşəcəyindən, basqı altında qalacaqlarından ehtiyat edirlər. Bəziləri də düşünür ki, sona qədər mübarizə aparsa, zorla əsgərliyə göndərilə bilər. Orada da kimsə onun təhlükəsizliyinə zəmanət verməyəcək”.

Hərbi xidmət keçməkdən “qurtulmuş” Adriansa deyir ki, Azərbaycanda nəinki hərbi hospitallarda və müəssisələrdə, demək olar, ümumən cəmiyyətdə LGBTQ+ icmasına qarşı steorotiplər dəyişməyib.

“Uşaqlığımdan bu situasiya ilə qarşı-qarşıya olduğum üçün çalışıram vecimə almayım. Amma mənim yerimə özünü gizlədən, rahatca ifadə edə bilməyən başqa homoseksual ola bilərdi. Bəs onda necə olacaqdı?”

Azərbaycanda LGBTQ+lər zaman-zaman problemlərini ictimailəşdirməyə, müxtəlif rəsmi qurumların diqqətini bu məsələyə cəlb etməyə, bəzi hüquq müdafiəçiləri onlara dəstək olmağa çalışsa da, dövlət qurumları bu barədə açıq danışmağa, problemin həlli yollarını gündəmə gətirməkdən çəkinirlər.

Siyasət

İlham Əliyev Tokayevə məktub göndərdi

28 Yanvar 2022

Rəsmi səhifə

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib. Bu barədə "president.az" saytı məlumat yayıb.  Məktubda deyilir: “Hörmətli Kasım-Jomart Kemeleviç. “Nur Otan” Partiyasının sədri seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Bizim dost ölkələrimiz arasında münasibətlər bu gün uğurla inkişaf edir, birgə layihələr fəal surətdə həyata keçirilir. Biz Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığı bundan sonra da dərinləşdirmək əzmindəyik. Azərbaycanın və Qazaxıstanın hakim partiyaları – Yeni Azərbaycan Partiyası və “Nur Otan” partiyası arasında əməkdaşlığın müsbət dinamikasını və fəal dialoqu məmnuniyyətlə qeyd etmək istərdim. Partiyalararası əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Əminəm...
Siyasət

Müdafiə Nazirliyi: "Ermənistan mövqelərimizi atəşə tutub"

28 Yanvar 2022

Rəsmi səhifə

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə yanvarın 28-də Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki yoxdur. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır" - deyə məlumatda bildirilib.
Seçilmiş Videolar