Siyasət

Türk Dövlətləri Təşkilatının gələcəyi varmı?

Roza Məmmədova
16 Noyabr, 2021
1870

Rəsmi səhifə

“Türk Dövlətləri Təşkilatının gələcəyinin Ərəb Ölkələri Liqası, Afrika Ölkəri Liqası kimi olması arzuedilən deyil. Çünki liqaların o dövlətlərə heç bir faydası yoxdur. Təşkilatın qurulmasında iştirak edənlər hər halda  tarixi təcrübəni diqqətdə saxlamalıdırlar, əks təqdirdə təşkilatı qurmaq üçün əlavə maliyyə vəsaitlərinin ayrılmasına nə ehtiyac vardı?”

Bunu Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan bir neçə gün əvvəl yaradılan Türk Dövlətləri Təşkilatı haqqında danışarkən belə deyib.

Noyabrın 12-də İstanbulda VIII sammit zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Türk Dövlətləri Təşkilatı adlandırılıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan sammitdə Türk Dövlətləri Təşkilatının üzvləri kimi, Macarıstan və Türkmənistan isə müşahidəçi qismində iştirak edib.

Toplantı zamanı türk ölkələri liderlərinin işinin nəticələrinə dair yekun sənəd qəbul edilib. Sənədə əsasən, “Türk Dünyası 2040 Vizyonu” konsepsiyasından danışılır. Bu, "türk dünyasında ümumi maraq kəsb edən müxtəlif sahələrdə gələcək əməkdaşlığı müəyyən edən" strateji sənəddir.

İndiyədək Türk Şurası kimi fəaliyyət göstərən bu təşkilat daha çox mədəniyyət sahəsində etdiyi əməkdaşlıqlarla yadda qalıb. TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti buna misal ola bilər. İstanbuldakı son zirvə görüşündən sonra isə sktruktur şuradan təşkilata doğru dəyişdi. Üzv dövlətlərin logistika, ticarət, nəqliyyat və s. sahələrdə əməkdaşlıq edəcəyi bildirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da təşkilatın gələcəyi haqqında nikbin fikirlər səsləndirib:

"Yeni addımımız və mövqeyimiz olan Türk Dövlətləri Təşkilatıyla bundan sonra daha sürətlə, xüsusi israrla kök salacaq, böyüyəcək, inkişaf edəcək və səpələnəcəyik".

Bəs deyildiyi kimi yeni yaradılan təşkilatdan müsbət nəticələr gözləmək olarmı? Ümumiyyətlə, layihənin gələcək perspektivi nədən ibarətdir?

Politoloq Sədrəddin Soltan deyir ki, SSRİ dağıldıqdan sonra türk dövlətləri təşkilatlanmağa maraqlı olsa da, bu, daha çox formal xarakter daşıyıb:

“Ehtimal ki, Türk Dövlətləri Təşkilatı daha ciddi addımlar atacaq. Çünki bu təşkilat inteqrasiyada əsasən, iqtisadi əməkdaşlığı əsas götürüb. Ölkələr arasında gömrük rüsumlarının aradan qaldırılması, ticarət dövriyyəsinin artırılması ön planda olacaq. Paralel olaraq üzv dövlətlər arasında mədəni münasibətlər, tarixin öyrənilməsi, ortaq dil və s. kimi məsələlərdə də əməkdaşlıq gözlənilir”.

Sədrəddin Soltan - Açıq mənbələrdən götürülüb

 Politoloqun sözlərinə görə, indiki halda türk dövlətləri dünyanın siyasi səhnəsində aparıcı mövqe tutmadıqlarından təzyiqlərə məruz qala bilərlər.

“Sadəcə olaraq, Azərbaycan və Türkiyə arasındakı ticarət, iqtisadi, mədəni sahələrdə mövcud olan  əlaqələr bunun dünyanın təhlükəsizliyi üçün əhəmiyyəti olduğunu sübut etdi. Bakı-Tiblisi-Ceyhan xətti, Azərbaycan qazının Türkiyə vasitəsilə dünyaya daşınması, Bakı-Tiblisi-Ərzurum dəmir yolu xətti kimi layihələr də  bunu təsdiq etdi. Perspektivdə transxəzər layihəsi vasitəsilə Türkmənistan qazının dünyaya daşınmasıyla, Qazaxıstanın da bura qoşulmasıyla türk əməkdaşlığı güclənə bilər”.

