Vilyam Hacıyevin məhkəməsi – saxta işçi ştatları, maaş adı altında mənimsənilən pullar
Açıq mənbələrdən götürülüb
Korrupsiya ittihamıyla həbs edilən sabiq icra başçısının növbəti məhkəmə prosesi keçirilib
“Vilyam Hacıyevin rəhbərliyi dövründə 356 vətəndaşın adı DOST İş Mərkəzinə işlə təmin edilən şəxs kimi yazılıb. Ancaq həmin şəxslər işə çıxmayıb, adlarına yazılan maaşlar onlara çatmayıb. Həmin şəxslərin adına cəmi 481 min manat maaş yazılsa da, bu məbləğ həmin vətəndaşlara verilməyib”.
İmişli rayon icra hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin məhkəməsində hakim Azər Paşayevin elan etdiyi sənədlərdə belə deyilir.
“Toplum TV” xəbər verir ki, iyunun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş icra başçısının məhkəməsi sənədlərin tədqiqiylə davam edib.
Vilyam Hacıyevlə bağlı aktlarda qeyd olunub ki, rayon ərazisinin işıqlandırılması üçün işıq dirəklərinin alınması və təmirinə 162 min manat, Dövlət Arxivində kitabların saxlanılması üçün 75 min manat, çoxmənzilli binaların təmirinə görə 1 milyon manat vəsait köçürüldüyü halda, həmin məbləğlər təyinatı üzrə xərclənməyib.
Elan olunan sənədlər arasında İmişli rayon Mərkəzi Xəstəxanasının təmirinə ayrılmış 23 min 701 manat, Yaşıllaşdırma İdarəsinə ayrılmış 559 min manat, İmişli Turizm Şöbəsinə ayrılmış 118 min manatın da düzgün xərclənməməsinə dair aktlar var.
Vilyam Hacıyevin vəkili Elmar Kərimov isə sənədlərin elanı zamanı bir neçə dəfə etirazını bildirib: “Mən əvvəldən dedim ki, məhkəməyə mütəxəssis dəvət olunsun. Burda söhbət böyük məbləğlərdən gedir. Mütəxəssisin gəlməyini ona görə istəyirdim ki, bu rəqəmlərə aydınlıq gətirsin. Aşkarlanan mənimsəmə faktlarının konkretləşdirilməsi üçün anbarlara baxış keçirilməlidir, aşkarlanan yeyinti faktları dəqiq hesablanmalıdır. Bu rəqəmlər Cəmil Musayevin (icra hakimiyyətinin baş mühasibi olub, ibtidai istintaq zamanı icra başçısının əleyhinə ifadə verib – red.) izahatları əsasında yazılıb. Aktda göstərilib ki, İmişli rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə 4 milyon 879 min manat ayrılıb. Amma bu məbləğin nə qədəri mənimsənilib, nə qədəri xərclənib, o rəqəm dəqiq göstərilməyib”.
Vəkil aktlarla bağlı yazılı və şifahi formada vəsatətlər hazırlamaq üçün hakimdən möhlət istəyib.
Hakim növbəti məhkəmə iclasını iyunun 17-nə təyin edib.
Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Keçmiş icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Onun məhkəməsi bu il martın əvvəlində başlayıb, zərərçəkmiş və şahidlər dindirilib, iyunun əvvəli özü də ifadə verib, hazırda məhkəmə sənədləri tədqiq edir.
Açıq mənbələrdən götürülüb
Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi
Açıq mənbələrdən götürülüb
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb