Siyasət

Xüsusi təyinatlı döyüşçü Vüqar Həsənli: “Ermənilər bir də gözlərini açdılar ki, biz artıq Şuşadayıq”

8 Dekabr, 2020
2319
"Biz atəş gələn tərəfə gedirdik. Ermənilər ən çox buna təəccüblənirdilər ki, biz necə heç nəsiz onların üstünə gedə bilirik’’.

Şuşa şəhərinin işğaldan azad olunmasında iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü Vüqar Həsənli "Toplum TV"-yə belə deyir.

25 yaşlı Vüqar Ordubad rayonunun Darkənd kəndində anadan olub.  O, 6 ildir ki, Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrində xidmət edir. 

İkinci Qarabağ savaşı başlayandan 15 gün sonra onları Qarabağa göndəriblər.  Oktyabrın 19-da isə Hadrut istiqamətində ilk döyüşlər başlayıb. 
 


Vüqarın sözlərinə görə, qarşı tərəfin yüksəkliklərə nəzarət etməsi  və  əraziyə yaxşı bələd olması onlara çətinlik törədib, Hadrutun Mamedzor  yüksəkliyində xeyli  itki veriblər.  

Sonra Hakaku, Tuğ kəndlərini  azad edib  oktyabrın 24-dən  Şuşaya doğru irələliməyə başlayıblar. 

"Hava dumanlıydı, gecə saat 4 olardı. Şuşaya yaxınlaşırdıq, onlar da Daşaltı yolunda bizi gözləyirlərmiş. Yüksəklik onlardaydı deyə, yuxarıdan bizi atəşə tuturdular. O gün səhər 6-ya qədər pusquda qaldıq. Sonra biz də onlara atmağa başladıq. Əraziyə nəzarət baxımından üstünlük onlarda olsa da, bizim canlı qüvvəmiz çox idi. Biz 300 nəfər idik, onlar 40-50 nəfər olardı. Döyüş başlayandan sonra bəziləri öldü, qalanları da qaçıb getdilər’’.  

Vüqar deyir  ki, Daşaltı yolunda  qarşı tərəf  minaatanlardan atmağa başlayıb deyə, orda itki çox olub.  

"O döyüşdə  Nurlan adlı əsgər məndən kömək istədi. Qayalara dırmaşırdıq, mən yuxarıda idim,  o,  aşağıda qalmışdı. Silahını mənə uzatdı ki,  kömək elə, məni yuxarı dart. Mən bunu etməyə çalışanda əli sürüşdü, silahı buraxdı. Silahını təkrar ona uzatdım,  yenə qalxa bilmədi. 10-15 metr aralıda yaralı bir döyüşçü vardı,  o da kömək istəyirdi,  mən ona sarı gedəndə   Nurlan bir də çağırdı ki, Vüqar,  kömək elə. Ona tərəf gedəndə yaralı döyüşçünün üstünə minaatanın mərmisi düşdü, parça-parça oldu... Nurlanın yanına qayıtmasaydım, yəqin mən də öləcəkdim’’. 

Vüqargil noyabrın 5-də Şuşanın girəcəyinə çatıblar. Orda onları ermənilərin ağır texnikası  gözləyirmiş. 

"Biz meşədə, yolun aşağısında mövqelərimizi tutmuşduq, qaranlığın düşməsini gözləyirdik ki, hücuma keçək.  Axşam 7-də yola düşdük, amma irəliləmək elə də asan olmadı. Sərt qayalıqlar, sıx meşələr, tikanlı kollar çətinlik yaradırdı’’. 

Vüqar danışır ki, Azərbaycan ordusunun  hücumundan sonra Şuşanın girəcəyində gözləyən  erməni hərbi qüvvələri 2  yerə ayrılaraq sağ və sol istiqamətlərə yönəlib, bəziləri qaçmağa başlayıb. 

Şəhərin girəcəyində  ələ keçirdikləri mövqelər  az sonra minaatanlardan atəşə tutulub, onlar qayalıqlara çəkilməli olublar. Ardınca ermənilər  aviasiya zərbələri endirməyə başlayıblar. 

"Onlar bizi 2 istiqamətdən gözləyirdilər - qayalıq və həbsxana tərəfdən. Biz həbsxana istiqamətində irəlilədik. Yolun kənarlarındakı səngərlərdə gizlənmişdilər. Amma heç də onların düşündüyü kimi olmadı, onların arxasından fırlanıb Şuşaya girdik. Bir də ayıldılar ki, biz artıq şəhərdəyik’’. 

Vüqarın sözlərinə görə, bundan sonra ermənilər  şəhərə zirehli texnika yeridiblər:

‘’Bizim üstümüzdə ancaq yüngül silahlar vardı, ona görə də gizlənməli olduq. Qarşılıq versəydik, itkilərimiz çox olacaqdı. Gecə bizə arxadan kömək göndərdilər, elə həmin silaharla ermənilərin bir hissəsini sıradan çıxara bildik, qaçanları isə Xankəndi istiqamətində gözləyən qoşunlarımız məhv etdi. 
Bizim qoşunların bir hissəsi Şuşa-Xankəndi yolunu nəzarətə götürmüşdü, həm o tərəfdən gələn köməyin qarşısını alırdılar, həm də Şuşadan  qaçanları yaxalayırdılar’’.