Siyasi şərhçi Ərəstun Oruclu isə deyir ki, üzv dövlətlər sabit iqtisadi inkişaf prosesi keçmədiyindən təşkilatın qlobal səviyyədə perspektivi haqqında söz demək hələ tezdir.

“Yalnız Türkiyədə müəyyən texnoloji inkişaf var, amma bu, ABŞ, Yaponiya, Cənubu Koreya səviyyəsində deyil. Yaxın 15-20 ildə təşkilatın fəaliyyətindən nəticə gözləmək doğru olmaz. Bununla belə, daha uzunmüdətli dövrdə türk dövlətlərinin vahid ordusunun yaradılması üçün imkanlar mövcuddur”.

Rəsmi səhifə

Siyasi şərhçi Türkiyənin təşkilatın yaradılmasında aparıcı mövqe tutmasını belə əsaslandırır:

“2018-ci ildə Xəzərin statusu haqqında yeni konvensiya qəbul edildikdən sonra Xəzəryanı olmayan ölkələrin dənizdən istifadəsi məhdudlaşdırılıb. Ona görə Türkiyənin Mərkəzi Asiyaya çıxışı da yalnız bu dövlətlər vasitəsi ilə mümkündür”.

Orta Asiya regionunda əsas maraq sahibi olan Rusiyanın təşkilatın yaradılmasa münasibəti necə olacaq? Rusiya reallığında türk dövlətlərin qarşılıqlı inteqrasiyası mümkündürmü?

Politoloq S.Soltan xatırladır ki, Rusiya tarixən türk dövlətlərinin birliyinə mane olub. Bununla belə, o hesab edir ki, qonşu ölkə təşkilata müxalif münasibət göstərməyəcək:

“Təşkilatın Rusiya, Avropa, ABŞ, Ərəb dövlətlərinə qarşı olmayacağını nəzərə  aldıqda, hesab etmək olar ki, Rusiya da bu əməkdaşlıqdan yararlana bilər. Çünki bir neçə türk respublikası Rusiyanın federasiya subyektidir. Odur ki, Rusiya təşkilatı dəstəkləyə bilər; bu məsələyə qarşı çıxmaqla ölkə daxilindəki türklərin fəaliyyətinə, özünün tərkib hissəsi olmasına qarşı çıxmış sayılacaq. Təbii ki, Mərkəzi Asiya kimi zəngin bir ərazini itirmək əvəzinə, təşkilatla əməkdaşlıq etməsi onun həm orta Asiyada qalmasına, həm də Azərbaycan, Türkiyə ilə regional əməkdaşlığı inkişaf etdirməsinə müsbət təsir göstərə bilər”.

Politoloq təşkilatın perspektivindən danışarkən bunları da qeyd edir:

“Türkiyə ümumilikdə demokratik quruluşuna, ordusuna, iqtisadiyyatına görə üzv dövlətlərə örnəkdir. Orta Asiyada isə torpaqlar böyük və zəngindir, həmçinin bu regionda işçi qüvvəsi çoxdur. Fikrimcə, həmin iqtisadi potensialdan istifadə etmək üçün ən doğru yol Türkiyə ilə əməkdaşlıq etməkdir”.

S.Soltan hesab edir ki, təşkilat hərbi-siyasi ittifaqdan daha çox, iqtisadi- mədəni ittifaqa çevriləcək:

“Bununla da türk dövlətləri dünyanın iqtisadi, siyasi səhnəsində,  təhlükəsizlik məsələsində sözlərini birgə deməyə imkan qazanacaqlar. Həmçinin türk dövlətlərinin yan təsirlərdən qorunması, öz daxili təhlükəsizliklərini təmin etməsi baxımından vacibdir. Hələ ki, bu təşkilat toplantı keçirməklə kifayətlənir, real nəticə yoxdur. Vaxtilə türklərin Avropaya açdığı ipək yolu Avropa və Asiyanı birləşdirib, hesab edirəm ki, gələcəkdə bu təşkilat da belə bir güclü missiyanı həyata keçirə bilər”.