Mövqe və silahlanma baxımından daha üstün olan ermənilərdən bir nəfərin də sağ çıxmadığını deyən Vüqar qalibiyyətin  əsas səbəbini  özlərinin  vətənpərliyində görür. 

"Deyib-güldüyün adamların nəşini çiynində daşıdıqca, onları meyit maşınlarına qoyub yola saldıqca,  qisas hissi güc gəlirdi... Qorxmurduq, atəş açdıqları tərəfə - üstlərinə yeriyirdik. Texnikalarını ələ keçirib onların özlərinə qarşı istifadə edirdik’’. 
 


Noyabrın 6-da Şuşaya bayraq sancılıb, 7-nə qədər isə şəhər erməni silahlılarından tamamən  təmizlənib. Buna baxmayaraq Xankəndindən hücumlar davam edib.
Ayın 10-da müharibənin bitdiyindən  xəbərsiz olan xüsusi təyinatlılar Xankəndi istiqamətində irəliləmək barədə əmr gözləyirlərmiş.

"Tapşırığa əsasən həbsxana istiqamətindən Xankəndinə hücuma keçəcəkdik. Hazır dayanmışdıq. Səhər saat  5-də komandirimiz  məlumat verdi ki, müharibə dayanıb. Düzü, buna inanmadıq. Radionu açıb bəyanatın şərtlərinə qulaq asdıq, gördük, doğrudan da müharibə bitib’’. 

Vüqar  17 gün ailəsinə  zəng etməyə imkan tapmayıb.  Bunu ancaq atəşkəsdən sonra edə bilib. 

"Mən evə qayıdacağımı heç düşünmürdüm. Amma fikirləşəndə ki,  ailən səni  gözləyir,  onda qayıtmaq istəyirsən’’. 

Vüqar döyüş yoldaşları haqqında çox danışa bilmir. Ancaq biri haqqında söz açır, dərin kədərlə:

"Bir gün quzu kəsmişdik,  onun ətini qaynadırdıq. Samir adlı oğlan vardı, bir yerdə oturmuşduq. Mən ətin suyundan içdim,  o da həvəslənib dadına baxdı, çox xoşuna gəldi. O vaxta qədər onu tanımırdım. Söhbətimizdən sonra  daha yaxın münasibət qurduq. Bir neçə gün sonra Şuşa yolunda irəliləyirdik. Ayrı-ayrı dəstələrdəydik, arabir yollarımız kəsişirdi. Məni görəndə gülə-gülə  dedi ki, ətin suyu olsa, içərdik. Mən də dedim ki, sağlıq olsun,  səni  Naxçıvanda qonaq edəcəm. Söhbətin üstündən heç yarım saat keçmədi ki,  Samirin şəhid olduğunu dedilər..."
 

 
Şuşa bir ay öncə bu gün azad edilmişdi. Bakının mərkəzi üçrəngli bayrağımızın rənglərinə qərq olmuşdu. Üzlər sevincli, qəlblər kövrək idi, 28 illik həsrət sona yetmişdi. 

Aytac Məmmədova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Böyük Britaniya azərbaycanlı deputatın əmlakını dondurub

23 Fevral 2024

Açıq mənbələrdən götürülüb

London Ali Məhkəməsi azərbaycanlı deputat Cavanşir Feyziyevə və onun xanımına məxsus 39 milyon funt sterlinq dəyərindəki 22 daşınmaz əmlaka həbs qoyub. Toplum TV "Turan" agentliyinə istinadən xəbər verir ki, əmlaklar ötən ilin iyun ayında dondurulub.  OCCRP-in (Korrupsiya və mütəşəkkil cinayətkarlığı Araşdırma Mərkəzi) dərc etdiyi sənədlərə görə, bu müddət ərzində Feyziyev Londonda daşınmaz əmlakın alınması üçün vəsaitin qanuniliyi barədə sorğulara cavab verməyib. https://toplum.tv/siyaset/pxaricdeki-vetendaslarini-hedefe-alan-oumllkeler-azerbaycanin-da-adi-ccedilekilirnbspp Dondurulmuş əmlaklar arasında ən bahalı əmlak "Chelsea Barracks" kompleksində dəyəri 26 milyon funt sterlinqdən (33,4 milyon dollar) çox olan iki rezidensiyadır.   Dondurulmuş digər mülklər arasında Ricents-Parka mənzərəsi olan mənzil, həmçinin Londonun şimal-qərbindəki yaşayış kompleksində 19 mənzil var....
Siyasət

Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb

23 Fevral 2024

Rəsmi səhifə

Xocalı rayonunda ən azı 4 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar edilib. Toplum TV xəbər verir ki, bu barədə fevralın 23-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, Xocalı şəhərinin mərkəzində həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış insan qalıqları aşkarlanıb.  https://toplum.tv/siyaset/permenistanin-azerbaycan-ordusunun-moumlvqelerini-atese-tutdugu-bildirilirp Ərazidə aşkarlanan qalıqlarının birinin 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir. Aşkarlananların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib. Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir. Qeyd olunub ki, axtarış işləri tam yekunlaşdıqdan və ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumat...

Seçilmiş Videolar

Toplum TV loqo