“Rusiya istənilən halda əngəl yaradan tərəf olaraq qalacaq”

Siyasi şərhçi Ərəstun Oruclu isə hesab edir ki, Rusiya regionda maraqlı tərəf olduğundan təşkilata müxalif münasibət bəsləyəcək:

“Mərkəzi Asiyadakı türkdilli dövlətlərin Rusiya təsirindən uzaqlaşması, həm də geosiyasi rəqabət deməkdir. Rusiya öz sərhədlərində, maraq dairəsində güzəştə getməyə hazır deyil. Məsələn, o, Mərkəzi Asiya ölkələrindəki V kalonları öz tərəfinə çəkə bilər. Bu regionda ən güclü dövlət olan Özbəkistanda isə Rusiyanın  təsiri nisbətən daha zəifdir”.

Ərəstun Oruclu - VOA

Təşkilatın hələ ilkin mərhələdə olduğunu deyən siyasi şərhçi vurğulayır ki, Türkiyə ilə müttəfiqlik üzv dövlətlər üçün əsas şərtdir:

“Bu gün Türkiyə dünyada gedən geosiyasi proseslərdə iştirak edir. Türkiyə ilə mütəffiq olmaq Qərbə, NATO-ya çıxış deməkdir. Bununla da təşkilata üzv dövlətlər ordu təminatı əldə etmiş olar, hərbi təlimlərdən yararlana bilərlər. Bu isə özlüyündə Rusiyadan qorunmaq üçün müəyyən imkan deməkdir”.

Türk əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilib.  

Nəticədə, Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu il oktyabrın 3-də  Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında imzalanmış Naxçıvan sazişinə əsasən, yaradılıb. Özbəkistan  2018-ci ildə təşkilata qatılmaq niyyətinin olduğunu açıqlayaraq bir il sonra Türk Şurasına üzv olub. 2018-ci ilin sonlarından bu yana Macarıstan təşkilatda müşahidəçi dövlət qismində çıxış edir.

Siyasət

Paşinyan Praqada Əliyev və Ərdoğanla görüşəcək

5 Oktyabr 2022

Rəsmi səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Çexiya paytaxtı Praqda Azərbaycan Prezidenti və Rürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.  Bu barədə o, parlamentdə “Hökumət saatı”nda açıqlama verib.  Onun sözlərinə görə, İlham Əliyevlə görüş Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarlz Mişelin iştirakı ilə baş tutacaq. https://toplum.tv/siyaset/ilham-eliyev-qarabagdaki-ermeni-ehalisinin-heyatini-nece-qaydaya-salacagimizi-hec-bir-beynelxalq-merkezle-muzakire-etmeyeceyik Dördtərəfli görüş sabah, oktyabrın 6-da Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək. Paşinyan çıxışında bildirib ki, hazırda Azərbaycanla sərhəddə gərginliyi azaltmaq üçün müəyyən imkanlar var. "Ermənistan və Azərbaycanın 1991-ci il 8 dekabr sənədi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsində razılığa gələcəyinə dair gümanlar var", - deyə o bildirib. 
Siyasət

Sabiq icra başçısının Azərbaycana ekstradisiyası üçün sorğu göndərilib

5 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Baş Prokurorluq oktyabrın 5-də Polşada saxlanılan Qubadlının sabiq icra başçısı Elxan Nuriyevlə bağlı məlumat yayıb. Bildirilir ki, Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanmış və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib. https://toplum.tv/mehkeme/baku-steel-isi-usaqliq-dostlari-mehkemede-uz-uze-qalib Məlumata görə, Elxan Nuriyev oktyabrın 2-də o, Polşa Respublikasının ərazisində saxlanılıb. "Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilmişdir", - deyə rəsmi xəbərdə qeyd olunub. 

Seçilmiş Videolar

Toplum TV loqo